Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub.
Bu barədə Teleqraf.com-a Agentlikdən məlumat verilib.
Bildirilib ki, bu vəzifələrə elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Vəfa Yaqublu və Arslan Hacıyev təyin olunublar.
Vəfa Yaqublu müxtəlif dövrlərdə ali təhsil müəssisələrində müəllim, baş müəllim, Təhsil Nazirliyində baş məsləhətçi, şöbə müdiri vəzifələrində çalışıb.
O, 2022-2024-cü illərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə, Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri vəzifələrində çalışıb.
Qeyd edək ki, Vəfa Yaqublu Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda Rus dili və ədəbiyyat müəllimliyi üzrə təhsil alıb.
Arslan Hacıyev isə 2012-2022-ci bir sıra dövlət qurumlarında müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib.
Elm və Təhsil Nazirinin müvafiq əmri ilə 2022-cil ildə Qazax-Tovuz Regional Təhsil İdarəsini müdiri vəzifəsinə təyin olunub. 2024-cü ilin noyabr ayından isə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdiri vəzifəsində çalışıb.
Qeyd edək ki, Arslan Hacıyev Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb, daha sonra 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çəçivəsində Hollandiyanın "Maastricht School of Management" və ADA Universitetində Beynəlxalq Biznes üzrə təhsilini davam etdirib.
Həmçinin, o, 2020-ci ildə Layihələrin idarə edilməsi üzrə beynəlxaq sertifikat ("Project Management Professional" (PMP)) əldə edib.