24 Dekabr 2015 18:03
1 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Sərkisyan bu təşkilatda bəyan edib ki, bu qurum Qarabağda onları dəstəkləməlidir. Lakin indi heç bir dəstək görmür. Odur ki, yenə də özünün yalançı siyasətini ictimaiyyətə çatdırmağa çalışır. Bu təşkilat daxilində heç kimin ixtiyarı yoxdur ki, Dağlıq Qarabağ münaqişəsinə qarışsın, müdaxilə etsin. Azərbaycan öz ərazi bütövlüyünün təmin edilməsi üçün mübarizə aparır, bizim heç bir dövlətin ərazisində gözümüz yoxdur və konkret olaraq Ermənistana qarşı ərazi iddiasında deyilik”.

Bunu Teleqraf.com-a müsahibəsində Milli Məclisin deputatı, “ABŞ-da insan hüquqlarının vəziyyətinə” dair layihənin müəllifi Rövşən Rzayev bildirib. Müsahibəni təqdim edirik:

- Rövşən müəllim, 2015-ci il başa çatır. Bu il Dağlıq Qarabağ məsələsində xeyrimizə və əleyhimizə olan məqamlar nədən ibarət oldu?
- Təəssüflər olsun ki, münaqişənin həlli ilə bağlı irəliləyişlər yoxdur. Əlbəttə, irəliləyişlər ancaq Minsk qrupu çərçivəsində danışıqlar prosesi nəticəsində baş verə bilər. Bu yolla Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir. Təəssüflər olsun ki, biz bunu görmürük. Həmçinin atəşkəs tez-tez pozulur və bu, bizi narahat etməyə bilməz. Bu məqamlar gözləntilərimizin həyata keçməməsi baxımından qeyd olunmalıdır. Müsbət tərəfi odur ki, danışıqlar prosesi davam etdirilir və ümidlər hələ də var ki, qarşı tərəf konstruktiv mövqeyə gələcək, bu da həmsədr dövlətlərinin təkidi və ədalətli yanaşması nəticəsində baş verəcək. Yekunda Azərbaycanın ərazi bütövlüyü təmin ediləcək. Müsbət məqam odur ki, daha ağır hərəkətlər baş vermir. Biz arzu etməliyik ki, problem ancaq sülh yolu ilə həllini tapsın, deyilən və verilən bəyanatlar həyata keçsin. Nəhayət ki, ortada əməli addımlar atılsın. Biz bunu gözləyirik. Bilirsiniz ki, danışıqlar prosesini Prezident İlham Əliyev aparır. Biz bir xalq olaraq daima öz Prezidentimizi və Ali baş komandanımızı dəstəkləyirik. İnanırıq ki, məhz bu yol Azərbaycan ərazi bütövlüyünün təmin edilməsinə aparan yoldur.

- Son zamanlar erməni tərəfi cəbhədə atəşkəs rejimini pozur, Ermənistan Müdafiə nazirliyinin nümayəndəsi deyir ki, artıq atəşkəs rejimi mövcud deyil. Siz erməni tərəfinin bu hərəkətlərini nə ilə izah edirsiniz?
- Bu, səhra komandiri şüurunda olan Ermənistan rəhbəri Sərkisyanın düşündüyü hərəkətlərdən ibarətdir. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Sərkisyan bu təşkilatda bəyan edib ki, bu qurum Qarabağda onları dəstəkləməlidir. Lakin indi heç bir dəstək görmür. Odur ki, yenə də özünün yalançı siyasətini ictimaiyyətə çatdırmağa çalışır. Bu təşkilat daxilində heç kimin ixtiyarı yoxdur ki, Dağlıq Qarabağ münaqişəsinə qarışsın, müdaxilə etsin. Azərbaycan öz ərazi bütövlüyünün təmin edilməsi üçün mübarizə aparır, bizim heç bir dövlətin ərazisində gözümüz yoxdur və konkret olaraq Ermənistana qarşı ərazi iddiasında deyilik. Belə olan təqdirdə Azərbaycanın Ermənistana qarşı ərazi iddiası yoxdursa, yalnız öz ərazi bütövlüyünü təmin etmək istəyirsə, bu halda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı niyə bu məsələyə qarışmalıdır? Azərbaycan beynəlxalq hüquq prinsiplərinə söykənərək öz ərazisində anti-terror əməliyyatı keçirmək hüququ var. Ermənistan da bunu başa düşməli, konstruktiv mövqe ortaya qoymalıdır. Lakin təəssüflər olsun ki, bunu etmir, əksinə təxribatlara yer verir. Eyni zamanda onun belə təxribat xarakterli açıqlamalar verməsinə şərait yaradılır. Rusiyada yaşayan və nüfuzu olan erməni lobbisi onlar üçün bu şəraiti yaradır.

