Gələn il Azərbaycan Cümhuriyyətinin elan edilməsinin 100 ili tamam olacaq. Bununla bağlı dövlət başçısı müvafiq sərəncam da imzalayıb. AMEA başda olmaqla elmi mərkəzlər, universitetlər, QHT-lər indidən müxtəlif hazırlıq görməyə başlayıb.
Şübhəsiz ki, gələn il çoxlu kitablar çap olunacaq, rəsmi tədbirlər keçiriləcək, mükafatlandırılmalar olacaq, hərbi parad, toplantılar təşkil ediləcək. Amma başqa nələr etmək olar?
Bununla bağlı bəndənizin də həyata keçməsinə az ümidi olsa da, bəzi təklifləri var.
Əvvəla, xatırlayaq ki, gələn il Cümhuriyyətin yüz illiyi ilə yanaşı bu dövrdə baş verən daha hansı hadisələrin ildönümü olacaq?
Bir – Mart soyqırımı. Bu hadisə Azərbaycan Cümhuriyyətinin elanını şərtləndirən, Rusiya ilə bütün mənalarda sərhədlərimizi müəyyənləşdirən bir faciədir. Artıq anladıq ki, nə Rusiya daxilində muxtariyyat bizə sərfəlidir, nə də ki Zaqafqaziya Seymi altında varlığımızı sürdürmək. Üstəlik təkcə Bakıda 20 min insanı qətlə yetirən bolşeviklərin mərkəzdə hakimiyyətə yiyələnmələri millət olaraq gələcəyimizi təhlükə altına alırdı. Təsadüfi deyil ki, Cümhuriyyət elan edildikdən sonra ilk işlərdən biri də mart soyqırımını araşdıran fövqəladə təhqiqat komissiyasının yaradılması oldu. Bu komissiyanın sənədləri indi də arxivlərimizdə qorunub saxlanılır və çox ciddi əhəmiyyətə malikdir. Ona görə də mart soyqırımının yüz illiyi dönəmində həlak olan on minlərlə soydaşımızın xatirəsi Bakı şəhərində əbədiləşdirilməlidir.
İki – Qafqaz İslam Ordusunun yaradılması və Bakının azad edilməsi. Azərbaycan Cümhuriyyətinin varlığı birbaşa bu hadisə ilə bağlıdır. Azərbaycanlı siyasilərin davamlı olaraq Osmanlı sarayına yola düşmələri, sultanla, Ənvər paşa ilə danışıq aparmaları, nəhayət, hərbiyyə nazirinin Azərbaycana kömək etmək üçün qardaşı Nuri paşanı vəzifələndirməsi 1918-ci ilin ən qürurlu hadisəsidir. Yada salaq ki, Osmanlı xanədanlığının özü də çətin vəziyyətdə idi, bir neçə cəbhədə mübarizə aparmaq gücünü azaldırdı. Amma buna baxmayaraq, Azərbaycanın köməyinə gəlindi və Bakının əbədi olaraq itirilməsinin qarşısı alındı. Bu baxımdan Rəsulzadənin təbirincə desək, Gəncədə göydən enən mələk kimi qarşılanan Nuri paşaya Gəncənin girəcəyində böyük heykəlin qoyulması mütləqdir. Eləcə də, Nuri paşa ilə Mürsəl paşanın Bakıda birgə abidəsinin olması vacibdir. Bundan əlavə Qafqaz İslam Ordusunun özü ilə bağlı da xatirə kompleksi hazırlamaq lazımdır. Bu dönəmin filmləşdirilməsi üçün də dövlət tərəfindən büdcə ayrılmalıdır.
Üç – Azərbaycan Cümhuriyyətinin elanı – Təntənə ilə qeyd edəcəyimiz bu tarixi gün ölkəmizin siyasi sərhədləri kənarında baş tutub. Bu gün Tiflisdə Şota Rustaveli küçəsi 6 ünvanında yerləşən keçmiş Qafqaz canişinliyinin binasında Azərbaycan Milli Şurası tərəfindən 28 may 1918-ci il tarixində İstiqlaliyyət bəyannaməsi oxunub. Ona görə də ilk olaraq bu hadisə Tiflisdə, daha sonra Gəncədə əbədiləşdirilməlidir. İstiqlaliyyət Bəyannaməsinə imza atan hər kəsin büstlərindən ibarət böyük kompleks yaradılmalıdır.
Dörd – Azərbaycan Ordusunun yaradılması – Böyük ehtimalla gələn il 26 iyunda hərbi parad keçiriləcək. Ümid edirik ki, Azərbaycan Ordusu gələn il yüz illik tarixini yeni qələbə ilə qeyd etsin. Əliaağa Şıxlınski, Səməd bəy Mehmandarlı, Vəli bəy Yadigar və başqa komandanlarla bağlı xatirə medalları, qızıl sikkələr hazırlansa, dünya kolleksionerləri tərəfindən də çox maraqla qarşılanar. Ümumiyyətlə, Cümhuriyyət liderlərinin hamısının xatirəsi nümuzmatika, heraldika sahələrində əbədiləşdirilməlidir.
Beş – Azərbaycan Parlamentinin təşkili - I Dünya müharibəsinin başa çatdığı, böyük imperiyaların dağıldığı, Cənubi Qafqazda gərgin siyasi hadisələrin olduğu bir məqamda Azərbaycanda parlamentin açılması, ölkənin bütün vətəndaşlarının təmsilçiliyinin təşkil edilməsi, olduqca demokratik bir idarəçiliyin qurulması fövqəladə bir olay idi. Stenoqrafik materiallara baxdığımız zaman hökumət rəhbərlərinin, deputatların necə çalışmalarını, gərgin müzakirələri, qızıl ortanın tapılması məsələlərini heyrətlə oxuyuruq. Parlamentin açılışı elə bir hadisə idi ki, Fətəli xan demiş “yatsa idik, yuxumuza girməzdi”. Rəsulzadənin açılış günü dediyi “Bir kərə yüksələn bayraq, bir daha enməz” kəlamı hələ də öz müsbət enerjisini qoruyub saxlayır. Ona görə də əvvəla parlamentin yerləşdiyi binaya vurulan lövhə dəyişdirilməlidir. Xüsusi olaraq axtarmasaq, əsla gözə çarpmır. İkincisi, iclasın keçirildiyi salonu yenidən müasir texnologiya ilə canlandırmaq olar. Ən əsası 71 il bizdən gizlədilən millət vəkillərinin həyatı haqqında geniş kitab hazırlanmalıdır. Professor Ədalət Tahirzadə on ildən çoxdur ki, məbuslar haqqında zəngin materillar toplayıb, kitabın tamamlanması və nəşri üçün dəstək verilməlidir.
Əslində, bu yazdıqlarımız ölkə gənclərinin çoxunun düşündükləridir. Heykəllər, abidələr bəziləri tərəfindən mənasız görünə bilər, amma bu gün başda ABŞ olmaqla müxtəlif ölkələrdə qurucu liderlərə qoyulan memorial kompleksləri görürük və bunun necə mühüm olduğunu başa düşürük. Bu gün İstiqlaliyyət küçəsi adına layiq şəkildə deyil. Hələ də Kommunist küçəsi kimi varlığını qoruyur. Ötən yazımızda da qeyd etdiyimiz kimi, Cümhuriyyətin düşmənləri olan Əliheydər Qarayevin, Mirzə Davud Hüseynovun, Dadaş Bünyadzadənin adlarının yazıldığı lövhələr o küçədəki binanın divarından yığışdırılmalıdır. Unutmayaq ki, rəmzlər önəmlidir...