Teleqraf.com əməkdar artist Manana Caparidzenin müsahibəsini təqdim edir.
- Manana xanım, Gürcüstanda filmə çəkilirsiniz. Film çəkilişlərinə nə vaxt başlamısınız?
- Bəli, Gürcüstanda çox maraqlı filmə çəkilirəm. Filmi gürcü rejissoru çəkir və komediya janrındadır. Orada görkəmli sənətkarımız Polad Bülbüloğlu, Murad Dadaşov də iştirak edir. Filmdə Gürcüstan və Belorusdan da aktyorlar çəkilib. Filmin saundtreiki də mənim ifamda olacaq və o mahnıya klip də çəkdirəcəyik. Yayda çox az - 7-8 gün dincəldim. Ailəm ilə birlikdə Gürcüstana, Qara Dəniz sahillərinə getmişdik. Filmə çəkilmək mənim üçün çox maraqlı və məsuliyyətli işdir. Filmin çəkilişləri bitməyib və yaxın günlərdə Bakıda da davam edəcək. Çəkilişlərin çox hissəsi Gürcüstanda olub, bir epizod qalıb. Ekran əsəri bitdikdən sonra Gürcüstan, Azərbaycan və Belorusda böyük premyerası olacaq. Professional çəkiliş baxımından çox ciddi bir film olacaq və düşünürəm ki, tamaşaçılar bəyənəcəklər. Türkiyə, Moskva və digər xarici ölkələrə də qastrol səfərlərim olacaq. Onu da deyim ki, Azərbaycanda yeni bir filmə də çəkiləcəm. Hazırda danışıqlar gedir. Bu film də komdiya janrında olacaq. Orada mənə epizodik deyil, baş rol veriləcək. Bir aydan sonra bu haqda daha dəqiq məlumat verəcəm.
- Filmin ssenarisi haqqında məlumat verə bilərsiniz?
- Hər şeyi qabaqcadan açıqlamaq istəmirəm. Amma onu deyə bilərəm ki, "Robinzon Kruzo" filminin yeni variantını çəkirik. Filmin adını isə premyerası zamanı açıqlayacağıq. Ekran əsəri Gürcüstan və Belorus kinotearlarında nümayiş etdiriləcək. Eləcə də Azərbaycanda ATV-də yayımlanacaq.
- Aktrisa kimi filmdə oynamaq sizin üçün çətin olmadı ki?
- Filmdə epizodlarıma bir dubl ilə çəkildim. Rejissor deyirdi ki, super, sözüm yoxdur. Beləliklə, məndən çox razı qaldı. Gürcüstanda Almaniya Caz Akademiyasının vokal şöbəsində təhsil almışam. Amma ondan əvvəl sənədlərimi Rustaveli Teatrına verib, imtahanlarımı yüksək səviyyədə vermişdim. Uşaq vaxtından ifa etdiyimə və qastrol səfərlərə çox getdiyimə görə, orada təhsilimi davam etdirmədim. Ona görə də rektordan xahiş etdim ki, sənədlərimi teatrdan götürüm. Rektor mənə deyirdi ki, aktyorluq zaman gələcək sənə lazım olacaq və aktyor kimi çox gözəl obraz oynayacaqsan. Necə ki, hazırda lazım oldu...
- Yoldaşınız milliyyətcə gürcüdür. Hazırda daha çox Azərbaycanda, yoxsa Gürcüstanda yaşayırsınız?- Bəli, yoldaşım gürcdür, amma Bakıda yaşayırıq. Düzdür, yoldaşımın biznesi Gürcüstandadır və oraya tez-tez gedib gəlir, nəzarət edir. Və düşünürəm ki, bu normal bir haldır. İnsanlar var ki, xarici ölkələrə gedirlər, amma mənim yoldaşım öz vətəninə gedir. Ancaq Azərbaycan vətəndaşıdır və Bakıda yaşayır. Gürcüstanda isə işi ilə bağlı nə lazımdırsa, edir. Orada bir neçə evimiz də var.
- İkinci dəfə ana oldunuz, bir qızınız və bir oğlunuz var. Uşaqlarınızla hansı dildə danışırsınız?- Bəli oğlumun 1, qızımın isə 7 yaşı var. Biz ailədə ancaq gürcü dilində danışırıq. Qızım bu il ikinci sinifə gedəcək və ingilis məktəbinə gedir. Gürcü, ingilis dilində yaxşı danışır. Yaşı az olduğuna görə dilləri az-az öyrənir. Təbii ki, Azərbaycan dilini də öyrənir, Azərbaycan dilində mahnı ifa edir. Mahnının tərcüməsini mən edirəm, sözləri o qədər yaxşı mənimsəyir ki, buna təəccüblənir və çox sevinirəm. Amma Azərbaycan və rus dilində az bilir. Evdə telefonda Azərbaycan dilində danışanda mənə qulaq asır və sonra sözlərimi təkrarlayır. İkinci-üçüncü sinifdən müəllimlər vasitəsilə Azərbaycan dilini öyrənməlidir. Əminəm ki, bu dildə məndən də yaxşı danışacaq. Və inşallah, onunla fəxr edəcəm. Qızım hazırda tennisə, gürcü rəqsinə, vokala gedir. Gürcüstan televiziyalarında 5-10 dəfə efirə çıxıb. Mənimlə "Frozen" cizgi filminin saundtrekini ifa etdib. Mahnı oxumağa da davam edir. Əvvəlcədən gələcəkdə hansı peşənin sahibi olması haqqında danışmaq çətindir. Həkim də olmaq istəyir. Çünki anam əvvəl həkim olub. İstedadlı qızıdır. Vokal müəllimləri ondan çox razıdırlar və deyirlər ki, bu sənəti davam etdirməlidir. Mən də düşünürəm ki, bu sahədə davam etsin. Bir azdan fortopianoya da qoyacağıq. Musiqi ilə məşğul olacaq. İdmanla isə çoxdan məşğuldur. Müəllimləri də deyirlər ki, çox ağıllı qızdır. Valideyn olaraq fəxr edirik ki, belə övladımız var.
