26 Aprel 2016 14:40
1 799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ərəstun Oruclu: “Ermənistanın hərbi sahədə uğur qazanması üç səbəbdən mümkün deyil”

“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Teleqraf.com-a müsahibə verib. Müsahibəni təqdim edirik:

– Ərəstun bəy, “İzvestiya” qəzeti Sergey Lavrov və Serj Sərkisyan arasında bu günlərdə İrəvanda baş tutan görüşün çox gərgin keçdiyini yazıb. Son vaxtlar Ermənistanda güclənən anti-Rusiya əhval-ruhiyyəsini necə qiymətləndirirsiniz?

– Aprelin əvvəlində baş tutan hərbi əməliyyatlar bölgədə konkret Qarabağ konflikti ilə bağlı yaranmış geosiyasi konstruksiyanı tam şəkildə pozdu. Yəni, Rusiyanın siyasəti daim belə olub. Rusiya münaqişəni öz nəzarətində saxlamaq üçün hər zaman hər iki tərəfin silah bazarına nəzarəti əlində saxlayıb. Bundan əlavə, Rusiya çalışıb ki, hər iki dövlətə qarşı siyasi təsir vasitələrindən də istifadə etsin. Amma aprelin əvvəlində keçirilən əməliyyat, baş verən hərbi qarşıdurma bu situasiyanı dəyişdi. Xüsusilə də, Ermənistanın bu kontekstdə Rusiyadan Azərbaycana silah satışını dayandırmağı tələb etməsi Rusiyanın az öncə qeyd etdiyim konflikti nəzarətdə saxlama prinsipinə tamamilə ziddir.

Rusiya Ermənistanla bu məsələdə heç bir halda razılaşmır və razılaşa da bilməz. Ona görə ki, Azərbaycan silah bazarında başqa silah istehsalçıları da olub və Rusiya onları faktiki buradan sıxışdırıb. Mən ilk növbədə İsraili nəzərdə tuturam. Başqalarının da silah bazarına daxil ola bilməsi istisna deyil. Çünki dünya silah bazarında kifayət qədər ciddi rəqabət var. Hər kəsin yeni bazarlar əldə etməkdə marağı var. Silah bazarı təkcə silah satmaq deyil. Bu, Rusiyanın da etdiyi kimi münaqişəyə təsir etməkdir. Deməli, Ermənistanın tələbi absurddur və Rusiya bu tələbə heç vaxt əməl etməyəcək. Bu səbəbdən də Ermənistan-Rusiya münasibətlərində müəyyən gərginlik yaşanır. Mən deməzdim ki, bu çox ciddi bir gərginlikdir. Gərginliyin başlıca səbəbi Ermənistan-Rusiya siyasi münasibətlərindədir. Çünki, hal-hazırda belə görünür ki, Kreml prezident, yaxud baş nazir postunda daha çox Robert Köçəryanı görmək istəyir.

Bildiyiniz kimi Ermənistanda konstitusiya dəyişikliyi referendumu keçirilib və bundan sonra baş nazir daha çox səlahiyyətə malik olacaq. Deməli, dava artıq hakimiyyət davasıdır və son hərbi əməliyyatlar bu baxımdan Ermənistan prezidentinin mövqelərini kifayət qədər laxladıb. Sərkisyan hökuməti hərbi uğursuzluqla bağlı yaranmış ictimai qəzəbi məqsədli şəkildə Rusiyaya qarşı yönəldir. Rusiyanı şantaj edir ki, Ermənistan Rusiyanın nəzarətindən çıxa bilər. Çalışırlar ki, həm Azərbaycana silah satışı, həm də Ermənistana siyasi münasibətlə bağlı Rusiyaya öz şərtlərini qəbul etdirsinlər. Yəni bu yolla özlərinə Rusiyadan bir növ loyallıq əldə etmək istəyirlər. Amma gördüyünüz kimi, burda alınmır, bu model işləmir.

Bu münasibətlər hələ ki, gərgin olaraq qalır. Ermənistan məhz bu səbəbdən Rusiyanın “Kazan sənədi”, sülhməramlıların yerləşdirilməsi təklifləri ilə razılaşmır. Əslində bu, Ermənistan üçün əlverişli variantdır. Çünki bölgədə Rusiya sülhməramlılarının yerləşdirilməsi faktiki olaraq işğal olunmuş ərazilərin Rusiyanın yurisdiksiyasına, nəzarətinə keçməsidir. Rusiya istənilən halda burda Ermənistanın mənafeyi üçün çalışacaq. Düzdür, Rusiya bu amildən Ermənsitana qarşı da təzyiq vasitəsi kimi istifadə edəcək. Amma istənilən halda Rusiya Ermənistana hər zaman daha yaxın olacaq, nəinki Azərbaycana. Bu, tarixən də belə olub və bu gün də hərbi müttəfiqdirlər. Yəni, bu vəziyyətdə belə görünür ki, Ermənistan rəhbərliyi yaranmış durumdan çıxmaq üçün hərbi əməliyyatları çıxış yolu kimi görür və son günlər gərginliyi artırmaları da bunun əyani sübutudur. Ermənistan, daha doğrusu Serj Sərkisyan hökuməti çalışır ki, cəbhədə hansısa bir kiçik uğur əldə etsin və bununla da öz zədələnmiş reputasiyasını bərpa etsin.

