Bu gün bizim qarşımızda hibrid təhlükəsizlik məsələsi dayanıb. Rumıniyada prezident seçkiləri keçirildi və xarici müdaxilə olduğu üçün nəticələrə ləğv edildi. Bu, hibrid müharibənin vacib nümunələrindəndir.
Teleqraf.com xəbər verir ki, bunu "İctimai diplomatiyada parlamentlərin Azərbaycan və Türkiyə nümunəsi” mövzusunda keçirilən panel müzakirələrdə Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Ziyafət Əsgərov deyib.
Deputat vurğulayıb ki, Milli Məclis hibrid müharibələrə qarşı komisiya yaradıb:
"Beynəlxalq hüquqdan danışırıq, amma diplomatiyanın arxasında güc dayanmırsa, bu işləməyəcək. Qarabağ müharibəsi buna nümunədir. 30 il sülhlə torpaqları azad etməyə çalışdıq. Fransa, Rusiya buna mane oldu. Biz də bütün sahələrdə gücləndik və torpaqlarımızı azad etdik. Bu gün beynəlxalq hüquq 5 dövlət üçün çalışır. Bizdən tələb edirdilər ki, gedin sülhlə münasibətlərinizi həll edin. Ancaq bu yetərsiz idi. Biz Qarabağ müharibəsindən bir neçə nəticə çıxardıq. Bildik ki, Türkiyə və Azərbaycanın dostluğu nə dərəcədə dərindir. Bunu qısqananlar da var. Ona görə də hər iki ölkənin parlamentləri sözügedən məsələyə dair qanunlar qəbul etməlidir. Belə məsələlərlə güclənməliyik. Bu gün gücün varsa, hər şey edə bilərsən. Təəssüf ki, bu, reallıqdır. Nə qədər güclü olacağıqsa, bizə salam verəcəklər".