Onun saçları günəş şəfəqləri kimi nizamsızdır; musiqi notları kimi insanın hisləri, düşüncəsi, ruhu üstündə oynayır. Əhməd Aslanın saçları da sənətdir. Nazim Hikmətin “Günlər” adlı şeirinə oxuduğu musiqi var:
“Gəbəriyorum”.
Dinləməmiş olmazsınız. Dəhşətli əsərdir. Məsələn, o musiqini avtobusda, yolda, metroda dinləmək qeyri-mümkündür. Gərək tam sakit, səssiz və kimsəsiz bir yerdə olasan ki, mahnını duya biləsən. Gərək tək olasan ki, üzünün mahnının notlarına uyğun əyilib-büzülməsini, əcaib hallara düşməsini heç kim görməsin. Gərək qəfildən yerindən durub fırlanmağını, melodiyaya uyğun qəribə hərəkətlər etdiyini də kimsə duymasın, yoxsa adını dəli qoyarlar.
Bütün bunlar bir yana, yaxınlarda Əhməd Aslanın bir müsahibəsini oxudum. Müsahibədə belə bir yer vardı: “Örneğin “Sarı Gelin” türküsü. Aslı Ermenice, ama Türk halk müziği kategorisine koyuyorlar...” Yaraşmadı, Allah haqqı... Bəs o günəş saçlar, bəs o duyğular, bəs o kədər, kədərdən gəbərməklər?
Təsəvvür edin, mənim keçirdiyim hiss nəyə oxşadı? Səmazənin rəqsi sırasında qəfildən nizam pozulur, rəqs edənlər ya anidən sürətini artırıb ağ yumağa dönür, ya da sürəti itirib yerə yıxılır, dombalaq aşır. Zalda hay-küy qopur, gülüşmə, söyüş, səhnəyə atılan ayaqqabı, dikdaban tayı. Bax, Əhmədin bu cümləsi mənim bütün məsum hislərimi məhz bu cür, bu biabırçılıqda alt-üst elədi.
Ə, necə yəni? Necə yəni “aslı” ermənicə? Dayanın e, bəs bunu niyə indiyə qədər üzr istətməmisiniz? Başqa vaxt birinin dilindən bir söz əyri çıxanda az qalırsınız dar ağacına çəkəsiniz. Sizinləyəm e, oxudunuz, gördünüz Əhməd Aslan nə deyir? Əhməd Aslan yoxsa aslan ürəyi yeyib nədir?
Mən hərdən elə şeylədə qəti və radikal oluram ki, heç özümü tanıya bilmirəm. Məsələn, elə indi də özümdən bixəbərəm. Özümü itirmişəm. Mən günlərlə “Sarı gəlin” ifasına oturub ağlaya bilərəm, ağlayıram. Özümdən asılı deyil, bu mənim genetikamdan gəlir.
Gələk o biri məsələyə. Bizimkilər fikirləşir ki, bu sözü azərbaycanlılar demir ki, türkiyə kürdü – Əhməd Aslan deyir. Deməli, bir az sakitləşmək də olar. Deməli, bu, onların öz “Sarı gəlin” türküsünə aiddir. Onsuz da mən türklərin “Sarı gəlin” türküsünü yetəri qədər ali hesab etmirəm. Ola bilər, Əhməd Aslan düz deyir, türklər özləri bu mahnını ermənilərdən alıb kateqoriyə qoyuyorlar. Bizim “Sarı gəlin”imizsə toxunulmazdır. Bəli, son zamanlar yıxılmaqda olan toxunulmazlardandır “Sarı gəlin”.
İndi isə daxili təlatümlərimə azacıq da olsa aydınlıq gətirib, cüzi rahatlıq bulmuş vəziyyətdəyəm. Amma nə sirrdirsə, daha Əhməd Aslana qulaq asa bilmirəm. Əhməd Aslan mənim kimi sadiq bir dinləyicisini itirdi. Amma öz “Sarı gəlin”imiz ifasında səmazənə davam. Həm də “Gəbəriyorum” mahnısını da başqa adamlardan dinləmək olar. Hərçənd, daha Əhməd günəşi söndü. Bunu o özü istədi. Ən azı mənim üçün söndü. Yenə deyirəm, Əhməd Aslan mənim kimi istedadlı bir dinləyicini kayb etdi. Yazıqlar olsun sənə, Əhməd. Mən səni günəş bilirdim...