“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu Teleqraf.com-un suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.
– Elxan bəy, Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı Niderlandda keçirilən referendumun nəticəsi rəsmi Kiyevin Avropaya inteqrasiya prosesinə nə cür təsir göstərəcək?
– Niderlanddakı referendumun nəticələri Ukraynanın Avropa İttifaqına inteqrasiyasını əlbəttə, bir az tormozlayacaq. Hətta, Niderland hökuməti Ukraynanın inteqrasiyası tərəfdarı olsa belə, onlar referendumun nəticələrinə istinad etməli olacaqlar. Əslində, Niderland hökuməti bu referendumun keçirilməsinin tərəfdarı deyildi. Bu ölkədəki millətçi partiyanın məşhur lideri əvvəlcə bir neçə yüz min vətəndaşın imzasını toplayıb. Konstitusiyaya uyğun olaraq ölkə referenduma getdi və hazırda belə bir situasiya yaranıb.
Sanki, 28 ölkənin biri şıltaq çıxıb və bu şıltaqlığa görə də Ukraynanın Avropa İttifaqına inteqrasiyası ləngiyir. İndi problem ondadır ki, Ukrayna Avropa İttifaqı ilə assosiativ saziş imzalayıb. Brüssel aydınlıq gətirməlidir ki, bu saziş Niderlanddakı referendumdan sonra necə işləyəcək, Ukraynanın inteqrasiyası hansı sənədlər əsasında həyata keçiriləcək. İndi Ukraynanın özündə də bir qədər qeyri-müəyyənlik yaranıb. Dünən Ukraynanın baş naziri Arseni Yatsenyuk istefa verdi, parlamentin spikeri Vladimir Qroysman böyük ehtimalla baş nazir olacaq. Bu da bir qədər vaxt aparacaq. Amma mənə elə gəlir ki, Qroysman baş nazir kürsüsünə oturduqdan sonrakı ilk səfəri böyük ehtimalla Brüsselə olacaq. Brüssellə bu məsələlərin aydınlaşdırılmasına ehtiyac var.
Düzdür, referendum keçirilib və Niderland əhalisi Ukraynanın Avropa İttifaqına inteqrasiyasının əleyhinə çıxıblar. Amma bu o demək deyil ki, proses tamamilə dayana bilər. Görünür, Avropa İttifaqı bu referendumu adlayacaq müəyyən addımlar atmalıdır. Əgər Avropa İttifaqının rəhbərliyi, o cümlədən iki aparıcı dövləti – Fransa və Almaniya referenduma istinad edib Ukraynanın avrointeqrasiya yolunu kəsərlərsə bu, Ukraynada təlatümlü proseslərin başlanğıcını qoya bilər. Rusiyaya da elə bu lazım idi. Düşünürəm ki, Rusiya Ukraynada öz tərəfdarlarını bir az da fəallaşdıra bilər.
– Avropa İttifaqının yüksək vəzifəli şəxsi “Röyters”ə bildirib ki, Niderlandda keçirilən referendumun nəticəsindən asılı olmayaraq Avropa Komissiyası aprel ayında Ukraynaya vizasız rejimin tətbiqini təklif edəcək. Bu bəyanatı Avropa İttifaqı rəhbərliyinin referendumun nəticələrinə məhəl qoymayacağının göstəricisi saya bilərikmi?
– Viza məsələsi referendumdan əvvəl müəyyənləşdirilib. Yəni, bununla bağlı qərar referendumdan əvvəl verilib. Ona görə də, əslində, referendum o prosesə təsir edə bilməzdi. Viza rejimi istənilən halda yumşaldılacaq. Referendum gələcək addımlara təsir edə bilər. Məsələn, Avropa İttifaqının Ukrayna ilə inteqrasiyanı hansı yöndə gücləndirməklə bağlı müəyyən planları var idi. Referendum həmin istiqamətdə atılacaq addımları dondura bilər. Amma referenduma qədər atılan, o cümlədən əsas addımlardan biri olan viza rejiminin yumşaldılmasına heç nə mane ola bilməz.
Çünki qərarın geriyə qüvvəsi yoxdur. Bu istiqamətdə mühüm addımlar atılacaq. Amma Ukrayna təkcə bunu istəmirdi axı... Ukrayna ümumiyyətlə inteqrasiyanın sürətləndirilməsi, iqtisadiyyatların birləşdirilməsi, öz mallarının Avropa İttifaqı ölkələrinə çox rahat şəkildə idxal və ixracında maraqlı idi. Niderlanddakı referendum bu prosesin qarşını bir qədər əngəllədi.
