5 Dekabr 20:10
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov Türkiyənin İzmir Yüksək Texnologiyalar İnstitutunun (İYTE) rektoru, professor Yusuf Baran və Kitabxana və sənədləşmə şöbəsinin müdiri Gültekin Gürdalla görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə universitetdən məlumat verilib.

Bildirilib ki, qonaqlar əvvəlcə ADNSU-nun Azərbaycan-Türkiyə Dostluq Mərkəzi ilə tanış olub, türkiyəli şəhidlər- professor İlhan Varank və Erol Olçokun adları verilən auditoriyaları gəzib, ADNSU-da şəhidlər üçün ucaldılmış abidə kompleksini ziyarət ediblər.

Qonaqları universitetdə salamlayan rektor əvəzi, dosent Vazeh Əskərov ADNSU-nun tarixi, tədris prosesi, universitetin maddi-texniki bazası, həmçinin beynəlxalq əlaqələr və əməkdaşlıqdan danışıb. ADNSU-nun son illərdə beynəlxalq reytinqlərdə artan nüfuzundan söz açan dosent Vazeh Əskərov xarici universitetlərlə, əsasən də Türkiyə universitetləri ilə əməkdaşlığa xüsusi önəm verildiyini, eyni zamanda birgə layihələrdə, elmi tədqiqat işlərinin aparılmasında, tələbə-müəllim mübadiləsində, yaşıl enerji ilə bağlı birgə tədris proqramının yaradılmasında maraqlı olduğunu qeyd edib.
ADNSU-da olmaqdan məmnun olduğunu deyən İzmir Yüksək Texnologiyalar İnstitutunun (İYTE) rektoru, professor Yusuf Baran səmimi qarşılanma və qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Təmsil etdiyi ali təhsil müəssisəsi haqqında ətraflı məlumat verdikdən sonra birgə əməkdaşlıqda, əsasən də yaşıl enerji, enerji sistemləri və mühəndislik sahələrində birgə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirib. Bu istiqamətdə birgə layihələr və magistr proqramlarının hazırlanmasının hər iki universitet üçün faydalı olacağına əminliyini ifadə edib.

Sonra tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb və xatirə hədiyyələri təqdim edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər