Səhiyyə Nazirliyi milli səhiyyə sistemində müasir dövrün tələbi və innovativ düşüncə məhsulu olan Rəqəmsal Səhiyyə ekosisteminin tətbiqi ilə bağlı tədbirləri davam etdirir.
Bu barədə Teleqraf.com-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu Qaydası”nın icrasını təmin etmək məqsədilə Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi”nin (VSİS) “İşə qəbul” altsistemi hazırlanaraq istifadəyə verilib. Dövlət tibb müəssisələrinə işə qəbul prosesinin rəqəmsallaşdırılmasında məqsəd şəffaflıq və aşkarlığın təmin olunması, habelə namizədlərin sənədlərinin elektron qaydada vaxt itkisi olmadan operativ olaraq təqdim edilməsi imkanlarının yaradılmasıdır.
Tibb işçiləri Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrində öz ixtisaslarına uyğun mövcud vakansiyalar barədə məlumatı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi internet saytında
(https://sehiyye.gov.az/tibb-iscileri/insan-resurslari/ və ya https://kabinet.e-health.gov.az/modul/miq/vacancies) verilən elanlar vasitəsilə əldə edə bilərlər.
Qeyd edilib ki, tibb işçilərinin işə qəbulu vakant vəzifənin olduğu tibb müəssisəsi tərəfindən müsahibə əsasında aparılır.