“Limit dünyanın heç bir ölkəsinə xeyir gətirməyib. Amma yenə də öz qərarınızdır. Mən limitə qarşıyam. Fikrimcə, limitin heç bir faydası da yoxdur”.
Teleqraf.com xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Vasili Berezutski evdə “Sumqayıt”la 0:0 hesablı heç-heçə etdikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis Premyer Liqada olduğu kimi, ölkə kubokunda da "gənclik şəhəri" təmsilçisinin qapısından top keçirə bilmədiklərini xatırladıb: “Nəyisə şərh etmək çətindir. Amma ümid edirəm ki, nə vaxtsa "Sumqayıt"ın qapısına yol tapıb qol vuracağıq. Sadəcə kubok oyununa deyil, çempionat matçlarına da köklənirik. Çünki qarşıda oyunlarımız var. Məqsədimiz hər bir oyunda qalib gəlməkdir”.
V.Berezutski gənc futbolçu Xəyal Əliyevin az şans qazanması fikri ilə razılaşmayıb: “Xəyal, demək olar ki, hər zaman meydana çıxır. Bundan əvvəlki matçda da oynayıb. Əksinə, onun hansısa matçda oynamadığını xatırlamıram. Xəyalı bəyənirəm, perspektivli futbolçudur, böyük gələcəyi var. Azərbaycan futbolunda bu cür gənclərə şans tanımaq lazımdır. Çünki onlar inkişaf edəcəklər”.
Qeyd edək ki, cavab görüşü fevralın 27-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.