Prezident İlham Əliyev ən xırda sayılacaq olaya belə yüksək humanizmlə çox operativ reaksiya göstərən bir insandır...
Siyasətçi haqqında siyasətdən, rəsmiyyətdən kənar yazı yazmaq mümkündürmü? Nə qədər yaxından tanımalısan, bələd olmalısan ki, sözün əsl mənasında, səmimi və reallığı əks etdirən bir yazı alınsın! Əlbəttə, çətindir. Amma məncə, hər bir azərbaycanlını maraqlandırır ki, onların dövlət başçısının protokoldan, işdən, rəsmiyyətdən kənar həyatında nə var, nələr var?
İlk dəfə prezident seçildikdən az sonra şəxsi avtomobilində Bakıətrafı qəsəbələrdə yol çəkənlərə baş çəkməsi, burda ibtidai sinif şagirdi olan məktəbli oğlanla söhbəti o zaman ictimaiyyətdə bir az çaşqınlıqla qarşılanmışdı. Amma sonra ictimaiyyət Prezidentin xalqla belə protokolsuz təmaslarının daha tez-tez şahidi olacaqdı...
Prezidentin öz ad gününü cəbhə bölgəsində, bir məcburi köçkünün ailəsində keçirməsini, ötən ilin dekabrında həyat yoldaşı ilə birgə evində yolka bəzəməsini... o məşhur fotonu yəqin, xatırlayırsınız. Onlayn mediada və sosial şəbəkələrdə günlərlə paylaşılan, müzakirə olunan, insanlara pozitiv enerji aşılayan o şəkil nə deyirdi bizə: İlham Əliyev həm də sadə bir insandır, həssas, qayğıkeş bir ailə başçısıdır, həyat yoldaşıdır, atadır...
Bəli, bütün rəsmi titullarını, statuslarını bir kənara qoysaq, biz onu belə tanıyırıq. Rəsmi mövqeyi ilə nə qədər əlçatmaz görünsə də, yenə də əlçatan, ünyetən. Azərbaycanda sosial medianın imkanlarından onun qədər geniş istifadə edən ikinci bir siyasətçi yox. Son prezident seçkisi öncəsi bəzi vətəndaş cəmiyyəti fəalları onun "Facebook" və "Tvitter" hesablarından bəhrələnməsini rəqibləri ilə müqayisə etmişdi. Bəlli olmuşdu ki, sosial şəbəkələr vasitəsilə öz ismarıclarını, önəmli mesajlarını cəmiyyətə ötürən İlham Əliyev burada da birincidir. İstər-istəməz bunun seçkilərin nəticələrinə təsir edəcəyi bəyan edilmişdi...
Hər şey gözlənildiyi, hətta arzu edildiyi kimi baş verirdi.
9 oktyabr seçkilərindən təxminən iki aya yaxın vaxt ötür. Azərbaycan üçün nə dəyişib? Azərbaycan insanı nə gözləyirdi, nə istəyirdi və nə baş verdi?..
Seçkiöncəsi üçüncü sektorun təmsilçisi olaraq, bölgələrdə onlarla görüşlərin, müzakirələrin birbaşa iştirakçısı kimi nəyin şahidi oldum? Əyalətlərin sadə və təmiz qəlbli insanları üçün bu seçki seçim anı deyildi, adi bir prosedur qayda idi. Çünki bu insanlar öz seçimlərini artıq etmişdilər, illər ərzində gördüklərini, görülənləri analiz edərək artıq prezident seçkilərinin favoritini özləri üçün müəyyən etmişdilər. Yaxşı yadımdadır: bölgələrdə keçirdiyimiz həmin görüşlərlə bağlı təəssüratlarımı bölüşdüyüm dostlardan biri belə bir sual vermişdi: "İlham Əliyev haqqında danışanda auditoriyada nə hiss edirdin? İnsanların gözlərində nə vardı?"
Cavabımı olduğu kimi xatırlayıram: "İnsanların gözlərində işıq gördüm. O gözlər inamlıydı, parlayırdı və heç kəs məcburən oturmamışdı o auditoriyada". Gerçəkdən də Siyasətlə Mənəviyyatın qarşı-qarşıya, üz-üzə, göz-gözə dayandığı bir aksiyaydı bu seçki. İnsanlar siyasətdən, daha dəqiqi, siyasi oyunbazlıqlardan yorulub; xüsusən də yalan vədlərdən, doğrulmayan ümidlərdən, ildən-ilə uzanan Qarabağ söhbətlərindən. İnsanlar ümidlənmək istəyir, gələcəyə inamla baxmaq istəyir. Arxasında güclü bir dövlətin dayanmasını istəyir. İnsanlar ürəklənmək istəyir. Ümidsizliyin, yalanın, mənəviyyatsızlığın yanında olmaq istəmir insanlar. İnamın, Mənəviyyatın, Ləyaqətin yanında olmaq istəyirlər...
