17 Oktyabr 2016 16:10
1 350
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kəndimizdə bir kişi var – İmran. Burnu o qədər yekədir ki, üzü görünmür. Kəndin ən yaxşı montyorudur. Özünün dediyinə görə dara düşəndə, dost-tanış dada yetməyəndə burnundan üçüncü əl kimi istifadə edir. Kəndin cavan uşaqları İmranın burnunu həmişə lağa qoyur, gülürlər, o da deyilən sözləri eyninə almır, hər şeyi zarafat kimi qəbul edir. Hərdən özü də öz burnunu ələ salıb gülür və bu da onu kənar lağlağılardan az da olsa qoruya bilir.

İmranın 60-dan çox yaşı var. Oğlu, qızı, nəvə-nəticələri bostan kimi tağ atıb. Arvadı da yaxşı insandır. Amma İmranın hər gün içməsi, bəzən yatıb küçələrdə qalması, yüz qramdan sonra kəndin ortasında uca səslə mahnı oxuması, qabağına çıxan adama pis-pis söyüşlər söyməsi istər-istəməz arvadı da, oğul-uşağı da bezdirib, yorub.

Ölmək fikri də yoxdur İmranın, sağlam, buz baltası kimi bir kişidir. Arvadın, oğul-uşağın ataya ölüm arzulaması dəhşətli bir şeydir. Hələ burun da bir tərəfdən.

Bir dəfə İmrandan burnunun nə üçün bu qədər eybəcər olduğunu soruşdum. Danışdığı bir hadisəyə həm kədərləndim, həm də güldüm. Nə qəribə taleyi varmış İmranın. Gəncliyində qonşuda bir qızı sevirmiş. Dərdindən lap dəli-divanə olubmuş. Hər gün qapılarının ağzında oturub siqareti siqaretə calayırmış. İmranın babası da peşəkar montyor olub. Bu peşə onların nəslində sanki irsi idi. 25-26 yaşında cavan bir oğlan elektrik işini necə bacarır, bütün kənd, hətta rayon mat qalıbmış. Təhsili-zadı da yoxdur.

Bir gün İmranın sevdiyi qızın evlərində işıqlar sönür. Qızın anası gecənin bir aləmində İmranı səsləyir. Təcrübəli montyor quş kimi uça-uça qonşunun həyətinə, oradan da işıq dirəyinin başına dırmaşır. Bərk yağış yağırmış, külək də əsirmiş. Birdən elektrik onu 3-4 metr hündürlükdən yerə çırpır. Onun o boyda yerdən yığılıb sağ qalmasını kənddə hamıya möcüzə kimi gəlir. Ona görə tez-tez İmrana deyirlər ki, sənə heç Allahın da gücü çatmır.

Sevdiyi qızın qapısında, daha doğrusu, qızın ayaqları altında yerə sərilməyi İmran özünə sığışdıra bilmir. Birdən-birə qollarına qəribə güc gəlir. Qalxıb ağlaya-ağlaya qırılıb bir ucu yerə düşmüş elektrik məftilinin üstünə cumur ki, sən kimsən məni vurursan? Elektrik bu dəfə İmranı ikiqat güclü zərbə ilə təzədən qaldırıb yerə çırpır. İmran yenə ölmür, amma burnundan qan açılır, burnu parça-parça olur, çox eybəcər bir hala düşür.

Həmin işıq dirəyini İmran mənə göstərdi, oradan necə yıxıldığın, başının hansı daşa dəydiyin, ayağının necə burxulduğun detalları ilə danışdı. İmran bu hadisəni mənə danışdıqca gözləri burnunun arxasında işıq kimi yanıb sönürdü.


Müəllif: Kəramət Böyükçöl