- Siz həm də Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvüsünüz. 2015-ci il icma üçün nə ilə yadda qalacaq?
- Biz icma üzvləri ilə sıx əlaqədəyik. Müxtəlif tədbirlər keçiririk. İcma gündəlik həyatında uğurlar qazanmaq üçün fəaliyyət göstərir. Yeri gəlmişkən, mən Azərbaycan hökumətinə, şəxsən cənab Prezidentə təşəkkür edirəm. Xocalı soyqırımı nəticəsində 25 uşaq hər iki valideynini itirib. Bu kateqoriyadan olan insanlara uzun illərdir ev verilir. 2015-ci ildə Prezidentin diqqəti nəticəsində bu 25 uşağın hamısı fərdi mənzillə təmin edilib. Bu çox müsbət haldır. Digər tərəfdən, beynəlxalq aləmdə Azərbaycanın haqlı səsi müxtəlif tribunalardan çatdırılır. İcmanın dünya aparıcı dövlətlərinin Azərbaycana səfər edən müxtəlif nümayəndə heyəti ilə görüşləri olur, müzakirələrimizi aparırıq. Bu işlər daima davam etdirilir.

- Ötən gün sizin təşəbbüsünüzlə “ABŞ-da insan hüquqlarının vəziyyətinə” dair layihə hazırlanıb, bu layihədə Amerikaya qarşı sanksiyaların tətbiq edilməsi nəzərdə tutulub. Bu layihənin hazırlanması zərurəti hardan yarandı?
- Bu sənədin ortaya çıxması üçün yeganə zərurət ondan ibarətdir ki, Qarabağdakı separatçı rejim, Sərkisyan iqtidarı dünya ictimaiyyətinə çatdırır ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Qarabağda ermənilərə muxtariyyət vermək mümkün deyil. Çünki Azərbaycanda insan haqları pozulur. Erməni tərəfi belə bir kampaniya aparır. Sonra isə dolayısı ilə ABŞ-da erməni lobbisi Kristofer Smitin əli ilə “Azərbaycan demokratiya aktı-2015” layihəsini Konqresə təqdim edib. İddia da odur ki, Azərbaycanda demokratiya, insan haqları pozulur. Bu, dolayısı ilə erməni siyasətinə xidmət edən addımdır. Odur ki, bu, bizi çox ciddi şəkildə narahat edir. Mən də bu təşəbbüslə çıxış etmişəm. Əgər cənab Kristofer Smiti insan haqları ciddi narahat edirsə, 20 ildən çoxdur ki, Azərbaycanda bir milyondan çox qaçqın və məcburi köçkünün haqqı tapdalanıb. Üstəlik Azərbaycanın ərazi bütövlüyünə təcavüz edilib, mütəmadi olaraq cəbhədə atəşkəs rejimi pozulur, nəticədə hər iki tərəfdən əsgərlər həlak olur. Azərbaycan əsgərləri şəhid statusu alırlar. Smit bu kimi hallara göz yumur və əvəzində qondarma, əsası olmayan iddialar irəli sürür. Mən də cənab Smitə məsləhət görürəm ki, ilk növbədə öz vətəni Amerikada pozulan insan haqlarına diqqət etsin, göz yummasın, daha yaxşı olardı ki, bu məqamlara nəzər yetirsin, nəinki Azərbaycanla bağlı fikirlər söyləsin. Əgər cənab Smit Azərbaycanla bağlı fikirlərini söyləmək istəyirsə, gəlsin Xocalı soyqırımı ilə bağlı məsələdə mövqeyini bildirsin, məcburi köçkünlər məsələsində fikirlərini ifadə etsin. Ondan sonra biz də bilək ki, cənab Smitin Azərbaycana yanaşması ədalətdən irəli gəlir. Amma əslində indi bu layihənin ortaya çıxması erməni siyasətinə xidmət edən hiyləgər addımdır. Bu da, şəxsən məni narahat etməyə bilməz.

