Hər gün yazı yazan adamlarıq, pis-yaxşı çörəyimiz qələmdən çıxır.
Ancaq dəfələrlə demişik ki, bu yazılar bizi yorur, zövq vermir, incidir.
Çünki əlimizdəki qələm deyil, sanki çörək ağacıdır.
Kitabsız bir cəmiyyətdə yaşayırıq, sözə, qələmin gücünə iynənin ucu boyda da inam yoxdur.
Əlinə bir az pul keçən adam o saat şairə, yazıçıya, ümumiyyətlə, qələm adamına lağ edir, ələ salır, dırnaqarası baxmağa başlayır.
Təəssüf ki, mənəvi güclə cəmiyyətdə qələbə çalmaq mümkün deyil.
Və belə-belə şeylər adamı həvəsdən, gücdən salır, yaza bilmirsən, daha doğrusu, yazmaq istəmirsən.
Elə küsürsən, elə inciyirsən ki, maddi ehtiyacların olmasa klaviaturaya heç vaxt yaxın belə durmazsan.
Bəs sən öz gücünü nədən almalısan?
Səndə inam hissi necə yaranmalıdır?
Hiss edirəm ki, ziyalı, mənəvi güc, simasını qorumaq, işıq sözləri cəmiyyətin gözündən düşmək üzrədir.
Çünki bu sözlərin mühafizəsi yoxdur, bu ifadələr qorunmur.
Tələbələrin, gənclərin işığına toplaşmaq istədiyi ziyalılar çox azdır.
Barmaqla saya biləcəyimiz o işıqlardan biri də Qulu Məhərrəmlidir.
Biləndə ki, bu gün Qulu müəllimin doğum günüdür və mənim bu işıqlı ziyalı haqqında qonorara hesablanmamış fikirlər yazmaq istəyirəm, buna görə çox sevindim.
İçimdəki diri sözün ölmədiyinə inandım.
Çoxdandı ürəkdən yazı yazmırdım.
Elə bilirdim mən ancaq qonorar üçün işləyə bilərəm.
Özümə güvənim artdı, məndə stimul yarandı, həvəsə gəldim.
Düşündüm ki, hələ sağam, hələ ölməmişəm, yaşayıram, nəfəs alıram.
Sizcə, ziyalının cəmiyyətdə ən böyük missiyası bu deyilmi?
Gənclik sənə baxıb özünə inanır, sənə baxıb aydınlanır, durulur...
Qələmə təkcə çörək ağacı kimi yox, ürək ağacı kimi də baxa bilir.
Beləliklə, cəmiyyətin sağalması üçün bir işıq ucu görünür.
Şəxsən mən Qulu müəllim haqqında yazı yazıram ki, qoy adamlar mənim qələmimə inansınlar, etibar etsinlər.
Görsünlər ki, bu cavan oğlan işığı görə bilir, gözləri açıqdır, kor deyil.
Yanından qaçmaq istədiyimiz o qədər adamlar var, sayı-hesabı yoxdur.
Çox sevinirəm ki, nə yaxşı bu cəmiyyətdə oxşamaq istədiyimiz, ətrafına can atdığımız adamlar da var.
İnsanlar heç kimi boş-boşuna sevmir.
Heç kimə boş-boşuna nifrət də etmir.
Adamlar Elçibəyi nə üçün sevdiyi çox yaxşı bilir.
Və mən cəmiyyətdə, universitetdə, sosial şəbəkələrdə Qulu Məhərrəmliyə sevgini, hörməti, sayğını görürəm və bilirəm ki, heç kim onu bilməyərəkdən, təsadüfən sevmir...
Ziyalı işığının gurluğuna görə sevir.
Peşəkarlığına görə sevir.
Müəllimliyinə görə sevir.
Sözünün diriliyinə görə sevir.
Səmimiyyətinə görə sevir.
Və ən əsası, amansız bir mühitdə simasını qormağı bacardığına görə sevir.
Doğum günün mübarək, böyük insan!