Birinci tərəfin, yəni Rəbbimizin insana xitabları müqəddəs yazılarla, bu yazıların hər çağda üzə çıxardığı yeni-yeni hikmətlərlə ifadə olunur. O-ndan gələn informativ impulslar fasiləsizdir. Yaradan öz yaratdığına ardıcıllıq və fəallıq örnəyi verir. İkinci tərəfin, yəni insanın həmin dialoqda iştirakı isə passivdir. Və fəallığa Tanrı örnəyi gərəyincə dəvətli insanın öz xeyrinədir ki, ilahilə təmasları sürəkli ola. Bunların insan tərəfindən həyata keçirilən çeşidli formalarından biri duadır.
Tanrı-insan dialoqu dəvət-dua (eyni kökdən düzəlmə sözlərdir) məzmunlu bir ünsiyyətdir. Rəbbimiz imana, saleh əmələ dəvət edir, bu dəvətə uyğun yaşayıb çalışmalı olan insanlar da pis-yaxşı günlərində, anlarında O-nun gücünə, kəramətinə sığınmaq, O-ndan istəklərinin yerinə yetməsi naminə yardım ummaq, yaxud nemətlərə görə Ona şükürlərdə bulunmaqdan ötrü dua edirlər.
Dua anlamı Oxuda aid olduğu məzmun etibarilə "salat" (cəmdə "salavat") sözündə də ifadəsini tapır. Bu söz əsasən dua, namaz, xeyir-dua, rəhmət mənalarını bildirir. Namaz kimi qəbul edilən ibadət mahiyyətinə görə dua fəaliyyətinin özəl bir şəklidir. Başqa sözlə, namaz elə dua deməkdir ki, Tanrı ilə dialoqda bu da ayrıca bir blok təşkil edir.
Din "xadimlərinin" yetərincə ucuz və primitiv söhbət mövzusuna çevirdiyi namaz əslində son dərəcə unikal bir dua şəklidir. Bu ibadətdə iman yiyəsi özünü sözün birbaşa anlamında Tanrı hüzurunda, qəbulunda hiss etməlidir. Bunun məsuliyyətini anlayan şəxs öncə yuyunub təmizlənir, ənənəvi dindar ifadəsilə desək, dəstəmaz alır.
Müsəlmanlar namaz öncəsi hazırlıq işini bir qayda olaraq bu dəstəmazla bitmiş sayırlar. Və unudurlar Rəbbimizin daha bir göstərişini: "Bəzənib-düzənmiş, süslənmiş olun hər səcdə yerində, səcdə anında" (7:31). Səcdə hərəkətləri namazda ifadə olunduğundan ayənin təşviq etdiyi bayram geyimi və ovqatı da təbii ki, ibadətə aid bilinməlidir. Tanrı hüzuruna varmaq şərəfi və məsuliyyəti inanclılar üçün həmin o "protokol qaydasını" da şərtləndirir. Şübhəsiz, iman sahiblərinin psixoloji durumuna yaxşı mənada təsir göstərə biləcək təlqindir. Bu təlqin Tanrı qəbuluna bir sevgi ovqatı ilə düşmək zərurətinin də sətiraltı bəyanıdır. Birbaşa bəyanı da var Oxuda: "Namazları, orta namazı qoruyun, qılmaqda olun. Qalxın Tanrı hüzuruna sevgi ilə, sayğı ilə" (2:238).
Dua fəaliyyətinin başqa növlərindən fərqli olaraq namaz günün müəyyən vaxtlarına bağlıdır: "Namaz inananlar üçün vaxta bağlı bir yazı" (4:103).
Müsəlman dünyasında böyük əksəriyyət gündə beş dəfə namaz qılır. Və bunların ənənəvi qaydada müəyyənləşmiş sayda rükətləri var. Yeri gəlmişkən deyim ki, Oxu namazların və rükətlərin indiki sayları barədə konkret məlumat vermir. Müsəlmanların beş dəfə namazı peyğəmbər dövründən gəlişmiş ənənəyə əsaslanır. Bir çox müfəssirlər bunun şərhi üçün hədislərə əsaslanaraq Oxunun bəzi ayələrinə də istinad etməyə çalışırlar.