- Sizin təşəbbüsünüzlə hazırlanan layihənin parlamentdən keçmək ehtimalı nə dərəcədə realdır?
- Mən sadəcə təşəbbüsümü ortaya qoymuşam. Bu layihənin qəbul edilib-edilməyəcəyi haqqında bir söz deyə bilmərəm. Çünki bu mənim səlahiyyətimə aid bir məsələ deyil. Bunu Milli Məclisin rəhbərliyi, deputat həmkarlarım bilər. Onların hansı mövqedən çıxış edəcəklərini deyə bilmərəm.

- Kristofer Smitin hazırladığı layihənin ABŞ Konqresindən keçmək ehtimallarını necə dəyərləndirirsiniz?
- Ümid edirəm ki, Kristofer Smitin hazırladığı layihə konqresdən keçməyəcək. Çünki Azərbaycan hökuməti ilə Amerika hökuməti arasında müsbət və pozitiv əlaqələr mövcuddur.

- ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin sədri ermənipərəstdir. Smitin layihəsi ilk olaraq bu komitədən keçməlidir. Sizcə, bu fakt bizim üçün problem yaradar?
- Elə ona görə də, bunlar fəaliyyətlərini aktivləşdirib. Eləcə də, bu kimi halların bizi ciddi narahat etməsinin əsasları mövcuddur. Vaxtilə mən Alt Palatanın sədrinə qəbulla, bizim mövqeyimizlə bağlı müraciət etmişdim. Lakin təəssüflər olsun ki, onlardan cavab almamışdım.

- İki ölkə arasında bir-birinə qarşı sanksiyaları nəzərdə tutan layihənin gündəmə gəlməsi münasibətləri pisləşdirə bilərmi?
- Mənə elə gəlir ki, bu barədə danışmaq doğru olmazdı. Söhbət ondan gedir ki, bu sənədləri hazırlayanlar ABŞ Konqresinin üzvü və Azərbaycan parlamentinin deputatıdır. Yəni bu deputat səlahiyyətləri çərçivəsində atılan addımlardır. Bunu hökumətlərin mövqeyi kimi təqdim etməyə ehtiyac yoxdur.

- Bəzi müşahidəçilər deyirlər ki, sizin hazırladığınız layihə daha sərtdir. Bu barədə nə deyə bilərsiniz?
- Mən hələlik layihə üzərində işləyirəm. Sənədi təqdim etmək üçün müəyyən məsələlərin üzərində iş aparmaq lazımdır. Dekabrın 29-da layihə hazır olacaq. O zaman daha dəqiq danışmaq olacaq. Layihədə mənim fikirlərim öz əksini tapıb. Bu sənəd komitədə və parlamentdə müzakirə oluna bilər. O zaman sənədə müəyyən dəyişikliklər də edilə bilər.

- Sənədin dekabrın 29-da plenar iclasa çıxarılma ehtimalı varmı?
- Bəli, var.

- Müxalifəti təmsil edənlər layihə ilə bağlı fərqli mövqe nümayiş etdirir. Buna münasibətiniz necədir?
- Azərbaycan müstəqil dövlətdir və Azərbaycan dövlətinin müstəqilliyi, varlığı mənim üçün ən əziz amildir. Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün təmin edilməsi üçün mən mübarizəyə hazıram. Azərbaycan xalqı öz dövlətini, öz müstəqilliyinin təminatı, ərazi bütövlüyünün bərpası üçün həmişə mübarizədə olacaq.

- Azərbaycan dövlətinin ABŞ-da, Konqresdə dostları varmı və onlar hərəkətə gələ bilərlərmi?
- Hesab edirəm ki, kifayət qədər dostlarımız var. Onlar da çalışacaq ermənipərəst düşüncələr Konqres çərçivəsində həyata keçməsin.

- Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavinisiniz. İlin sonuna əfv gözləyirsinizmi?
- Bəli, əfvin veriləcəyini gözləyirəm. İnanıram ki, veriləcək.

Nemət


Müəllif:

Oxşar xəbərlər