Tovuz rayonunda partlayış zamanı xəsarət alan yaralıların son durumu açıqlanıb.
Teleqraf.com xəbər verir ki, Tovuz rayon Mərkəzi Xəstəxanasının həkimi Şahin Sabirovun verdiyi məlumata görə, hadisə zamanı Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 32 yaşlı Rüstəmov Rasim Sahib oğlunun vəziyyəti normaldır. Partlayış zamanı xəsarət alan daha bir şəxs - 58 yaşlı Quliyev Ələddin İsrafil oğlu durumu isə daha ağırdır.
"Mərkəzi Xəstəxananın qəbul şöbəsinə müxtəlif medal yanıq xəsarətləri ilə iki nəfər gətirilib. Xəstələr ilkin olaraq müayinə olunub, rentgen, müayinə və ultrasəs müayinəsi edilib. Lazımi tibbi yardım göstərilib. Bir xəstənin vəziyyəti kafidir" - deyə Şahin Sabirov bildirib
Məlumat üçün bildirək ki, bu gün Tovuz rayonunun "Təzə Bazar" adlanan ərazisində partlayış baş verib. Faktla bağlı araşdırma başlanılıb.
***
Tovuz şəhəri, M.Musayev küçəsində avtomobil təmiri sexinin qarşısında yük avtomobilinin çənində təmir işləri aparılan zaman partlayış baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, partlayış nəticəsində 2 nəfər xəsarət alıb.
Qeyd edilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub. Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
***
16:49
Tovuzda sexdə partlayış nəticəsində xəsarət alanların adları açıqlanıb.
Teleqraf.com xəbər verir ki, çilingər sexində baş verən bədbəxt hadisə zamanı 32 yaşlı Rüstəmov Rasim Sahib oğlu və 58 yaşlı Quliyev Ələddin İsrafil oğlu xəsarət alıb.
Yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralılardan Ələddin Quliyevin vəziyyəti daha ağırdır.
***
16:16
Tovuzda sexdə partlayış baş verib, yaralılar var.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun "Təzə Bazar" adlanan ərazisində qeydə alınıb.
Çilingər sexində baş verən hadisə zamanı iki nəfər xəsarət alıb. Yaralılardan birinin vəziyyəti daha ağırdır. İlkin məlumata görə, yanacaq çənini kəsərkən hadisə baş vərib. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) texnikası və ondan artıq canlı qüvvəsi cəlb olunub.
Həmçinin Tovuz rayon prokurorluğu, Polis Şöbəsinin rəsmiləri cəlb olunub. Faktla bağlı araşdırma başlanılıb