3 İyul 10:56
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birinci yazı

II Dünya müharibəsindən sonra Türkiyədə Azərbaycan istiqlal mübarizəsində Məhəmmədəmin Rəsulzadənin ətrafına toplaşan Qars və Iğdırda yetişmiş şəxslər önəmli rol oynayıblar. Üç hissədən ibarət Aküzüm ailəsi haqqındakı yazımızda bu şəxslərdən Feyzi Aküzümün xidmətlərindən bəhs etmişdik. Budəfəki yazımızda Qaraca ailəsindən Əhməd bəyin həyat hekayəsinə, xatirələrinə, müstəqillik ideyalarına nəzər yetirmişik. Yazımızın birinci qismində Əhməd Qaracanın öz dilindən ailə şəcərəsi, XX əsrin əvvəlindəki hadisələr, Azərbaycandan köç kimi məsələlərə yer vermişik.

Xaçlılardan xaçlılara

XV əsrdən Osmanlı sultanının xidmətində olan Qaraca ailəsindən Cəmaləddin bəy xaçlılarla döyüşdə şəhid olub. Əhməd bəy xatirələrində bu barədə maraqlı bilgilər verib: “Ailəmizin şəcərə qeydlərini nəzərə alsaq, Anadolu əsilli olduğumuz bəlli olar. Soy ağacımızın ən üstündəki şəxs XV əsrdə yaşamış Cəmaləddin Qaraca bəydir. Sultan II Murad 1444-cü ildə Bolqarıstanın Varna şəhəri yaxınlığında xaçlı ordusu ilə müharibə apardığı zaman Anadolu bəylərbəyi Cəmaləddin Qaraca bəy şəhid olub. Bu hadisədən 200 ilə yaxın müddət keçdikdən sonra bu dəfə Sultan IV Murad Rəvan səfərinə çıxarkən (1630-da) Cəmaləddin Qaraca ailəsindən Qaraca Yüzbaşını öz yanında vəzifələndirmişdir”.

Əhməd bəyin yazdığına görə, bir rəvayətə görə, ulu dədəsi Cəmaləddin bəy Sultan Məhəmməd Çələbinin qızı ilə evli olub. Həm bu səbəbdən, həm də Qaraca Yüzbaşının şücaətinə görə Tuzluca qəsəbəsi civarındakı – Araz çayının hər iki sahilindəki - ərazilər ona verilibmiş. Dədələrdən Ramazanın zamanında isə ailədaxili ixtilaflar yaranıb, ona görə də Ramazan bəy Araz sahilindəki kəndlərini tərk edib Alagöz dağının şərq yamacındakı Persi kəndinə yerləşib: “Persi və ya persilinin nə məna ifadə etdiyini bilmirəm. Ancaq bu ad bir ləqəb olaraq ailəmiz üçün hələ də istifadə olunur”.

Əhməd bəyin əmisi Kəlbə Həsən (Turan) Persi kəndinin qlavası olub. 1917-ci ildən sonra ailə bu dəfə də xaçlı yürüşünə - ermənilərin təcavüzünə məruz qalıb. Ona görə də Kəlbə Həsən ailəsini götürərək Gəncəyə köçüb. Kənddəki ərazilərini də qardaşı Ramazana və Vəliyə (Əhməd bəyin atasına) buraxıb. Qısa zamanda ermənilər qardaşların evini mühasirəyə alıblar. Əhməd bəyin atası Vəli Qaraca həmin hadisələri belə xatırlayırdı:

“Mən və qardaşım yan-yana evdən çıxdıq. Əlimizdə ağ dəsmal sallayaraq təslim olmaq istədiyimizi başa salmağa çalışdıq. Amma bizə qulaq asmadılar. Üstümüzə yaylım atəşi açdılar. Mərmilər ayaqlarımızın dibindəki çayırları dəhrə kimi biçdi, amma bizə tuş gəlmədi. Ermənilər nə düşündülərsə, yaylım atəşindən vaz keçib, bizi tutub apardılar. Yorğun-arğın yeriyirdik. O an qarşılaşdığımız mənzərəni unutmağım əsla mümkün deyil. Qonşu kəndin tanınmış simalarından olan qazının başı kəsilmiş, iri bir itin başına tasma kimi asılmışdı. İt insan başını zorla aparırdı, təngnəfəs qalırdı. Bizim də axırımız belə olacaq deyə qorxmuşduq. Qonşu kəndə apardılar. Kəndin yarısı müsəlman, yarısı erməni idi. “Konaxa”, yəni “qonşu, dost” olaraq adlandırdığımız və yaxından tanıdığımız bir erməninin evinə apardılar. İkinci mərtəbəyə qaldırıb bir otağa saldılar. Saat gecəyarını çoxdan keçmişdi. Otağımızın qapısı yavaşca açıldı. İçəriyə qaranlıq bir kölgə girdi. Bu, bizim erməni “konaxa” idi. “Bu pəncərədən qaçın, qurtulun, edam edilməyinizə qərar verildi, sabah hamınızı güllələyəcəklər” dedi. Erməninin dediyinə şübhələndim. “Görəsən, biz qaçarkən arxadan atəş açıb öldürməyimi planlayırlar” deyə düşündüm. Amma yolda gördüyüm iti və qazının aqibətini xatırladığımda bu sözlərin doğru olacağına inanmaq məcburiyyətində qaldım. Qardaşımla birgə pəncərədən tullandıq. Bağçanı aşıb qaranlığın içində qeyb olduq. Qurtulmuşduq. Vaxt itirmədən Gəncə şəhərinə doğru yola düşdük.