Kimin ağlına gələrdi ki, yad bir ölkədə ömürlük həbs cəzasına məhkum olunan, taleyi Qarabağın taleyi kimi qeyri-müəyyən olan Ramil Səfərov günün birində ölkəsinə qayıda bilər? Hansı birimiz buna ümid edirdik? Ağlabatan görünürdümü bizə? Hətta kifayət qədər yüksək çinli rəsmilər tərəfindən Ramil Səfərovun azad edilməsi təşəbbüslərinə inamsızlıq aşılayan açıqlamaların şahidi olurduq.
Amma... Günün birində məlum oldu ki, Ramilin Azərbaycana qayıdacağına, qaytarılacağına bir nəfərin çox güclü inamı bəsləyib! Prezident İlham Əliyev addım-addım, zərrə-zərrə bu azərbaycanlı zabitin azadlığa qovuşması üçün çalışıb, çarpışıb və bütün ermənipərəst beynəlxalq aləmin iradəsinin ziddinə gedərək Ramil Səfərovun Azərbaycana ekstradisiyasına nail olub.
Və... Ramili Azərbaycana gətirən təyyarə hava limanında yerə enməmiş ona azadlıq verib. Azərbaycan zabiti ayağını öz vətəninə Qəhrəman kimi basıb!!!
O, bunu siyasətlə, hiylə ilə etməmişdi - adım kimi əminəm. Siyasət bəlkə də, Ramilin bağlı qapısını açmayacaqdı. O, bunu sarsılmaz inamla, yüksək vətənpərvərliklə, azərbaycançılıqla, düşüncə energetikası ilə etmişdi və bu təmənnasız maraq - bir Azərbaycan gəncinin qurtuluşu ilə bitmişdi...
Mübariz İbrahimov olayı orta statistik azərbaycanlının şüurunda şimşək kimi çaxmışdı. "Nə sülh, nə müharibə" şəraiti, "bütün dünyanı erməni havadarı" rolunda görmək Azərbaycan toplumunda get-gedə dərinləşən depressiyanın cığırlarını açmaqdaydı. Amma birdən... Heç gözləniləndən bir azərbaycanlı gənc, Azərbaycan ordusunun bir əsgəri erməni səngərinə girir, silahıyla düşməni biçir, saysız erməni əsgər-zabitini qətlə yetirir və qəhrəmanlıqla həlak olur... Bu, Qarabağı almağa bərabərdi bəlkə də. Bir əsgər torpaqları işğal altında inləyən üzüntülü bir toplumun ruhunu necə yüksəldir - indi adam fikirləşdikcə, təsəvvüründə o anları, o ayları canlandırmaq istədikcə necə bir qürur yaşadığımızın fərqinə varır... Mübariz adına layiq Mübarizlik etmişdi. Düşmənə sübut etmişdi ki, sizi torpaqlarımızdan süpürüb atmaq üçün bir neçə saat bəs edər, Azərbaycan gənci buna ruhən, mənən hazırdır, siz də ya təslim olmağa, ya da ölməyə hazır olun...
Nəbzimiz, ürəyimiz, qəlbimiz Mübarizlə bir vururdu. İndi Dövlət və Xalq olaraq qarşıda bir vəzifə dururdu: Mübarizin nəşini düşməndən almaq! Almasaydıq, düşməndə qalsaydı, o RUH ölə, birdəfəlik məhv ola bilərdi. Buna yol vermək olmazdı.
Azğınlaşmış, bir azərbaycanlı gəncin gözlənilməz qəhrəmanlığından şoka düşmüş Ermənistan onu bizə qaytarardımı, qaytaracaqdımı? Beyinləri məşğul edən sual bu idi...
Və... Yenə də məhz bir nəfərin - İlham Əliyevin fədakarlığı sayəsində daha bir şad xəbər. Mübariz İbrahimovun cənazəsi Azərbaycana gətirilir. Təkcə onun yox, baş leytenant Fərid Əhmədovun da nəşi düşməndən geri alınır. Ali Baş Komandan hər iki zabitimizin ŞƏHİD ucalığıyla dəfn olunmasıyla kifayətlənmir. Mübariz İbrahimova "Milli Qəhrəman" adının, Fərid Əhmədova "İgidliyə görə" medalının verilməsi barədə sərəncam imzalayır. Hər iki qəhrəmanın dəfn mərasimində iştirak edərək onları son mənzilə yola salır...
İlham Əliyev bu gənclərin meyitinin ermənilərdən alınması üçün nə etmişdi, kimlərlə danışıqlar aparmışdı, erməni tərəfini necə razı salmışdı - bu barədə heç nə bilmirik. Fiziologiya üzrə araşdırmalar aparan bir alimimiz danışırdı ki, əslində Mübariz İbrahimovun meyitini düşmənlər elə tanınmaz hala salmışdılar ki, onu sadəcə, baxmaqla tanımaq asan məsələ deyildi. Düşmən tərəfin təqdim etdiyi meyit heç qəhrəmanımızın öz nəşi olmaya da bilərdi. Amma İlham Əliyev bu məsələyə o qədər həssaslıqla, xüsusi diqqətlə yanaşıbmış ki, ən bahalı, ən çətin prosedurlarla, aparatlarla, mütəxəssislərin iştirakıyla onun məhz bizim qəhrəman olduğunu təsdiqlədəndən, valideynlərinin də bədənindəki hansısa nişanələri tanımasından sonra təhvil alınmasına icazə vermişdi.
