10 İyul 2014 12:22
2 671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həkim: “Artıq səs-küy xroniki karlıq yaradır”

Bu günlərdə redaksiyanın qonağı olan müğənni Elariz Məmmədoğlu şadlıq evlərində akustika ilə bağlı problemləri bir daha vurğuladı. Musiqi tonunun yüksəkliyi, şadlıq evlərinin akustika üçün tələb edilən normalara uyğun gəlməməsi səs təkrarlanmasına səbəb olur, buna görə həm qonaqlar, həm də musiqiçilər narahatlıq keçirirlər. Məhz toydakı səs-küy ucbatından qonaqlar məclisi tez tərk etməli olurlar.

Təkcə şadlıq evlərində deyil, avtomobillərin, tikinti işlərinin, sənayenin, məişətdə istifadə olunan avadanlıqların, musiqi cihazlarının yaratdığı səs-küy də müzakirə mövzusudur. Ətraf mühitə normadan artıq səs-küy və vibrasiyanın daxil olması insan orqanizmi üçün təhlükəli sayılır. Səsin müəyyən normadan artıqlığı səs-küy çirklənməsi adlanır.

“Müvəqqəti narahatlığa görə üzr istəyirik”

Paytaxtda tikinti icraçıları vibrasiyalı, səs-küylü inşaat işlərinə görə “müvəqqəti narahatçılığa görə üzr istəməklə” problemi həll etmiş sayırlar. Telefon, audio və videokaset satılan ticarət mərkəzləri səs çirkliliyi yaradan obyektlər hesab edilir. Avtomobillərdə səs siqnalları, əlavə qoşulan səs gücləndiricilər də şəhərin ahəngini pozur.

İctimai nəqliyyatda bayağı musiqilərin səslənməsinə etirazlar artandan sonra problemin qarşısı nisbətən alınıb, ancaq paytaxtdan kənarda yerlərdə bu problemə hələ də rast gəlmək olur.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynovun bildirdiyinə görə, “Yol hərəkəti haqqında” qanunun 73-cü maddəsində göstərilir ki, sürücü yalnız ötmə əməliyyatı apararkən və yol nəqliyyat vasitəsinin qarşısı alınan zaman səs siqnalından istifadə edə bilər. Əks halda, sürücülər inzibati qaydada cərimə olunurlar: “BMT-nin Avropa İqtisadi Komissiyası adlı təşkilatında səslə bağlı standartlar qəbul olunub.

Azərbaycanda bu standartlar pozulub. İctimai nəqliyyatda, şəhərlərarası avtobuslarda səs norması 80 dessibel, adi minik avtomobillərində isə 110 dessibeldir. Bundan yuxarı səs siqnalı olduqda həmin avtomobilin istismarına yol verilmir”.

Səs-küy çirklənməsində Avropa təcrübəsi

Avropada səs-küy normalarına ciddi şəkildə əməl olunur. Bu ölkələrdə tikinti yalnız gündüz saatlarında aparılır. İstirahət və bayram günlərində səs-küy yaratmaq qəti qadağandır. Xüsusi ehtiyac olduqda əvvəlcədən elan verilməklə sakinlər xəbərdar edilir.

Məsələn, Almaniyada ictimai nəqliyyatda, eləcə də taksidə musiqiyə qulaq asmaq qadağandır. Taksi sürücüləri bildirir ki, sərnişin apardıqda hətta telefonla da danışa bilməzlər. İşə başladığı ilk gündən bu məsələlərlə əlaqədar xüsusi təlimat alan əcnəbi taksi sürücüsündən sərnişin şikayət edərsə, o, işini itirə bilər.

Qonşu Türkiyədə də ictimai yerlərdə, yol kənarlarında insanları narahat edən səs-küyə nadir hallarda rast gəlmək olar.

Sağlam Həyata Doğru Ekoloji İctimai Birliyinin (SHDE İB) eksperti, həkim Həsrət Rüstəmov bildirir ki, insan orqanizmini sinir sistemi idarə etdiyindən normadan artıq səs-küy sinirləri qıcıqlandıran əsas faktora çevrilir. Bu isə eşitmə qabiliyyətinin itirilməsi, sinir sisteminin pozulması, qan təzyiqinin yüksəlməsi, hipertonik krizislər, yuxu pozğunluğu və diqqətsizlik kimi fəsadlar yaradır.