- Uşaqlarınıza çox vaxt ayıra bilirsinizmi?
- Düşünürəm ki, həyatda hər şey sevgidən başlayır. Və ona görə də övladlarıma çox vaxt ayırıram və sevgimi verirəm. Mənə də onların sevgisi həyatda, sənətdə, səhnədə çox kömək edir. Həyatımı sevgisiz təsəvvür edə bilmirəm. Ürəyim həmişə uşaqlarımın yanındadır və düşünürəm ki, normal ailələrdə belə olmaldır. Ailə qurandan sonra ailəni, subay vaxtlarında isə kariyera və işini düşünürsən. İnsanın həyatında ailə qurduqdan sonra hər şey dəyişir, uşaq dünyaya gəlir, daim onların yaxşı olmasını düşünürsən. Qeyd edim ki, ailədə və sənətdə çox uğurlu insanam. Səhnəyə çıxanda sevgi ilə çıxıram və o sevgini tamaşaçılarıma ötürməyə çalışıram. Çalışıram ki, hamı xoşbəxt olsun, sevinsin. Bu sevgi də ailədən gəlir. Çünki ailəm hər zaman məni dəstəkləyir. Ümumiyyətlə, uşaqlıq illərimdən bu günə qədər ailəm mənə dəstək olub. Atam rəhmətə getdikdən sonra, anam əlindən gəldiyi qədər məni dəstəklədi, kömək etdi, daim yanımda oldu. Bu il Georgi ilə bir yerdə yaşamağımız 8 il olacaq. Onunla sevgi əsasında ailə qurmuşuq. Allah bizim ailəmizi qoruyur və sevgimiz ilk günlərdəki kimidir. Bir- birimizi çox başa düşürük və dəstəkləyirik, hörmət edirik. Sevgi həyatda çox vacibdir.
- Georgi, sənətinizi davam etdirməyə icazə verməsəydi, neynəyərdiniz?
- Əsas odur ki, biz xoşbəxtik. Amma Georgi çox yaxşı insandır və ilk baxışdan onun haqqında təsəvvürüm necə idisə, elə də qalıb. O mənimlə tanış olanda bilirdi ki, Manana kimdir, hansı ailədən gəlir, sənəti nədir və sənətə hansı yolla gəlib. O mənim işimə hörmət etdiyinə görə sənətimi qəbul elədi. Georgi mənə çalışqan və sənətinə hörmət edən insan kimi baxır. O yolu bilən bir insan necə deyə bilərdi ki, Manana evdə otur. Əksinə o məni çox dəstəklədi. Çünki məni həyatda xoşbəxt, uğurlu insan kimi görmək istəyir, bunun üçün əlindən gələni edir.
- Azərbaycanda yeganə müğənnisiniz ki, qalmaqallsız məşhur oldunuz və Azərbaycan xalqı tərəfindən sevildiniz. Uzun illər bunu necə bacardınız?
- Bəli, çünki öz işimlə məşğul olan insanam. Kim Allahından, həyatından, sənətindən razıdırsa, həmişə öz işi ilə məşğul olur. Ümumiyyətlə, çalışqan insanlar ətrafdakı insanların onun haqqında nə düşünməsinə fikir vermir. Hər insanın daxilində yaxşı xüsusiyyətlər var və insanlarda onu görməyə çalışıram. Anama “çox sağ ol” deyirəm ki, hər zaman mənim yanımdadır. Qismətimə görə Allahıma şükür edirəm. Mənim də həyatımda çətinliklər çox olur, amma yenə pis düşüncələrdən uzaq olmağa, pozitiv enerji ilə yaşamağa çalışıram. İnsan yaxşı olmaq və yaxşı insanlarla qarşılaşmaq istəyirsə, pozitiv enerji ilə yaşamalıdır. Əsl sənətlə məşğul olan insan üçün qalmaqal nəyinə lazımdır? Daha çox uşaqlarım, yoldaşım, anam, sənətim haqqında düşünürəm. İnsanın işi olanda və özünü xoşbəxt hiss etdikdə digər xoşagəlməz hallar yaşaması nəyə lazımdır? Onsuz da həyat qısadır. Qardaşım 22 il əvvəl dünyasını. Atam da vəfat etdi. Həyat çox qısadır və ona görə yaxşı yaşamaq lazımdır. Və düşünürəm ki, qalmaqal istedadsız insanlara məxsusdur. İstedadsız insan sözünü deyə bilmədiyinə görə nə isə etməyə çalışır. O onların həyatıdır, onunla xoşbəxt olurlar və onların həyatına qarışmıram.
- Yoldaşınız bizneslə məşğuldur. Siz də gələcəkdə “Biznes ledi” olmaq istəyir və bizneslə məşğul olursunuzmu?
- Yoldaşım bizneslə, mən sənətimlə məşğulam. Gələcəkdə “Biznes ledi” yox, əsl sənətkar olmaq istəyirəm. Biznes gəlib, gedən bir şeydir. Ən əsası musiqi ilə məşğul olub, sənətkar olmaq üçün çalışmaq lazımdır. Bir eksklüziv xəbəri də deyim ki, oktyabrda Azərbaycan dövlət televiyasında "Azərbaycanın səsi" layihəsi başlayacaq və mən orada münsiflər heyətində iştirak edəcəm. Verilişə çox ciddi hazırlıq görülür.
Rəqsanə Həsənova