Çağdaş müfəssirlərin arasında ayələrə istinadən namazların üç, yaxud iki dəfə vacib olması qənaətini irəli sürənlər var. Bu yönümdə məhz o ayələr əsas götürülür ki, namazların daha konkret zamanlarını nişan verir. Məsələn: "Gündüzün iki ucunda, gecəyə yaxın saatlarda namaz qılın..." (11:114). "Gündüzün iki ucu" sübh və axşam vaxtının namazları üçündür. "Gecəyə yaxın saatlar" ya axşamla üst-üstə düşən, ya da axşamdan sonrakı gecə vaxtıdır. Namazların vaxtlarına dair bir ayə də var: "Namazı günəş gecə toranına əyiləndə qıl. Sübh Oxusunu da eləcə. Sübh Oxusu tanıqlıq ediləndir doğrusu" (17:78). Ayədə "Sübh Oxusu da eləcə" ifadəsini sübh namazında bir qism ayələrin oxunması kimi də şərh edilir. Bu sonuncunu sübh namazı kimi qəbul ediriksə, bu fərqləndirmənin nə ilə bağlı olduğu üzərində düşünməli olursan. Mələklərin sübh namazına şahidlik etmələri iləmi? Bəlkə təkcə sübh namazında bir qism dualarda Oxu ayələrinə istinad edilməlidir? Dəqiq deyə bilməsək də əminlyimiz var ki, bu fərqləndirmə yuxarıda istinad etdiyim ayələrin birində özəl olaraq vurğulanan "orta namaz" ifadəsilə bağlıdır. Sübh namazı və orta namaz?! Çoxlarına, əlbəttə, təəccüblü gələ bilər. Axı sübhün zaman baxımından ortalıqda olmasını necə anlayasan?
«Orta» sözü Oxunun bir çox ayələrində təkrarlanır: «orta ümmət», «orta yol» və s. Bu, kainatdakı tarazlığın insan davranışlarında, şüurunda, ovqatında əksini tapmalı olduğu vurğulanan mətləbə aid Oxuda ifadələnən fəlsəfədən gəlir. Bu mənada orta yol yolçuğu xüsusi dəyərdədir. Namazların biri barədə işlənən «orta namaz» fərqləndirməsinin də mənası, inanırıq ki, bu xüsusi dəyərlə şərtlənir. 2-ci surədə bu aydın ifadə olunur. Bəs 17-ci surədəki sübh namazının buna nə dərəcə aidiyyatı ola bilər?
Bizi bunu zaman baxımından da uyğun olub-olmadığı maraqlandırır, çünki gətirdiyim bir ayədə deyildiyi kimi, namazlar vaxta bağlı bir yazıdır. Və namazlar günəşin çıxma anı, batma anına görə, eləcə də gecəyə görə müəyyənləşirsə, ay təqvimi gününün saatları arasında isə günün çıxması anı zaman etibarilə ortadadır. Məsələn, bu gün avqust ayının 10-da gün saat 5:46-da çıxmağa başlayır, 19:44-də batır. Bu sübh və axşam saatlarının namazlarıdır. İnsan saat 22-24 arası saatlarda yatırsa, bu da olur gecə namazının vaxtı. Ay isə axşam 21:20-də çıxır, səhər 8:12 batır. Bu zaman içində qılınan gecə və sübh namazıdır, ardında da gəlir axşam namazı. Sübh namazı bu gecə ilə axşam namazının ortasında. Günün qaranlıqla işıqlı saatlarında müəyyənləşən namazlarda fərqləndirmə zatən müsəlmanlar üçün önəmli olan ay təqvimi kontekstində aparılır. Bunun ayrıca hikməti olmamış deyil, əlbəttə.
Peyğəmbərimizin əsasən beş dəfə namaz (günorta və günortadan sonrakı da daxil) qılması və qıldırmasına gəlincə, bunu o dövrə uyğun tələbatla bağlamaq daha doğru olardı. Sonrakı zamanlarda isə bu, bir ənənəyə çevrilmiş və bizim çağımızda da keçərliyini saxlamaqdadır.
Rükətlərin ənənəvi sayları da, nəzərə çatdırdığım kimi, Oxuda qeyd olunmur. Peyğəmbər dövrünə baş vuranlar bunların o zamanın özündə belə fərqli olduğunu bilməmiş deyillər. Hər halda zamanüstü mənbə Oxudur və din mənbəyi kimi məhz bu Yazıya da istinad etməyə borcluyuq. Ayələrdən çıxardığımız nəticə ondan ibarətdir ki, ibadətlərin həcmi ilk növbədə imanın gerçəkləşdirilməsilə bağlı şəxsi və ruhi tələbatlara uyğun gəlməlidir.
Onu da bilməliyik ki, başqa dinlərdən fərqli olaraq islamda ibadətlərin xeyli dərəcədə sadələşdirilməsi də nəzərdə tutulur. Bu, görünür, perspektivdə iman kamilliyinə xidmət edən məsələdir ki, Rəbbimiz inanclıların ünvanına belə buyurur: "Kim vermiş də çəkinmiş, doğrulamış o ən gözəl olanı, ona yüngülləşdirərik o ən yüngüldən yana" (92: 5-7). Və yaxud: "Tanrı istər sizə yüngüllük gətirə" (4:28).
