Bakı şəhəri, H.Mirzəyev 1069 ünvanında yerləşən, fiziki şəxs Yusifov Namik Səlim oğluna məxsus qablaşdırılmış su emalı müəssisəsində yoxlama zamanı ciddi nöqsanlar müəyyən olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, emal zamanı texnoloji ardıcıllıq prinsipinin pozulduğu, qablaşdırma materiallarının yuyulması prosesinin kustar üsulla həyata keçirildiyi, 19 litrlik “Xanbulaq” əmtəə nişanlı suların qablaşdırılmasında istehsal tarixinin qeyd edilmədiyi aşkarlanıb.
Qeyd edilib ki, faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti dayandırılıb.