23 Avqust 2017 22:28
2 598
12 Punto 14 Punto 16 Punto 18 Punto

I Yazı
http://teleqraf.com/news/toplum/146243.html

II Yazı
http://teleqraf.com/news/toplum/146371.html

Partizanlara qarşı zəhərli qaz

“Bildiriş”in 2 aprel 1931-ci il tarixli 35-ci sayından bəlli olur ki, ruslar üsyançıları məğlub etmək üçün zəhərli qazlardan istifadə ediblər: “Azərbaycanın Qazax qəzasının Karvansaray keçidlərində illərdir müqavimət göstərən Şakir bəyin kəndli partizanları əleyhinə Sovet hökuməti zəhərli qazdan istifadə edib. Partizanlar geri çəkilməyə məcbur olublar. Kəndlilərin mal-qarası da zəhərli qazdan məhv olub. Fevral ayının 12-də Gəncə qəzasının Samux və Ceyrançöl nahiyələrində qırmızı ordu ilə partizanlar arasında qanlı müharibə baş verib. Qırmızılar Samuxda 300, Ceyrançöldə 150 tələfat veriblər. Partizanların tələfatı 140-a yaxındır.
Zaqatala qəzasının Xaçbulaq nahiyəsində hələ də davam edən müharibədə qırmızılar 400 itki veriblər. Mücahidlərin sayı gündən-günə artmaqdadır. Alınan məlumata görə, Sovet hökuməti Qarabağ, Şəki, Zaqatala və Qazax vilayətlərinə 40 min rus əsgəri göndərib... Qırmızılar yerli xalqla çox vəhşicəsinə rəftar edirlər. Fevralın ortalarında Gəncə qəzasında 60 nəfər güllələnib”.

Qəzetin 23 aprel 1931-ci ildə çap olunan 38-ci sayından öyrənirik ki, üsyançılar dəmiryol xətlərindən birini dağıdaraq kəndlilərdən zorla toplanılan ərzaq dolu qatarı aşırdıblar. Qarşıdurmada 17 qırmızı ordu əsgəri öldürülüb. Üsyançılar Bakı-Xaçmaz dəmiryolu xəttində də buğda dolu qatara hücum edərək qatar rəisini qətlə yetiriblər. Qazax partizanları isə yerli kommunist təşkilatının 5 üzvünü öldürüblər.

Bakını ələ keçirmək planı

Qəzetin 30 aprel 1931-ci il tarixli 39-cu sayında İran mətbuatına istinadən verilən xəbərə görə, partizan dəstələri birləşərək Bakını işğaldan azad etmək istəyiblər: “Martın 18-də Naxçıvanın Qızılboğaz məhəlləsində Qasım və Əli bəylərin başçılıq etdikləri partizanlarla qırmızı ordu hissələri arasında iki gün davam edən qanlı müharibə baş verib. Rus əsgərləri qaçarkən günahsız əhalini qılıncdan keçiriblər. Nəzər Cəfərqulu oğlu tərəfindən idarə edilən digər bir partizan dəstəsi Qarabağda qəsəbələrə hücum edərək kooperativlərdən və digər sovet müəssisələrindən götürdükləri ərzaq və əşyaları möhtac kəndlilərə veriblər. Quba vilayətində istiqlalçıların mücadiləsi son zamanlarda çox şiddətlənib. Gəncə və Zaqatala partizanlarından bir qismi Quba mücahidlərinin köməyinə gediblər. Bu partizanlar birləşdikdən sonra Bakıya hücum etmək istəyiblər. Bolşeviklər onları zəhərli qaz, top və təyyarə ilə geri çəkilməyə məcbur ediblər”.

Beriyanın mükafatlandırılması

“Bildiriş”in 40-cı sayında çekist Beriyanın Qafqazda baş verən kəndli üsyanlarını yatırmaqda göstərdiyi xidmətlərə görə “Qızıl bayraq” nişanı ilə təltif olunduğu yazılıb: “Qafqazın müxtəlif yerlərində baş verən üsyanları təkzib edən Sovet hökuməti indi bu hərəkəti ilə üsyan hadisələrinin bir həqiqət olduğunu etiraf edir”.
Qəzetin bu sayındakı digər bir xəbərdə Azərbaycanda partizanların ümumi sayının 6 min nəfər olduğu qeyd olunur.

“Sarı kürklü”lərin vəhşiliyi

Qəzetin 14 may 1931-ci il tarixli 41-ci sayında əhalini talamaq, işgəncə vermək, öldürmək üçün yeni rus dəstələrinin gəldiyi bildirilir: “Azərbaycanın müxtəlif yerlərindəki partizan hərəkatını yatırtmaq üçün Rusiyadan yenidən 5 minə yaxın QPU əsgəri gəlib. Gələn əsgərlər sarı kürk geyindikləri üçün əhali onlara “sarı kürklülər” adını verib. Azərbaycanın müxtəlif şəhər və qəsəbələrinə yerləşdirilən “sarı kürklülər” əhalini təmizləmək, yəni onları həbs etmək, hər tərəfi yağma etməklə məşğuldurlar... Bakıda 500, Naxçıvan və ətrafında 45, Borçalı və digər məntəqələrdə 400 nəfər həbs edilib, onların mühüm qismi güllələnib”.