Gəncədə bizə çox hörmət edirdilər. Azərbaycan Milli Komitəsi topladığı ərzaq və pulu mühacir ailələrə çatdırır, problemləri ilə yaxından maraqlanırdı. Ailəmiz dirçəlib baqqal dükanı açmağı da bacarmışdı. Yerli əhali bizdən alış-veriş edir, topdansatışçılar da əllərindəki yağ, pendir kimi qida məhsullarını bazar dəyərindən ucuz qiymətlə bizə satırdılar. Qısa müddətdə iqtisadi baxımdan belimizi qaldıra bilmişdik”.

Gəncədən Qarsa

Azərbaycan Cümhuriyyətinin işğalından sonra Gəncədə baş verən dirənişə qatılan Qaraca ailəsi daha sonra Türkiyəyə köçməyi qərara alıblar. Kəlbə Həsən vaxtilə Güney Azərbaycandakı Səttarxan hərəkatına yüz atlı ilə yardım etdiyi üçün orada olan İttihad və Tərəqqinin simalarından Mahmud Şövkət Esendalı və Xəlil Qut paşanı tanıyırdı. Ona görə də həmin vaxt Türkiyənin Bakıdakı səfiri olan Esendalın yanına gedirlər. Mahmud Şövkət bəy onun və iki qardaşının ailəsinə Türkiyə təbəəsi olduqlarına dair sənəd verəcəyini, amma başqa əqrəbalarına bunun mümkün olmayacağını söyləyir. Beləliklə, üç qardaş sənədləri alıb ailələri ilə birgə qatarla Qarsa gedirlər. Yeri gəlmişkən qeyd edək ki, türk səfir bu yolla bir çox azərbaycanlını da xilas edib.

Qaraca ailəsi o zamanlar Qarsın tərkibində olan Iğdırın Hakveyis kəndinə yerləşirlər. 1930-dan sonra Iğdırın mərkəzinə köç edirlər. 1934-cü ildə soyad qanunu çıxdığı zaman Vəli bəy Qaraca soyadını, qardaşları Həsən və Ramazan isə Turan soyadını alırlar.

Qaracalardan Əhməd bəy

Əhməd Qaraca 22 sentyabr 1929-cu ildə Iğdırın Hakveyis kəndində doğulub. Əli adlı qardaşı, Telli adlı bacısı olub. Əli bəy 1917-ci ildə Persi kəndində doğulub, hüquq fakültəsindən məzun olub, Ankarada Ticarət Nazirliyində çalışıb.

Əhməd bəy ibtidai və orta məktəbi Iğdırda bitirib, daha sonra Ankaradakı Atatürk liseyində oxuyub. 1947-ci ildə liseydən məzun olub. Daha sonra Ankarada tibb fakültəsində ali təhsilə başlayan Əhməd bəy adaşı Əhməd bəy Ağaoğlunun qızı Tezer Taşkıran xanımın köməyi ilə 1952-ci ildə Anadolu Agentliyində işə başlayıb. Ardınca Ankara Universiteti Dil-Tarix-Coğrafiya Fakültəsinin klassik filologiya bölümünə adını yazdırıb, oradan məzun olub. 1983-cü ilə qədər Ağaoğlunun qurucusu olduğu Anadolu Agentliyində çalışan Əhməd Qaraca orada parlament müxbiri, daxili xəbərlər müdiri, xəbər dairəsi müdiri kimi çalışıb. Əhməd bəy həmçinin Qazi Universitetinin İlətişim Fakültəsində 11 il dərs deyib. Bir müddət Alparslan Türkeşin dəvəti ilə MHP-nin mətbuat müfəttişi vəzifəsində çalışıb. 1980-ci il çevrilişində həbs olunub, dörd ay yarım nəzarətdə saxlanılıb.

Rəsulzadə ilə tanışlıq

Şübhəsiz ki, Əhməd Qaracanın jurnalist kimi fəaliyyətindən daha çox onun Məhəmmədəmin Rəsulzadənin qurduğu Azərbaycan Kültür Dərnəyindəki əməyi bizim üçün daha maraqlıdır. Əhməd bəy bir xatirəsində Rəsulzadənin adını ilk dəfə necə eşitdiyini bu şəkildə qeyd edib:

“İbtidai sinif şagirdi idim. İğdırın qovurucu isti bir günündə qonağımız olan azərbaycanlı doktorla mərhum qardaşımın söhbətinə qulaq asırdım. Qardaşımın həyəcanlı şəkildə “Doktor, Rəsulzadəgil bizi gözləyir” deyə başlayan cümləsi bütün varlığımı əhatə etdi və “Rəsulzadə” sözünü unutmamaq üçün bir neçə dəfə təkrarladım. Atamdan “Rəsulzadə kimdir?” deyə soruşduğum zaman onun Azərbaycanın böyük öndəri, yılmaz mücahidi olduğunu dedi: “Onun cızdığı yol hamımıza rəhbər olmalıdır. O, indi Almaniyada mücadiləsinə davam etməkdədir”. Məndə milli hisslərin ta uşaqlıqdan bəri cücərib inkişaf etməsinin səbəbi Məhəmmədəmin Rəsulzadə olub”.

Tale Əhməd Qaracaya 1948-1955-ci illərdə Rəsulzadənin yanında çalışmaq şansını verəcəkdi...


Müəllif: Dilqəm Əhməd