15:26
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğız Respublikasının iqtisadiyyat və ticarət nazirinin müavini Sanjarbek Bolotov, maliyyə nazirinin müavini Ruslan Tatikov, həmçinin Türk Dünyası Mediatorlar Birliyinin sədr müavini Jandildə Jakupovun rəhbərlik etdiyi nümayəndə heyətləri ölkəmizə rəsmi səfərləri çərçivəsində “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Bu barədə Teleqraf.com-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən (ASAN xidmət) məlumat verilib.

Bildirilib ki, Ruslan Tatikov ilə görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov qurumun müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Həmçinin 2024-cü ilin 24 aprel tarixində imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Qırğız Respublikasının Rəqəmsal İnkişaf Nazirliyi arasında Qırğız Respublikasında dövlət xidmətləri mərkəzlərinin təkmilləşdirilməsinə dair Anlaşma Memorandumu”nun həyata keçirilməsinə dair müzakirələr aparılıb.

Nümayəndə heyətlərinə Dövlət Agentliyinin 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilərək xüsusi mükafata layiq görülməsi, o cümlədən “ASAN xidmət” modelinin müxtəlif ölkələrdə uğurla tətbiq olunduğu bildirilib.

Qonaqlar “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin, buradakı innovativ yeniliklərin onlarda yüksək təəssürat yaratdığını və sözügedən təcrübənin öyrənilməsində və tətbiqində maraqlı olduqlarını vurğulayıblar.

Görüş çərçivəsində nümayəndə heyətləri “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin, "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə də tanış olublar.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər