2 Dekabr 2015 11:53
1 322
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı, tarixçi alim, professor Musa Qasımlı Teleqraf.com-un suallarını cavablandırıb. Millət vəkili müsahibəsində Nardaranda baş verən hadisələrin mahiyyətindən, dini radikalizm və ona qarşı görülən tədbirlərdən, bəzi müxalifət qüvvələrinin bu hadisələrdən yararlanmaq cəhdlərindən söz açıb.

- Nardaranda radikal dindarlara qarşı keçirilən əməliyyat zamanı iki polis əməkdaşı və dörd qəsəbə sakini dünyasını dəyişdi. Səs-küylü əməliyyatdan sonra cəmiyyətdə dini radikalizmlə bağlı narahatlıq artdı. Baş verənlərlə bağlı sizin də mövqeyinizi bilmək maraqlı olardı.
- Azərbaycana dəyərli şəxslər bəxş etimiş qədim Nardaranda baş verən hadisəni bütün kənd sakinləri deyil, dövlət əleyhinə olan bir qrup şəxs törədib. Bu fəaliyyətlər dövlətimizin əsaslarına qarşı yönəldilmiş cinayətdir. Çünki Azərbaycan dünyəvi dövlətdir. Ölkəmizdə din dövlətdən ayrıdır. Dövlət dindarların ibadəti üçün bütün şəraiti yaradıb. Konstitusiyamızda vətəndaşların vicdan azadlığı tam təmin edilib. Bu şəraitdən istifadə edərək müqəddəs dinimiz olan İslamı siyasət alətinə çevirmək cəhdləri yolverilməzdir və qarşısı amansızlıqla alınmalıdır. Polisimiz dövlətimizin sütunlarından biridir. Polisə əl qaldırmaq olmaz. Belə hərəkət edən qanunun sərt tələbləri qarşısında cavab verməlidir.

- Bəzi müxalifət partiyaları baş verən olayda radikal dindarların müdafiəsinə qalxdı. Sizcə, bu nə dərəcədə doğru addımdır?
- Bu, tamamilə yanlış bir mövqedir, kobud səhvdir. Azərbaycan demokratik bir ölkədir. Hər bir şəxs və siyasi partiya düşüncələrini ifadə etməkdə sərbəstdir və azaddır. Lakin adlarını demokratik təşkilat qoyanların Azərbaycanı orta əsrlərə aparmaq istəyən qrupları və şəxsləri müdafiə etmələri bir daha göstərir ki, onlar ölkəmizdə xaos və anarxiyanın olmasında maraqlıdırlar və buna hakimiyyəti zəiflətməkdə bir vasitə kimi baxırlar.

- AXCP sədri Əli Kərimli həbs edilən Tale Bağırzadəni müdafiə edərək bildirib ki, o, qanuna tabe olan şəxsdir, ona qarşı qondarma əməliyyat aparılıb. Buna münasibətiniz?
- Azərbaycanın hər bir vətəndaşı qanuna riayət etməlidir. Dindar dini ibadətini evində və məscidlərdə sərbəst şəkildə edə bilər. Başqa ölkənin dini təsiri altına düşmək və dini siyasiləşdirmək yolverilməzdir. Konstitusiya quruluşunun əleyhinə olanları və insanları itaətsizliyə çağıranları necə müdafiə etmək olar?

- Müxalifət hər narazılıq edən qüvvəni dəstəkləməlidirmi? Yaxud narazılıq edən bütün qüvvələr haqlıdırlarmı?
- Bunlara "qüvvə" demək doğru deyil. Azərbaycanda qüvvə, yalnız, xalqa arxalanan dövlət hakimiyyətidir. Dövlət hakimiyyətindən başqa bir qüvvə, güc yoxdur. Yalnız müəyyən qruplar vardır. Müxalifətin mövcudluğu ölkəmizin həyatının tərkib hissəsidir. Müxalifətin fəaliyyəti ölkəni irəli aparmağa yardım etməlidir. Ölkəni orta əsrlərə "qaytarmaq" istəyənləri müdafiə edənlər xalqın dəstəyinə necə ümid edə bilərlər? Bunu edənlər xalqımızın müsəlman dünyasında ilk demokratik cümhuriyyəti yaratmasını niyə belə tez unudurlar?

- Yaxın gələcək üçün Azərbaycanda dini təhlükə, qarşıdurma gözlənilirmi?
- Dini radikalizmi və bizim həyatımız üçün ənənəvi olamayan yad dini cərəyanları ölkəmizdə sabitlik, vətəndaşların təhlükəsiz yaşayışı və dövlətimizin dünyəvi təməlləri üçün ciddi təhlükə hesab edirəm. Müxtəlif ölkələrdə dini təhsil almış və xarici xüsusi xidmət orqanlarının təsiri altında olan şəxslərin cümə namazı günlərinin birində məscidlərdən çıxıb küçədə qarşı-qarşıya gəlməsinin hansı faciə, ağır nəticələr doğuracağını indidən görmək olar. Deməli, onların qarşısı amansızlıqla alınmalıdır.

- Dini radikalizmin qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
- Bu istiqamətdə görüləcək işlər çox sahələri əhatə etməlidir. İlk növbədə Bakı İslam Universitetinin fəaliyyəti gücləndirilməlidir. Ölkəmiz üçün din xadimləri Azərbaycanda hazırlanmalıdır. BİU-da ali təhsil alan bəzi istedadlı gənclər yalnız ondan sonra xaricdə dini təhsil almaq üçün göndərilə bilər. Qafqaz Müsəlmanları İdarəsi və Dini İşlər üzrə Dövlət Komitəsinin fəaliyyəti artırımalı və ictimaiyyət onlara kömək etməlidir. Bütün günü az qala sərxoş vəziyyətdə olan və İslam dininin fəlsəfəsini anlamayan şəxslərin qaranlıq mənbəli pullarla kəndlərdə məscidlər tikməsinə yol vermək olmaz. Bunun üçün müvafiq qurumların icazəsi olmaılıdr. KİV-lərimiz və QHT-lərimiz müxtəlif layihələr həyata keçirə bilərlər. Digər işlər də görülə bilər.

Ruslan Xəlil


Müəllif:

Oxşar xəbərlər