Teleqraf.com YUĞ teatrının aktrisası Yaqut Paşazadə ilə müsahibəni təqdim edir:
– Söhbətimiz Vaqif İbrahimoğlunun anım gününə təsadüf edir. Maraqlıdır, Yaqut Paşazadə Vaqif müəllimin tələbəsi olmasaydı, onun teatrında çalışmasaydı, necə aktrisa olardı?
– Mən Vaqif müəllimin tələbəsi, onun teatrının aktrisası olmasaydım, yəqin ki, heç aktrisa olub bu sənətdə qalmayacaqdım. Mənim aktrisalığa nə qədər sevgim, həvəsim var idisə, bir o qədər basqılarım vardı. Valideynlərim bu sənətdə qalmağımı istəmirdilər. Özüm də bu sənətə gələndən sonra bu ab-havada, atmosferdə elə şeyləri görürdüm, fikirləşirdim ki, mən bu xarakterlə sənətdə qala bilərəmmi? Bu, qorxu deyildi, narahatlıq idi. Əgər Vaqif İbrahimoğlu olmasaydı və məni YUĞ teatrına gətirməsəydi, mən aktrisa olmazdım.
Yəni mən bu xarakterlə başqa teatrda işləyə bilməzdim. Mən bu sözü deməklə başqa teatrları aşağılamıram. Sadəcə, YUĞ ayrıca bir ailə kimidir. Mən öz qayda-qanunlarımla, xasiyyətimlə başqa yerdə bacarmazdım.
– Hansı xüsusiyyətlərinizə görə düşünürsünüz ki, başqa teatrda işləyə bilməzdiniz?
– Mənim özümə güzəştə getməyəcəyim şeylər olacaqdı. O güzəştlər olmayandan sonra mən bu sənətdə qala bilməzdim. Ümumiyyətlə, çox kompleksli insan olmuşam. Amma bu teatra gələndən onlara qalib gəlmişəm. Daha sonra ailə qurdum və bir az da azad oldum. Qızım olandan sonra isə özümü daha rahat hiss eləməyə başladım.
– Bəlkə, bu, sənətçi ailəsinə düşməyinizlə bağlı olub? Başqa bir evdə gəlin olsanız, əl-qolunuz daha da bağlanardı yəqin ki...
– Bəlkə də. Öz ailəmizdə nə qədər xoşbəxt olsam da, qadağalar var idi. Mən bilirdim ki, müəyyən vaxtdan sonra mütləq evdə olmalıyam, amma teatrda işləməklə mənim o qaydalara riayət etməyim çətin idi. Atam-anam indi aktrisa olmağıma nə qədər sevinirlərsə, o vaxt o qədər qarşı çıxırdılar. Amma bu narahatlığı mən öz övladım böyüdükcə başa düşürəm. Onlar bütün çətinlikləri, problemləri, kənardan verilən reaksiyanı görürdülər. Fikirləşirdilər ki, qızdı, adına nəsə deyilər, haqqında nəsə düşünərlər? Ancaq qayınatam özü aktyor idi, Mədəni Maarif Texnikumunda dərs deyirdi, həyat yoldaşım rejissorluq fakültəsini bitirmişdi. Mən aktrisa üçün lazım olan azadlığı məhz onların yanında tapdım.
– Yəqin ki, hər ikinizin sənət adamı olmasının yaxşı tərəfləri olduğu kimi, çətin tərəfləri də var. Siz eyni sənəti, eyni teatrı bölüşürsünüz. Hansı məqamlarda qarşı-qarşıya gəlirsiniz?
– Tərlanla müəllimlə (Həyat yoldaşı, YUĞ teatrının direktoru Tərlan Rəsulov) sənət barədə danışanda dalaşırıq. Fikir ayrılığımız, üst-üstə düşməyən baxışlarımız olur. Nə mən güzəştə gedirəm, nə o. İkimiz də qəti olaraq fikrimizdə qalırıq. Belə olanda da mütləq söhbətimizin axırı davaya gəlib çıxır. Axırda qızım bir bəhanəylə araya girib bizi sakitləşdirir.