Qeyd etdim ki, namaz ibadəti ümumilikdə bir dua növüdür. Bütün dualar kimi bunun da ana dilimizdə icrası gözəl olardı. Söhbət yenə də iman duyğusuna gerçək məzmun vermək, iman kamilliyinə çalışmaq zərurətindən gedir.
Hələliksə eşidək Rəbbimiz nə deyir: "De “İstər Onu Tanrı deyə çağırın, istər Rəhman, necə istəyirsiz çağırın, Onundur ən gözəl adlar”. Namaz qıldığında nə zilə qalx, nə də çox pəsdən oxu, bunların ortasında bir səsdə oxu" (17, 110-111).
Ərəb olmayan müsəlmanınkı əsrlərdən bəri belə gətirib, gərək namazını hökmən ərəbcə qıla. Təsəvvür eləyirəm bu, müsəlman şüurunu necə zədələyir. Şəksiz ki, anlaşıqsız bir dildə ibadət ilahi məntiqlə vacib görülən ağıl-duyğu tarazlığını pozur və dindar düşüncəsini bütpərəstlik məzmunlu təqlidçilik mərəzinə yoluxduraraq onu gerçək iman feyzindən məhrum edir. İbadət dönüb olur sadəcə bir din vərdişi, vəssalam. Bu vərdiş yiyəsi üçün namaz Tanrıya vaxtaşırı formal bədən təzimləri aktından başqa bir anlam daşımır. Arxayınlıqla Tanrı qarşısında borcunu yerinə yetirmiş olduğunu düşünür. Düşünmür və bəzən də mövhumatçılığının təsirilə ehtiyat edir düşünə ki, əzbərləyib dodaqaltı söylədiyi ifadələrin ərəbcə səsləndirilməsinin mətləbə, yəni İlahilə təmasına nə dəxli. Təbii ki, özgələrinin deyil də məhz Oxudakıları oxusaydı, bilərdi bir önəm daşımır bilmədiyi, ancaq əzbərlədiyi ərəbcəsi.
Oxuda oxuyuruq: "Ey inananlar, yaxın gəlməyin namaza nə qədər ki, sərxoşsunuz, bilənə qədər ki, nə deyirsiniz…” (4, 43). Ayədə sərxoş adamın itaəti konkret halda ona görə məsləhət görülmür ki, beləsinin namazda dedikləri heç özü üçün də anlaşıqlı olmur. Vurğulanan odur ki, ibadət edən nə dediyini ilk növbədə özü üçün aydınlaşdırıb bilməlidir. Mövhumatçı şəxs də adətən, namazda nə dediyinin fərqində olmur. Və məlum ənənəvi dindarlıq əlamətləri kontekstində spirtli içkilərə nifrət edən mövhumat azarlısı pis olmazdı bunu da bilə ki, onun ibadət zamanı durumu sərxoş adamınkına bənzər bir şey. Fərqindəyəm ki, Oxuya istinadla apardığım bu müqayisə kimlər üçünsə etik baxımdan bir qədər qüsurlu görünə bilər. Ancaq bütün kəskinliyilə onu da anlamağa borcluyuq ki, xurafatçılıq da sərxoşluğa məcazi mənada bir yoldaşdır, bunun milli inkişafımız əleyhinə fəsadları fiziki sərxoşluğn doğurduğu suçlarla hər halda müqayisəyə gələndir.
Ən yaxşısı ana dilinə sarılmaqdır. Ərəb olmayan müsəlmanları mövhumat qaranlığından ayə aydınlığına çıxara biləcək nəsnələrdən biri də milli dildir. Oxuda Tanrı dərki üçün vacib bilinən, ayə adlandırılan (30:22), müqəddəslik statusu qazanan ana dili!
Qeyd etdim ki, anlaşılmayan dildə ibadətin özü bütpərəstlik məzmunundan xali deyil. Ərəbcəni bütləşdirməkdə, ona Tanrı dili isnadında küfrə yuvarlanmaq potensialı var. Təbii ki, mömin bəndə bunun fərqində olmur, əsrlərdən bəri gələn, nəsildən-nəslə keçən ənənəni davam etdirmək ona müqəddəs bir iş kimi görünür. Və şübhəsiz, din elə bir sahədir ki, burada yüz illərlə gəlişmiş xurafatçılıq ənənələrini qısa zamanda tarixin arxivinə vermək mümkün deyil. Bu mənada subyektiv inzibati tənzimləmə cəhdlərindən danışmaq ümumiyyətlə yersizdir. Dini təsəvvürlərdə islahatçılıq geniş miqyas almadıqca, inanclıların idrakı mövhumat girovluğunda hələ uzun müddət qalacaq. Öhdəmizə düşən sadəcə dinimizin mahiyyətə uyğun təbliği missiyasıdır. Və dindarlarımıza belə bir tövsiyəni İlahi məntiqə tamamilə uyğun sayıram ki, bütün din ayinlərində, eləcə də namazda tədricən də olsa, doğma dilimizin iştirakına səy göstərsinlər.
