20 Oktyabr 2015 19:14
972
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yaddan çıxarmaq olmaz ki, hətta hələ Sovet dövründən Yaxın Şərqdəki münaqişələrin nüvəsi Fələstinlə İsrail problemidir. Bu, uzun illər ərzində davam edən bir problemdir və onu həll edən qüvvə indiyədək tapılmayıb. Soyuq müharibə dövründə bu iki dövlətin hərəsinin arxasında müəyyən qüvvələr dayanırdı. İndi SSRİ yoxdur, amma təbii ki, Fələstini dəstəkləyən qüvvələr indiyədək var. Bu məsələ çox mürəkkəb və ciddidir. İsrail öz təhlükəsizliyini qorumaq fikrindədirsə, gərək fələstinlilərə müəyyən güzəştlər etsin, elə siyasət aparsın ki, fələstinlilər daha normal şəraitdə yaşasınlar, dövlətlərini yaradıb, öz daxili və xarici siyasətlərini həyata keçirə bilsinlər. Əks halda İsrail uzun illər problemlər yaşayacaq. Çünki güzəştə getməməsi, sərt siyasətin aparılması və hərbi gücdən istifadə olunması sülhə gətirib çıxarmayacaq”.

Bunu qəzetimizə müsahibəsində politoloq, Qərb Universitetinin professoru, keçmiş diplomat Fikrət Sadıxov deyib. Müsahibəni təqdim edirik:

- Fikrət müəllim, ötən həftə Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Qazaxıstanda səfərdə idi. Beynəlxalq terrorizmlə mübarizəyə dair dövlət başçılarının bəyanatı oldu. Bu iclası necə şərh edərdiniz?
- MDB çərçivəsində qəbul olunan qərarlardan daha çox dövlət başçılarının çıxışları haqqında danışmaq olar. Xüsusilə, Azərbaycan Prezidenti iclasda kifayət qədər mühüm fikirlər səsləndirdi. O, əvvəla qeyd elədi ki, Azərbaycan terrorizmə qarşı mübarizə aparmaq fikrindədir və bu məsələdə həmişə qabaqcıl ölkələrlə bir yerdədir. Həmçinin milli valyutaya keçid məsələsi müzakirə olundu. Hesablaşmaları milli valyutalarla aparmağa keçid məsələsinin araşdırılması istiqamətində fikir mübadilələri oldu. Bu barədə konkret qərar qəbul olunmasa da, özlüyündə mühüm addım sayıla bilər. Azərbaycan neft-qaz ölkəsi olduğuna görə bizim üçün bu, çox önəmli amildir. Eyni zamanda regionun təhlükəsizlik məsələləri müzakirə edildi. Azərbaycan öz mövqeyini açıq və aydın şəkildə bildirdi.

- Sözügedən iclası media İŞİD-ə qarşı mübarizə iclası kimi xarakterizə edirdi. Bu gün beynəlxalq aləm bu terror qruplaşması ilə mübarizə aparır. Mübarizənin nəticəsi üçün hansı addımlar atılmalıdır?
- İŞİD radikal islamçı qruplaşma kimi sivil dövlətlərə təhlükədir. Bunu bir sıra dövlətlər yaxşı dərk edir. ABŞ bundan əvvəl Suriyada öz mübarizəsini aparırdı.

ABŞ-ın hərəkətlərinin arxasında İŞİD-ə qarşı mübarizədən daha çox Bəşər Əsədi devirmək fikri özünü qabarıq şəkildə göstərirdi. Rusiyanın hərəkətlərində isə həm İŞİD-ə qarşı mübarizə, həm də Əsəd rejiminin saxlanması mövqeyi hiss olunur. Azərbaycan birbaşa bu təhlükə ilə üzləşməyib. Ölkəmizə qarşı başqa təhlükələr var. Dağlıq Qarabağ məsələsi həll olunmayıb. Ermənistanın Azərbaycana qarşı işğal siyasəti bizi daha çox narahat edir və hər zaman bu istiqamətdə öz mövqeyimizi bildiririk. Eyni zamanda başa düşürük ki, İŞİD elə qüvvədir ki, onun qarşısı alınmasa, əhatə dairəsi genişlənə bilər, Şimali və Cənubi Qafqaza qədər gəlib çıxarlar. Bu haqda bəyanat da səsləndirmişdilər. Fikrimə, aparıcı dövlətlər İŞİD-in məhv olunmasını Bəşər Əsədin devrilməsindən daha mühüm məsələ saymalıdır.