İşdə ailə münasibətlərini 70-80 faiz unuduruq. Elə bil, bir ailənin adamı deyilik, bir teatrın işçiləriyik. Hətta bir tamaşada bəzi hərəkətləri çəkinə-çəkinə edirdim. Daxili baxışdan sonra Tərlan müəllim dedi ki, bunu ya elə, ya eləmə. Qorxa-qorxa iş görməzlər. Yoxsa mənə desin ki, filan şeyi eləmə, mənə pis gəlir, bizdə bu yoxdur. Mənə dəstək olur, deyir, bu sənətdəsənsə, sənə nə təklif olunursa, onu etməlisən.
– YUĞ-un repertuarı digər teatrların repertuarından fərqlidir. Burda hansı rol ola bilər ki, siz onu oynamaqdan çəkinəsiniz?
– Elə bir rol olmayıb. Bayaq dediyim çəkingənlik intim səhnə ilə bağlı idi. Alatoran səhnədə tərəf müqabilimin üstündən yuvarlanıb keçməliydim. O da mənim üstümə gəlməliydi. Mən bu rolu oynamağa utanmırdım, tərəf müqabilimi əzməkdən, incitməkdən qorxurdum. Mənim çəkim tərəf müqabilimin çəkisindən artıq idi. Yavaş-yavaş məni inandırmağa çalışdılar ki, sən bu hərəkəti etməklə onu əzə bilməzsən. Artıq üç-dörd ildir ki, o tamaşada rolumu rahatlıqla oynayıram.
– Amma bilirəm ki, hər hansı filmdə və ya başqa bir teatrda intim səhnədə oynamazsınız. Bu, əsl sənət nümunəsidirsə, siz də aktrisasınızsa, niyə oynamayasanız ki? Ümumiyyətlə, bu barədə hansı fikirdəsiniz?
– Əgər bir şey həyatda varsa, sənətdə də olmalıdır. Hansısa aktrisa belə səhnədə oynayırsa, buna pis baxmıram. Çünki bunu sənət naminə eləyir. Bir də gərək intim səhnə tamaşaçıya estetik zövq versin. Ancaq mən belə səhnədə oynasam da müəyyən həddi keçmərəm. Bunun çox ciddi səbəbləri var.
Təsəvvür eləyin, bu səhnədən sonra əynimi geyinib metroyla evə gedəcəm, məni tanıyacaqlar, barmaqla göstərəcəklər... Buna gedə bilmərəm.
Əgər maddi vəziyyətim, aldığım qonorar gündəlik məişət mühitindən uzaqlaşmağa şərait yaratsa, mütəmadi olaraq məni tanıyan minlərlə adamla üz-üzə gəlməsəm, belə səhnədə oynamağa razılaşaram.
Lap mənim şəxsi maşınım olmasın, kimsə məni aparıb-gətirsin. Daim kiminləsə qarşılaşıb artıq bir söz eşitmirəmsə, mən də elə səhnələrdə oynayaram. Təəssüf ki, bizdə belə şərait yoxdur.
Cəmiyyətdə belə səhnələri qəbul edənlər də var. Ancaq biz qəbul etməyənlərlə qarşılaşmamalıyıq. Yəni o mühitlərdə olmamalıyıq ki, bizi göstərib desinlər, bax bu, filan işi görən aktrisadır! Mən bu işi görəndən sonra barmaqla göstərilmək istəmirəm! Bu, bizim həm sənətimizi aşağılayır, həm şəxsiyyətimizə toxunur. Bəlkə də, ona görə içimdə kompleks yaranıb.
– YUĞ-da tamaşaların quruluşu elədir ki, aktyorlarla tamaşaçılar arasında müəyyən bir ünsiyyətə şərait yaranır. Bu da o zaman ola bilər ki, tamaşaçı kodlarla ötürdüyünüz informasiyanı qəbul edə bilsin. Maraqlıdır, tamaşa vaxtı bunu duya bilirsinizmi, belə məqamlar sizin performansınıza nə dərəcədə təsir edir?
– Bu, bütün tamaşalarda olur. Bəzən tamaşadan sonra deyirik, bu gün tamaşaçı bizi 100 faiz başa düşdü. Elə olur ki, biz zala girəndə görürük ki, tamaşaçı o tamaşaçı deyil və bu, bizim oyun tərzimizə mənfi təsir göstərir. O aura, ötürücülük yaranmır. Elə də olur ki, zalda heç kimi tanımırıq, ancaq tamaşada ötürülənlər birbəbir qəbul edilir, reaksiyaların hamısı yerində olur.