– Bəs, bu alınacaqmı?

– Düşünmürəm. Ona görə ki, birincisi Ermənistanın belə bir uğur qazanmasına Azərbaycanın hərbi potensialı yol vermir. İkincisi, aprelin əvvəlindəki qarşıdurmadan sonra erməni tərəfdə məyusluq var. Üçüncüsü də, Rusiya bu uğurda maraqlı deyil. Əminəm ki, Rusiya bu uğurda maraqlı deyil. Çünki belə bir uğur əldə olunacağı təqdirdə Rusiyanın Sərkisyan hökumətinə təsiri kəskin şəkildə aşağı düşə, azala bilər. Rusiya bunda maraqlı olmamalıdır. Amma başqa bir ssenari ola bilər. Rusiya istəyər ki, Sərkisyanı hərbi əməliyyata sövq etməklə onun növbəti uğursuzluğuna nail olsun və Ermənistanın daxilindəki siyasi vəziyyəti öz xeyrinə həll etsin. Təbii ki, bunlar hamısı versiyalardır.

Amma gördüyümüz kimi bir neçə mümkün variant var. Onların hansının baş tutub-tutmayacağı isə burda həm də Azərbaycanın göstərəcəyi təpkidən asılıdır. Ümumiyyətlə, hesab edirəm ki, təpki göstərilməsi bizim üçün ən vacib addımdır. Əgər Sərkisyan öz siyasi varlığını, mövcudluğunu hərbi əməliyyatda uğur qazanmaqda görürsə və bu məqsədlə hərbi əməliyyata başlayırsa, demək, erməni işğalçı birləşmələrinə ağır bir zərbə endirmək lazımdır. Bu zərbədən sonra Sərkisyanın, yaxud digərinin təmsil etməsindən asılı olmayaraq Ermənistan danışıqlar prosesində daha zəif mövqedə olacaq.

– Rusiya İctimai Palatasının üzvü, Siyasi Tədqiqatlar İnstitutunun direktoru və prezident Vladimir Putinin etibarlı şəxslərindən biri Sergey Markovun bugünlərdə Moskva-Bakı portalına müsahibəsindən bu qənaətə gəlmək olur ki, Rusiya “Kazan sənədi”nin qəbul olunması üçün Ermənistana təzyiq edir. Ancaq Sərkisyan bu plana razılıq vermir. Sərkisyanın devriləcəyindən qorxduğu üçün bu plana razılıq vermədiyini ehtimal etmək olarmı?

– Düşünürəm ki, bu, tamamilə düzgün ehtimaldır. Ona görə ki, Rusiya sülh prosesində irəliləyişə nail olmasa, Dağlıq Qarabağ münaqişəsinin həllindəki aparıcı rolunu itirə bilər. Bu zaman həmin təşəbbüs ATƏT çərçivəsində Qərbdən gələcək. Bilirsiniz ki, artıq Almaniya müvafiq sənəd hazırlayıb. Bu sənədin detallarının nədən ibarət olduğunu bilmirəm. Amma istənilən halda görünən budur ki, bu sənəd daha çox “Madrid prinsipləri” əsasındadır. “Madrid prinsipləri” də 5 rayonun qaytarılmasından başlayır. Sadacə olaraq Rusiya bununla sülh nizamlanması prosesini önləməyə və bir daha prosesə nəzarətin onun öz əlində olduğunu göstərməyə çalışır. Ermənistan isə bununla razılaşmır. Çünki bu, həqiqətən də, Sərkisyan hökumətinin iflası deməkdir.

– Konkret olaraq Siz Sərkisyanın devriləcəyini real hesab edirsinizmi?

– Bilirsiniz, Rusiyanın öz maraqları var. Rusiya öz maraqları olan yerdə istənilən müttəfiqini xərcləyib. Bu, tarix boyu belə olub. Uzağa getmək lazım deyil. Son 20 ildəki nümunələrə baxın. Miloşeviçdən tutmuş Əsədə, digər hərbi cinayətkarlara qədər… Rusiyanın öz maraqları var. Rusiyanın siyasəti birmənalı olaraq Rusiyanın maraqları üzərində qurulub. Bu gün Rusiyanın maraqları bölgəyə nəzarəti əldə saxlamağı tələb edir. Bunun üçün də Rusiya Ermənistanı ən azı 5 rayonun qaytarılması ilə başlayan sülh prosesinə məcbur etməlidir ki, bölgədəki dominantlığını qoruyub saxlaya bilsin.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər