"Hesabatda daha bir iddia Bakı Təşəbbüs Qrupunun (BTQ) Afrika istiqamətində apardığı işlə bağlıdır. Burada məşhur afrikalı fəallarla əməkdaşlıq “dezinformasiya kampaniyası”nın tərkib hissəsi kimi göstərilib".
Teleqraf.com xəbər verir ki, bu fikirləri Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov yanvarın 8-i keçirdiyi mətbuat konfransında səsləndirib.
"Məşhur afrikalı influanserlər ilə əməkdaşlıq sırf kolonializm və neokolonializmlə mübarizə kontekstindədir. Bildiyiniz kimi, Afrikanın bir çox ölkələri hələ də kolonializmin yeni təzahürlərindən əziyyət çəkirlər.
Burada Fransa hökuməti bizi ittiham etməkdənsə, öz xarici siyasətindəki uğursuzluqlara diqqət çəkməlidir. Belə ki, Fransa qoşunları Sahel ölkələri – Mali, Niger və Burkina-Fasodan, həmçinin Çad, Seneqal və Kot d’İvuardan qovulub. Yəni, Makron hökumətinin siyasəti koloniyalarda olduğu kimi özünün ənənəvi nüfuz dairəsi olan Afrikada da uğursuzluğa düçar olub",- deyə icraçı direktor bildirib.
Abbasov bunun məsuliyyətinin Makron hökumətinin üzərinə düşdüyünü vurğulayıb.