Bəzən birinci kurs tələbələri tamaşanı çox savadlı, dəyərli saydığımız təbəqədən daha yaxşı duyur. Gəlib özünü sıxıb oturub, ağıllı-ağıllı baxan, özü üçün dördüncü divarı yaradan, heç bir reaksiya verməyən tamaşaçılar da olur. Onlar ancaq özlərini oynayırlar; sevinmək lazım olur, sevinmir, kədərlənmək lazım olur, kədərlənmir, adamın gözünün içinə baxmalı olanda baxmır.
Tamaşaçı nə qədər sevgi verirsə, o qədər də alır. Tamaşaçıda birinci ruh azadlığı olmalıdır. Ola bilər ki, mən başqa şey ötürmək istəyirəm, amma o, lazım olanı qəbul edir. Bunun özü də məqbuldur və alqışa layiqdir.
Elə tamaşa da var ki, onu başa düşmək üçün mütləq müəyyən bilgin olmalıdır. Yoxsa ordakı simvolları, kodları anlamaq olmur.
– Bəs YUĞ-un aktyoru olmaq istəyən şəxs hansı cəhətlərə sahib olmalıdır?
– Birinci, bu ab-havaya uyğunlaşmağı bacarmalıdır. YUĞ-da Vaqif İbrahimoğludan qalan bərkimiş, öz yerini tutmuş qayda-qanun və şərtlər var ki, onlara əməl etmək mütləqdir. Bura ailə mühitidir, ailəmizdə necə davranırıqsa, böyük-kiçimiyizə necə hörmət ediriksə, burda da elə olmalıyıq. Vaqif müəllim bizə belə öyrədib, mən də öz tələbələrimə bunları deyirəm. Şəxsiyyət kimi formalaşmadan kamil sənətçi olmaq mümkün deyil.
Vaqif müəllim hələ tələbə vaxtı bizi məşqlərə gətirirdi, baxıb heç nə başa düşmürdük. Ancaq indi anlayırıq ki, biz o vaxt özümüzə baza yığırmışıq. İndi də kimin vacib işi yoxdursa, məşqlərdə mütləq iştirak eləməlidir. Bizi belə böyüdüblər, aktyor belə böyüyür. İndi biz bu ənənəni saxlamağa çalışırıq. YUĞ-u qorumağın vacib şərtlərindən biridir bu.
– Bəs YUĞ ailəsinə yeni qoşulanlara bu teatrın ruhunu, psixikasını aşılamaq üçün hansısa ədəbiyyat, musiqi siyahısı təqdim edirsinizmi?
– Vaqif müəllimin yaratdığı “psixosof poetikası” var. Biz bütün tamaşalarımızı aşağı-yuxarı o poetika əsasında hazırlayırıq. Bu poetika Vaqif müəllimi görməyən gənclərə də öyrədilir. Necə ki, bizə öyrədilmişdi. Biz qorxurduq, amma Vaqif müəllim deyirdi, qorxmayın, yanınızda boğulanda sizi xilas edəcək adam var. Beləcə, bizi açıq dənizə atırdı.
O, deyirdi ki, mənim sizə öyrətdiklərimi siz də digərlərinə öyrətməsəniz, haqqımı sizə halal eləmirəm. Bu, nə qarğışdır, nə də alqış. Onda qısqanclıq yox idi, bildiklərini paylaşırdı. Demək olar ki, hər sahədən xəbəri vardı. Kamal Abdulla deyirdi, Vaqif İbrahimoğlu yeganə adamdır ki, onunla bütün mövzularda danışa bilirsən, toqquşmursan. Bax Vaqif müəllim belə insan idi.
– Yaqut xanım, digər teatrların tamaşalarında, demək olar ki, bütün fikirlər açıq-aşkar ötürüldüyündən onların azadlığının məhdudlaşdığı müəyyən nöqtələr ola bilər. Ancaq sizdə tamam başqadır. Simvollarla, müəyyən manevrlərlə, hər şeyi deyə, dini-mistik mesajları ötürə bilirsiniz. Bu mənada YUĞ hara qədər gedə bilir, harda məhdudiyyətlə qarşılaşır?
