19 Aprel 2022 18:55
917
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan bizim qonşuluğumuzdadırsa, ehtiyyatlı olmalıyıq. Ona görə də ərazilərimiz işğaldan azad edildikdən sonra mina təmizlənməsi üçün mühəndis istehkam birliklərinin sayı artırıldı. Məqsəd mümkün qədər qısa zamanda ərazilərin minalardan təmizlənməsinə nail olmaq idi. Çünki heç bir beynəlxalq hüquqa əməl etməyən Ermənistan işğal dövründə əraziləri sıx şəkildə minalayıb.

Bu fikirləri Teleqraf.com-a hərbi ekspert Üzeyir Cəfərov deyib.

O qeyd edib ki, bu gün Azərbaycan ərazisində hələ də qalmaqda olan separatçıların qalıqları və onlara bu və ya digər formada kömək edən rus sülhməramlıları varsa, biz mina təhlükəsi ilə üzləşə biləcəyik:

“Separatçıların tör-töküntüləri bu ərazilərdən çıxarıldıqdan və Azərbaycan sərhədlərinin daha etibarlı şəkildə təminatı həyata keçirildikdən sonra biz mina təhlükəsindən də qurtulmuş olacağıq. Amma hələ də bizim Kəlbəcər, Şuşa ətrafında mümkün mina təhlükəsi ilə üzləşməyimiz qaçılmazdır. Çünki Xankəndidə, Xocalıda və digər ərazilərdə terrorçu erməni silahlılarının qalması bu təhlükəni real edir”.

Hərbi ekspertin fikrincə, mina təhlükəsi ilə bağlı biz daha tələbkar olmalıyıq:

“Rus sülhməramlılarına da imkan verməməliytik ki, gəlib bizim ərazimizdə erməni maraqlarına xidmət edəcək addımlar atsın. Ona görə də ərazilərimizdə nə qədər kənar qüvvələr varsa, bir o qədər mina təhlükəsi mövcuddur. Hətta minalardan təmizlənən ərazilərlə bağlı da ciddi təhdidlər var”.

Üzeyir Cəfərova görə, mina xəritəsi ciddi hərbi sənəd olsa da, ermənilərin buna yanaşması bir sıra vacib detalları üzə çıxarıb:

“Ermənilərin bizə təqdim etdiyi mina xəritələrinin həqiqilik səviyyəsi 25 faizdən artıq deyil. Bu ermənilərin ümumilikdə hərbi elmdən uzaq olmasını göstərən mühüm bir faktdır. Erməni tərəfi işğal dövründə minaları hara gəldi basdırıb. Əslində isə ordu minaları özü üçün basdırır ki, hansısa kəşfiyyat tapşırıqlarında vəzifələri düzgün icra etmək mümkün olsun. Bu baxımdan mina xəritələri ermənilərin özləri üçün vacib deyildi. Mina xəritələrinin həqiqiliyi ilə bir neçə gündə ərazilərin təmizlənməsinə nail olmaq mümkün ola bilərdi. Amma ermənilər minaları pərakəndə basdıraraq heç bir xəritə üzərində qeydiyyat aparmayıb”.


Müəllif: Tapdıq Qurbanlı