- Suriyada qaçqın böhranı yaşanır. Qaçqınların bir çoxu Avropaya üz tutsa da, adekvat reaksiya verilmir. Bu məsələnin həllini necə görürsünüz?
- Bir məsələni diqqətə çatdırmaq istərdim, vaxtilə 1990-cı ilin əvvəlində Ermənistandan və işğal olunmuş Azərbaycan rayonlarından 1 milyon qaçqın Bakıya üz tutanda Avropa çox açıq şəkildə biganəlik nümayiş etdirdi. Biz həmin şəraitdə qaçqın problemi ilə üzləşmişdik. İndi Avropa özü bu problemlə qarşılaşıb və başını itirib. Əvvəla, Avropa ölkələrinin arasında birlik yoxdur, vahid mövqe müşahidə olunmur. Şərqi Avropa bir mövqe, Qərbi Avropa başqa mövqe ifadə edir. Qaçqınların bir hissəsini yerləşdirsələr də, qərar veriblər ki, qaçqınların böyük qismi Avropanı tərk edib öz ölkələrinə qayıtsınlar. Bu isə qeyri-real addımdır. Qaçqın düşən qadınlar öz uşaqları ilə münaqişə zonasına qayıda bilərmi? Bu, siyasi düşüncəyə layiq olmayan qərardır. Düşünürəm ki, Avropa ölkələri bu problemi həll etməyə məcbur olacaq. Yaddan çıxarmayaq neonasist qüvvələr Almaniyada baş qaldırıb, bu kontekstdə islamafob qüvvələr güclənib. Artıq müttəfiqlər arasında toqquşmalar da baş verir. Avropa biganəlik siyasətini həyata keçirməsi nəticəsində belə ciddi problemlərlə üzləşib. Bu problem yaxın gələcəkdə həll olunmayacaq.

- Qaçqın böhranında ən güclü dəstəkçi ölkə Türkiyə idi. Yeri gəlmişkən, Almaniya kansleri Angela Merkel Türkiyənin Avropa Birliyinə üzvlük məsələsinin sürətlənməsi istiqamətində çıxış edib. Bu bəyanatı necə qiymətləndirirsiniz?
- Qaçqınlarla bağlı problemlər yarananda ilk məskunlaşma Türkiyə ərazisində idi. Hazırda Türkiyədə Suriyadan 2 milyonadək qaçqın var. Türkiyə Avropadan daha çox mürəkkəb vəziyyətə düşüb. Avropa başa düşür ki, yaranmış vəziyyətdə Türkiyənin rolu kifayət qədər böyükdür. Türkiyə Suriya ilə sərhəddə yerləşir və Suriyada baş verən münaqişədən əziyyət çəkir. Raketlər Türkiyə ərazisinə düşüb, təyyarələr Türkiyənin hava ərazisini pozub. İndi İŞİD-çilər Türkiyəyə hədə-qorxu gəlir və böyük təhlükədir. Türkiyə NATO-nun əsas qüvvəsidir, ABŞ ordusundan sonra Türkiyə ordusu böyük ordudur. Avropa dərk edir ki, Türkiyənin bu məsələlərin həllində rolu əhəmiyyətlidir. Merkelin bəyanatına gəlincə, hesab etmirəm ki, yaxın zamanlarda Türkiyəni Avropa Birliyinə üzv qəbul etsinlər. Amma bunu öz-özlüyündə Türkiyənin Avropaya yaxınlaşması prosesi kimi qiymətləndirmək olar.

- Noyabrın 1-də Azərbaycanda parlament seçkiləri keçiriləcək. Həmçinin Türkiyə də həmin tarixdə erkən seçimlərə gedir. Türkiyədəki seçkilərlə bağlı proqnozlarınız necədir?
- Azərbaycanla Türkiyədə parlament seçkiləri eyni günə düşsə də, iki ölkə arasındakı siyasi durum xeyli dərəcədə fərqlidir. Biz Türkiyə kimi problemlərlə üzləşməmişik, parlament seçkilərini normal şəraitdə keçirəcəyik. Türkiyədə faktiki olaraq daxili sabitliyi pozmaq istəyən qüvvələr kifayət qədər çoxdur. Orada terror aktları törədilir, PKK, İŞİD təhlükəsi var, partiyalar arasında birlik yoxdur. İkinci dəfə keçirilən parlament seçkiləri o deməkdir ki, hakim partiya hökuməti özbaşına qura bilmədi. Düşünmürəm ki, Ədalət və İnkişaf Partiyası asanlıqla parlamentdə çoxluq qazansın. Çünki vəziyyət kifayət qədər gərgindir.