Həsrət Rüstəmovun bildirdiyinə görə, hazırda iş və ailə stressinin üzərinə əlavə tikinti və digər səslərin gəlməsi sinir sistemində oyanıqlığı artırıb, bu da orqanizmdə fəsadlara yol açır: “Bir insan uzun müddət yüksək səs-küy olan yerdə işləsə, kiçik səs dalğalarını onun eşitmə analizatoru qəbul edə bilmir. Çünki hiss hüceyrələri yüksək səs-küyə öyrəşir və ondan aşağı dalğalı səsləri eşitmir. Başqa cür desək, bu, tədricən xroniki karlığa gətirib çıxarır. Bütün bunlar isə ürək-damar sisteminə təsir edə bilər”.

Millət vəkili: “Məsələ yenidən aktuallaşır”

İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva 2009-cu ildə Milli Məclisdə gecə klublarının yaratdığı səs-küyün normanı aşması ilə bağlı məsələ qaldırmışdı. Millət vəkilinin sözlərinə görə, bundan sonra gecə klublarında səsi izolyasiya etmək üçün müxtəlif tədbirlər görülüb, bu problemin qarşısı nisbətən alınıb: “Mən bildirmişdim ki, ya gecə klublarında səsi izolyasiya etmək üçün müxtəlif avadanlıqlardan istifadə edilməlidir, bu klubların-restoran və barların pəncərələri səs keçirməyən materialdan hazırlanmalıdır, ya da belə klublar yaşayış binalarından uzaqlaşdırılmalıdır. O vaxt bu problem nisbətən aradan qaldırıldı. Görünür, bu mövzunun yenidən aktuallaşdırmağa ehtiyac var.

Çünki şadlıq evlərində də toya gələnlər səsə görə məcbur olub zala çıxırlar. Restoranlarda, şadlıq evlərində işləyənlərin 90 faizi eşitmə qabiliyyətini itirir. Hazırda şadlıq evlərində elə toy sahibləri var ki, məclisdə yüksək səslənməyə yol verilməməsini əvvəlcədən razılaşdırır. Əgər bununla şadlıq evlərinin sahibləri razılaşmırlarsa, buna görə məsuliyyət daşımalıdırlar, insanların sağlamlığını kommersiya maraqlarına qurban vermək olmaz".

Gurultulu səsi yaşıllıqlar da udur

Ekspert Aytəkin İmranovanın bildirdiyinə görə, tikinti aparılarkən müasir avadanlıqlardan istifadə olunmalıdır ki, bu qədər səs-küy yaranmasın: “Yaxud şəhərdə yaşıllıqların qorunması da bu problemin həllinə kömək edər. Bakı şəhərinə xas olmayan ağacları xaricdən baha qiymətə gətirməkdənsə, Azərbaycan coğrafiyasına uyğun bitkilərin çoxalmasına şərait yaradılmalıdır. Bu həm şəhərdə oksigen təminatına, həm də gurultulu səslərin udulmasına imkan yaradar”.

Bəzən səs standartının tələblərini toy sahibi də pozur

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblının bildirdiyinə görə, “Şadlıq saraylarının təsnifatı və qaydalar”da iaşə obyektlərinin, eləcə də digər xidmət müəssisələrinin səs akustikasının sərhədlərinin müəyyən edilməsi əksini tapıb. Bu normaları pozan şadlıq sarayları və iaşə müəssisələri haqqında İnzibatı Xətalar Məcəlləsinə görə, 1000 manat cərimə tətbiq olunur: “Əməkdaşlarımız əsasən Bakının Nizami rayonunda bu qaydaların pozulması hallarına rast gəliblər. Komitənin nümayəndələri heç bir xəbərdarlıq etmədən şadlıq evlərinə daxil olub, standartın tələblərinin əməl olunub-olunmamasını nəzərdən keçiriblər.

Səs tembri 81 dessibeldən yuxarı olduqda artıq bu, normadan kənaraçıxma hesab edilir və müvafiq tədbir görülür. Amma əməkdaşlarımız fərqli hallarla da rastlaşıblar. Toy sahibi şadlıq evindən musiqi səsinin yüksək olmasını tələb etdikdə, məsələyə bizim müdaxiləmiz çətinləşir. Əlbəttə, bütün bu problemlərin birdən-birə aradan qaldırılması mümkün deyil və biz zaman-zaman bu məsələlərin həlli istiqamətində tədbirləri davam etdirəcəyik".

Sevil HİLALQIZI


Müəllif:

Oxşar xəbərlər