– Niderland əhalisinin belə bir qərar verməsi Avropa İttifaqına inteqrasiya yolu tutmuş Moldova və Gürcüstan kimi ölkələrin ümidini qırmayacaqmı?
– Ümidləri qırılmayacaq. Amma bu, çox təhlükəli bir presedent yaradır. Belə çıxır ki, Avropa Komissiyası yekdil qərar verir, amma 28 dövlətdən biri bir referendum keçirib bütün prosesin qarşısını alır. Bu, Azərbaycana da müəyyən qədər mənfi təsir göstərir. Çünki biz özümüz də istəyirdik ki, Avropa İttifaqı ilə inteqrasiya sürətləndirilsin. Mən özüm həmişə Azərbaycanın Avropa İttifaqı ilə assosiativ saziş imzalamasının tərəfdarı olmuşam.
Odur ki, Brüssel bu məsələlərə bir qədər aydınlıq gətirməlidir. Düzdür, Niderlanddakı referendumun əsas şüarlarından, bəlkə də bəhanələrindən biri bu idi ki, Ukrayna hökuməti korrupsiya ilə ciddi mübarizə aparmır, islahatlar həyata keçirmir. Guya ona görə də belə bir referendum keçirilir. Amma istisna etmək olmaz ki, eyni ittihamlar Gürcüstan və Moldova hökumətlərinə qarşı da irəli sürülə bilər. Bu iki ölkəni prosesdən kənarda saxlaya bilərlər. Bu da Rusiyanın maraqlarına xidmət etmiş olur.
– Niderlanddakı referendumu Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlıq istiqamətində tutduğu mövqenin, balansı qorumasının doğru olduğunun göstəricisi saya bilərikmi?
– Düşünürəm ki, Azərbaycan bütün hallarda Avropa İttifaqına inteqrasiyanı sürətləndirməlidir. Çünki bu, bizim özümüzə lazımdır. Dövlət başçısı da deyib ki, biz kənd təsərrüfatını inkişaf etdirib yeni bazarlar axtarmalıyıq. Ən yaxşı bazarlardan biri də Avropa İttifaqı bazarıdır ki, biz öz mallarımızı ora çıxara bilərik. Amma Avropa İttifaqından qabaq bizim hələ yerinə yetiriləsi başlıca işimiz də var. Bu da Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü prosesini sürətləndirməkdir. Bu proses də ləngiyir.
Onsuz da biz Ümumdünya Ticarət Təşkilatına üzv olmadan Avropa İttifaqı ilə assosiativ anlaşma imzalamayacağıq. Çünki assosiativ anlaşma imzalanması üçün Avropa İttifaqının başlıca şərti məhz namizəd ölkələrin Ümumdünya Ticarət Təşkilatına üzvlüyüdür. Ukrayna, Moldova və Gürcüstan Ümumdünya Ticarət Təşkilatının üzvü olduqları üçün onlarda bu proses sürətlə getdi. Amma Azərbaycan hələ də Ümumdünya Ticarət Təşkilatının üzvü olmadığı üçün hər iki tərəf inteqrasiyanı istəsə də, bu alınmayacaq.
– Niderlanddakı referendumun nəticəsindən Avrasiya İqtisadi İttifaqının qazancı nə olacaq?
– Avrasiya İqtisadi İttifaqı adlı qurumun varlığı və yoxluğu heç bilinmir. Bu təşkilatın fəaliyyətində nəzərəçarpacaq heç nə yoxdur. Hətta, vəziyyət o həddə gəlib çatıb ki, keçmişdə bu ideyanın müəlliflərindən biri olan Qazaxıstan prezidenti Nursultan Nazarbayev belə Avrasiya İqtisadi İttifaqından narazıdır. Nursultan Nazarbayev bildirir ki, təşkilatın fəaliyyətində heç bir irəliləyiş əldə alınmayıb. Amma bunun obyektiv səbəbləri də var. Çünki hazırda Rusiya iqtisadiyyatında təlatümlü günlər yaşanır, Qazaxıstan iqtisadiyyatında problemlər var və problemli iqtisadiyyatlardan sayılır.
Problemli vahid iqtisadi məkanda indi nəsə gözləmək də düzgün olmazdı. Ona görə bu təşkilatın özünün də perspektivi yoxdur. Doğrudur, Avropa İttifaqının miqrant axını, iqtisadiyyatla bağlı ciddi problemləri var. Amma Avropa İttifaqı oturuşmuş bir strukturdur. Avrasiya İqtisadi İttifaqının isə necə olacağı, inteqrasiyanı necə sürətləndirəcəyi kimi suallar hələ də açıq qalır.
Səxavət HƏMİD