İranda səfirliyimizə qarşı terror aktı təşkil olunmuşdur. Bunu deməyə əsas verən bir çox amillər var idi.
Teleqraf.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib.
“Birincisi, təxminən 40 dəqiqə ərzində bir dənə də polis maşını oraya yaxınlaşmamışdı. Halbuki bu, paytaxtın mərkəzində idi. Terroru törədən şəxs sonra dərhal, ertəsi gün psixi xəstə elan edildi. Halbuki istənilən tibbi ekspertiza bir neçə gün davam edir. Həmin bu şəxs elə terroru törətdiyi gün mətbuata çıxıb və müsahibə verir. O hadisədən iki il keçir. Bu günə qədər o insan ona verilən hökmə məruz qalmayıb. Bütün bunlar göstərir ki, bu, təşkil olunmuşdu”, - deyə dövlətimizin başçısı diqqətə çatdırıb.
Prezident həmçinin qeyd edib ki, İranın mərhum xarici işlər naziri, vertolyot qəzasında həlak olmuş cənab Abdullahian söz vermişdi ki, o adam edam hökmünə cəlb ediləcək: "Ondan sonra biz səfirliyin əməkdaşlarını geri qaytardıq. Amma bizi yenə də aldatdılar. Çünki bu edam hökmü həm icra edilmədi, həm də iş məhkəmədən yenə də istintaqa göndərildi. Yəni, bu, dövlət səviyyəsində edilən anlaşılmaz bir hərəkət idi və biz öz tələblərimizdə israrlıyıq. Biz bilirik ki, İranda daha az ağır olan cinayətlərə görə edam hökmü elan edilir və dərhal icra olunur. Amma burada iki il, bu, nəinki icra edilməyib, hətta iş yenə də istintaqa göndərilib.”