- Budəfəki parlamentdə hansı partiya üstünlüyü ələ alacaq?
- AKP üstünlük təşkil edəcək, amma onun keçmişdəki kimi çox səs toplaması şübhə altındadır. Söhbət faiz nisbətindən gedir. Təbii ki, hakim partiya birinci yerə çıxacaq, amma Milliyyətçi Hərəkat Partiyası ilə koalisiya hakimiyyəti yaratmaq məcburiyyətində qalacaq, bəlkə də başqa partiyanın nümayəndəsi də ora daxil oldu. Əks halda hökumətin formalaşması mümkün olmayacaq.

- Ötən həftə Türkiyədə terror aktı ölkə tarixində ciddi hadisə kimi dəyərləndirilir. Bu hadisəni PKK, İŞİD-ə bağlayanlar oldu, xarici qüvvələrin sifarişi versiyası da səsləndi. Bəs, Sizin bu məsələdə qənaətiniz necədir?
- Bu terror aktı o qədər peşəkarlıqla həyata keçirilib ki, xüsusi-xidmət orqanları indiyədək bir ehtimala gələ bilmirlər. Hələlik versiyalar çoxdur. PKK və İŞİD-çilər arasındakı versiya daha güclüdür. Terror aktı törədənlər icraçıdır. Onların arxasında hansı siyasi qüvvənin dayandığı maraqlıdır. Kim, hansı xarici qüvvələr Türkiyədə stabilliyi pozmaq istəyir? Biz bilirik ki, Ərdoğana qarşı xaricdə və bölgədə müəyyən narazılıq ifadə olunur, daxildə də onun siyasi kursuna qarşı tənqidlər səslənir. Təbii ki, icraçılar və terror hadisəsinin icrasının arxasında dayanan qüvvələr birmənalı şəkildə adlarından asılı olmayaraq hakim qüvvənin hakimiyyətdən getməsinin tərəfdarlarıdır.


- BMT baş katibi Pan Gi Mun Yaxın Şərqdə zorakılıq hallarının artması ilə əlaqədar İsrail və Fələstin xalqlarına müraciət edib. Bu müraciətin bir xeyri olacaqmı?
- Son zamanlar Yaxın Şərqdə gedən proseslər bir sıra ekspertlərin fikrini İsrail-Fələstin münaqişəsindən yayındırıb. Yaddan çıxarmaq olmaz ki, hətta hələ Sovet dövründən Yaxın Şərqdəki münaqişələrin nüvəsi Fələstinlə İsrail problemidir. Bu, uzun illər ərzində davam edən bir problemdir və onu həll edən qüvvə indiyədək tapılmayıb. Soyuq müharibə dövründə bu iki dövlətin hərəsinin arxasında müəyyən qüvvələr dayanırdı. İndi SSRİ yoxdur, amma təbii ki, Fələstini dəstəkləyən qüvvələr indiyədək var. Bu məsələ çox mürəkkəb və ciddidir. İsrail öz təhlükəsizliyini qorumaq fikrindədirsə, gərək fələstinlilərə müəyyən güzəştlər etsin, elə siyasət aparsın ki, fələstinlilər daha normal şəraitdə yaşasınlar, dövlətlərini yaradıb, öz daxili və xarici siyasətlərini həyata keçirə bilsinlər. Əks halda İsrail uzun illər problemlər yaşayacaq. Çünki güzəştə getməməsi, sərt siyasətin aparılması və hərbi gücdən istifadə olunması sülhə gətirib çıxarmayacaq. Pan Gi Munun çağırışı ritorik bəyanatdır. BMT-nin baş katibi vaxtaşırı müxtəlif münaqişələrlə bağlı ritorik çağırışlar səsləndirir. Ancaq təəssüflər olsun ki, hansısa ölkə bu bəyanatdan nə faydalanır, nə də bir nəticə çıxarır.

Nərgiz Ehlamqızı


Müəllif:

Oxşar xəbərlər