Qəzetin 28 may 1931-ci ildə çap olunan 43-cü sayında bolşeviklərlə partizanlar arasındakı növbəti qarşıdurmadan bəhs edilir: “Naxçıvanda üsyan əvvəlki kimi davam edir. Üsyançılara kömək etdikləri üçün Naxçıvanın müxtəlif yerlərində 17 nəfər güllələnib... Cəfər Qulu oğlunu güllələdikdən sonra 800 qoyunu, 90 öküzü, 24 atı hökumət tərəfindən müsadirə edilib mərkəzə göndərilib... Zəngəzur qəzasında 21 kişi güllələnib”.
Hüsü Hacıyevin öldürülməsi

“Bildiriş”in 16 iyul 1931-ci ildə çap olunan 50-ci sayında Hüsü Hacıyevin kəndlilər tərəfindən öldürülməsindən bəhs edilir: “Su işlərini təftiş üçün Ağdaş qəzasının Girəzi kəndinə gedən Azərbaycanın sabiq komissarlarından, qatı kommunist, Azərbaycan su müəssisəsi rəisi Hüsü Hacıyev kəndlilər tərəfindən qətlə yetirilib... Bu münasibətlə yazdığı məqaləsində Azərbaycan Komissarları Şurasının rəisi Dadaş Bünyadzadə xalqı şiddətlə təhdid edərək “Hüsü Hacıyevin hər bir damla qanından təkcə onu qətl edənlər deyil, partizan dəstəsinə mənsub olanlar, bir sözlə, zəngin kəndlilər məsuldurlar” deyib”.

Yenə qəzetin bu sayından öyrənirik ki, Hüsü Hacıyevin qətlinə görə bolşeviklər Ağdaş qəzasında qətliama, həbslərə başlayıblar. Buna cavab olaraq əhalinin bir qismi partizanlara qoşulub, bir qismi isə İrana qaçıb.
Qəzetin 52-ci sayından isə öyrənirik ki, Qarabağ vilayətlərində qaçaqçılıq etmiş Qaçaq Qabil iki ildir həbs edildiyi Təbriz həbsxanasında vəfat edib.

Qəzetin 55-ci sayındakı məlumata görə isə, Göyçay qəzasının Mollakənd kolxoz rəisi, eyni zamanda kommunist firqəsi katibi Həsənov kəndlilər tərəfindən qətlə yetirilib.

50 vaqonda sürgün edilən kəndlilər

“Bildiriş”in 27 avqust 1931-ci ildə çap olunan 56-cı sayı “Azərbaycandan Rusiyaya 50 vaqon kəndli sürgün edildi” başlığı ilə çap olunub. Yazıda deyilir: “Azərbaycanda aclıq hökm sürməkdədir. Hər adama bir qara çörək verilir. Məmləkətin hər tərəfi rus əsgərləri tərəfindən istila edilib. Azərbaycan qırmızı ordusunda türk zabiti yox kimidir. Kəndli üsyanlarının mərkəzi olan Şəki, Gəncə və Qarabağ vilayətlərində qırmızı ordunun xaraba qoymadığı kənd qalmayıb. Bu vilayətlərdən və digərlərindən kollektivləşdirməyə müqavimət göstərən kəndlilər yığın-yığın Rusiyaya sürgün edilir. İki ay əvvəl bolşeviklər 50 vaqon kəndlini sürgün ediblər. Partizanlar Rusiyaya gedən qatarlara hücum edərək 5 vaqon əsiri xilas edib, özləri ilə birlikdə dağlara aparıblar”.
Ramazan oğlunun öldürülməsi

“Bildiriş”in sonuncu 58-ci sayında isə kəndli üsyanlarının ən güclü başçılarından Rüstəm Ramazan oğlunun necə öldürülməsindən bəhs edilir: “Ramazan oğlu onun tərəfinə keçən, onunla bərabər bir il bolşeviklərlə mübarizə aparan üç kommunist tərəfindən yataqda ikən qətlə yetirilib... Ramazan oğlunun kiçik qardaşı yaralı olsa da, üç xain terrorçunu öldürməyə, bununla da intiqam almağa nail olub”.

Qəzetin bu sayından onu da öyrənirik ki, Gəncəni mühasirəyə alan, evlərdə axtarış aparan bolşeviklər əhalidən 4 min silah toplayıb.

***
Beləliklə, “Bildiriş” qəzetinin səhifələrində Azərbaycanda bolşeviklərə qarşı kəndli üsyanları ilə bağlı əsas xəbərləri sizlərə təqdim etdik.

İlk yazıda da qeyd etdiyimiz kimi, bu kəndli üsyanları sistemli şəkildə araşdırılmalı, arxiv sənədləri və xatirələr əsasında tədqiqatlar aparılmalıdır. Bu sahədə Rəhman Salmanlı “Ramazan oğulları”, Anar Turan və Ceyhun Bayramlı “On yeddi illik mücadilə”, Həbibulla Manaflı “Şəki üsyanları” kitabını yazıb. Eləcə də, başqa tədqiqatçıların kitab və məqalələri mövcuddur.

Ümid edirik ki, Azərbaycan xalqının ruslara qarşı apardığı 17 illik mücadilə haqqında gələcəkdə geniş tədqiqat əsərləri yazılacaq.


Müəllif: Dilqəm Əhməd