– Biz “psixosof poetikası”ndan kənara çıxa bilmərik. Vaqif müəllim bizə belə öyrədib...
– Ancaq bəzən tamaşaçılara elə gəlir ki, YUĞ-da çox əllaməçiliyə əl atırlar. Yoxsa bu da “psixosof poetikası”dır, məhz bu cür olmalıdır?
– Əgər tamaşaçı tamaşadan heç nə başa düşmürsə, bu, artıq bizim qüsurumuzdur, teatrın problemidir.
Müəyyən bir formal qat var ki, o qatda tamaşaçı, heç olmasa, 10 faiz nə isə başa düşməlidir. Yanaşma məsələsi də var. Sevərək baxanda zibillikdə də xoşagələn nə isə tapmaq mümkündür. Ancaq qəsd-qərəzliklə baxanda cənnətdə zibil tapmaq olar. Tamaşaçı, doğrudan da, heç nə başa düşməyibsə, biz onunla ünsiyyətə girməyə çalışırıq. Öyrənirik ki, nəyi başa düşməyib. O kodları açırıq, nəyi necə anlaya biləcəyini izah edirik. Gərək özünü sərbəst buraxasan, sıxmayasan. Onda mütləq nəyisə başa düşəcəksən.
– Adama elə gəlir ki, YUĞ-un axır işləri daha anlaşılandır. Məsələn, “Sonuncu” tamaşası. Bu, güzəştə getməkdir, yoxsa?..
– “Sonuncu” tamaşası Ramiz Həsənoğlu ilə Fərhad İsrafilovun tamaşasıdır. Burda sadəcə Fərhad müəllimin “psixosof poetikası” ilə işlədiyi müəyyən məqamlar var. Ancaq Ramiz müəllim öz üslubuyla işləyib. Tamaşa buna görə fərqli alınıb.
– Yaqut xanım, teatrın ruhu, yəqin ki, sizin həyat tərzinizə, insanlarla ünsiyyətinizə təsirsiz ötüşmür?
– Təbii ki. Bu, hər fərdin xarakterindən asılıdır. İnsan var ki, kənardan sərt görünür, ancaq ünsiyyətdən sonra görürsən ki, heç də elə deyil. YUĞ ailəsinə, bu atmosferə aid insanlar bir qədər fərqli düşüncəyə malikdirlər. Nə qədər böyük səslənsə də, bu, belədir. Mən Vaqif müəllimdən öyrənmişəm ki, kənara ancaq sevgi ötürməyə çalışmaq lazımdır. Sənin problemin olsa belə insanları yükləməməlisən. Zaman-zaman bu ailənin içində özümə aşıladım ki, mən insanların yadında yaxşı xüsusiyyətlərimlə, xoş şeylərlə qalmalıyam.
Vaqif İbrahimoğlu hər adamı bu ailənin içinə gətirmirdi. İndi də belədir. Kimisə səhvən gətirsək belə sonadək burda qalmır. Vaqif müəllimin həmin insanın qoxusundan bilirdi ki, o, bura aiddir, yoxsa yox. O, bizi elə tərbiyə eləmişdi ki, ancaq özünlə məşğul ol, bacarsan da, kənara xoş enerji ötür. Bacarmırsansa, adamları incitmə, yükləmə.
– Sizi niyə teleseriallarda, filmlərdə görə bilmirik? Qane edən ssenari yoxdur?
– İran rejissorunun çəkdiyi serialda ¬– “Çaqqal nəfəsi”ndə oynamışam. İki seriala dəvət almışdım, amma istəmədim. Bir filmdə nə qədər adamın zəhməti olsa da tamaşaçı ilə üz-üzə gələn hansısa inzibati işçi və ya rejissor yox, aktyor olur. Mən həmişə belə yanaşacam, aktyor sənəti qiymətli sənətdir.
– Yaqut xanım, nə oxuyursunuz, nə dinləyirsiniz?
– Dincəlmək üçün lirikaya, sakit caza qulaq asıram. Kamal Abdulla və Afaq Məsudun əsərlərini oxuyuram. Kafkanı, Çexovu çox sevirəm. Yeni yazarları çox oxumuram. Tələbələrlə işlədiyimə görə dramaturji əsərləri mütəmadi izləyirəm.
Sevinc Fədai
Fotolar: Elnur Muxtar