P.S. Ənənəçi müsəlmanların qıldığı namazlarda işlənən ifadələrin tərcüməsini təqdim edirəm.
Təkbir - "Uludan ulu Allah!".
Subhanəkə - "Ucalardan ucasan, İlahi! Öyərəm Səni beləcə. Mübarəkdi adın, ucadı hər şeydən varlığın. Səndən başqa ilah yox!".
Əuzu-bəsmələ - "Tanrıya sığınıram, şeytanın şərindən uzaq. Rəhman Rəhim Tanrı adıyla!".
Fatihə - "Alqış Tanrıya, aləmlərin Rəbbinə, Rəhmana Rəhimə, din gününün yiyəsinə. Təkcə Sənə qulluq qılarıq, təkcə Səndən yardım umarıq. Yönəlt bizi dosdoğru yola. O kəslərin yoluna ki, verər oldun nemətini onlara, qəzəbə gəldikləri yox, azmayanlardırlar".
Daha hər hansı bir surə, məsələn, İxlas - "Rəhman Rəhim Tanrı adıyla – De “O Tanrı, tək. Tanrı mütləq, əbədi. Doğmamış, doğulmamış. Onun bənzəri də heç kim olmamış".
Rüku zamanı yuxarıda qeyd etdiyim təkbirdən sonra dindarların bildiyi sayda və ardıcıllıqda səsləndirilən ifadələrin türkcəsi:
Subhanə rabbiyəl-azım - "Ucalardan ucadır ulu Rəbbim".
Səmia-llahu limən hamidəh - "Onu öyən kəsi Tanrı eşitdi ".
Rabbənə ləkə-l-hamd - "Alqış təkcə Sənədir, Rəbbimiz, Sənə".
Səcdə zamanı təkbir və məlum sayda:
Subhanə rabbiyə-l-ə`lə - "Ucalardan ucadır uca Rəbbim".
Namazın sonuncu rükətindəki oturuşda sıra ilə aşağıda ərəbcə başlıqlarını verdiyimiz ənənəvi ifadələr oxunur ki, bunlar da öz dilimizdə belə səslənməli:
Əttəhiyyətu - "Dillə, bədənlə, maddi nemətlərlə edilən hər növ ibadət Tanrıyadır. Ey peyğəmbər, salam olsun sənə, Allahın rəhməti də, bərəkəti də eləcə. Salam olsun bizlərə, salam olsun Tanrının saleh bəndələrinə. Şəhadət verirəm, Tanrıdan başqa ilah yox. Şəhadət verirəm, Onun bəndəsidir, elçisidir Məhəmməd".
Allahummə salli - "İlahi, xeyir-dua ver, rəhmət eylə Məhəmmədə, Məhəmmədin nəslinə. Necə ki, xeyir-dua vermişdin, rəhmət eyləmişdin İbrahimə, İbrahimin nəslinə. Təkcə Sənsən, şübhəsiz, öyülməyə layiq olan, şöhrət yiyəsi, təkcə Sən!"
Allahummə bərik - "İlahi, xeyir-bərəkət ver Məhəmmədə, Məhəmmədin nəslinə. Necə ki, xeyir-bərəkət vermişdin İbrahimə, İbrahimin nəslinə. Təkcə Sənsən, şübhəsiz, öyülməyə layiq olan, şöhrət yiyəsi, təkcə Sən!"
Rabbənə ə`tınə - "İlahi, yaxşılıqlar bəxş elə dünyada, axirətdə bizlərə. Od əzabından qoru bizləri. Haqq-hesab çəkilən gün mərhəmətinlə bağışla məni, atamı, anamı, bütün inananları, ey mərhəmətlilər mərhəmətlisi!"
Sonra sağ və sol tərəfə üz tutaraq salam göndərilir: "Salam olsun sizlərə, Allahın rəhməti də eləcə". Ardınca da ixtiyari məzmunda dodaqaltı dualar edilir.
Və nəhayət, qeyd edim ki, bütün bu qeyd edilənlər ənənəvi namazlarda işlənənlərin tərcüməsidir. Oxuda bunun konkret resepti yox. Əslində bütün ifadələr şəxsin ruhi ovqatı və tələbatına görə istənilən məzmunda ola bilər. Ənənəvi ifadələrin tərcümələrini də yazdım ki, ənənəçi müsəlmanlardan istəyən şəxs bunlardan faydalana bilsin.