Və daha bir məqam... Xaçmazdakı "Nabran İstirahət Mərkəzi"ndə bədbəxt hadisə nəticəsində ayaqlarını itirən 2 yaşlı İmran Cəfərzadəyə münasibət... Ailəsi məhdud maddi imkanlarıyla bu körpəni necə müalicə etdirəcəkdi? Əməliyyatlar Avropa ölkələrindən birində keçirilməliydi və reabilitasiya prosesinə böyük pullar tələb edilirdi. Ümidini tamamilə itirmiş valideynlər, İmranın müalicəsi üçün ianələr toplanmaqda və... qəflətən məlum olur ki, hadisədən xəbər tutmuş dövlət başçısı və ölkənin birinci xanımı balaca İmranın müalicə xərclərini öz üzərlərinə götürüb! Ürəkləri riqqətə gətirən AN! Sıravi vətəndaş üçün arxasında güclü bir dövlətin, insanpərvər, vətənpərvər bir liderin dayandığını görmək nə qədər xoş imiş.
Dərhal Avropanın ən yaxşı xəstəxanası seçilir. Xüsusi təyyarə ilə balaca İmran Almaniyadakı bütün Avropanın ən böyük, ən üstün xəstəxanası sayılan "Charite"yə yola salınır...
Bu, elə bir məqam idi ki, əslində dövlət başçısı öz ağır iş qrafiki şəraitində hansısa istirahət mərkəzində hansısa bədbəxt hadisənin baş verməsindən xəbər tutmaya da bilərdi. Ancaq bəlli oldu ki, Prezident İlham Əliyev ən xırda sayılacaq olaya belə yüksək humanizmlə çox operativ reaksiya göstərən bir insandır...
Daha bir qürur anı. Ağır xəstəliyə tutulan jurnalist Nicat Dağların Almaniyada müalicə xərclərini öz üzərinə götürmək və onun sağalmasına nail olmaq... Hər zaman bu hakimiyyətin əleyhinə yazılara imza atan Nicatın siyasi mövqeyini nəzərə almadan ona sahib çıxmaq və illər öncə verdiyi "mən 50 milyonluq azərbaycanlının Prezidentiyəm" bəyanatına sadiqliyini nümayiş etdirmək gerçəkdən daha bir qürur anıdır. Prezident İlham Əliyev öz humanist siyasəti ilə sübut edir ki, o, yalnız "yaxşılığa yaxşılıqla" deyil, "yamanlığa da yaxşılıqla" cavab verən bir azərbaycanlıdır. Öz şəxsi nümunəsi ilə hər kəsə də məhz bu mesajı diqtə edir...
Əlbəttə, onlarla belə misallar çəkmək olar. Yaşlı, köməyə ehtiyacı olan mədəniyyət və incəsənət xadimlərinin xarici ölkələrdə müalicəsinə dəstək vermək, imkansız jurnalistlər üçün yaşayış binalarının tikintisi, müharibə veteranlarına, əlillərə, məcburi köçkünlərə diqqət və qayğı, ən ucqar bölgələrə çəkilən abad yollar, tikilən, təmir edilən məktəblər, uşaq bağçaları, mədəniyyət mərkəzləri, məscidlər, tarixi abidələr, su, işıq, qaz probleminin həlli, gündən-günə gözəlləşən əyalət kəndləri, qəsəbələr, şəhərlər, az qala hər gün dəyişən paytaxt Bakı, sosial-iqtisadi inkişaf...
Son 10 il ərzində ölkədə gedən nəhəng quruculuq-abadlıq işləri barədə təəssüratları bir yazıya sığışdırmaq, şübhəsiz, çətindir. Və məqsəd də bu yazıda bunları xatırlatmaq deyil. Bizi bu nəhəng prosesin yeganə müəllifi olan dövlət başçısının şəxsiyyətinin gücü ilgiləndirir. Bu işləri yalnız böyük maliyyə, yüksək peşəkarlıq və işgüzarlıq hesabına reallaşdırmaq mümkün deyil, zənnimizcə. Bu prosesin arxasında gözlə görülməyən güclü bir Ruh, sonsuz bir Sevgi var, Ruhla Sevgini bir qəlbə sığdıran Mənəviyyat var, dəyərlərimizə Sədaqət var, Ləyaqət, Vətənpərvərlik, İnsanpərvərlik var...
İlham Əliyev şəxsiyyətinin ən maraqlı tərəflərindən biri də onun hər zaman, hər yerdə yalnız Qələbəyə can atmasıdır. Biz bunu onun mötəbər idman yarışlarında ölkəmizi təmsil edən idmançıların çıxışlarına münasibətində də görmüşük, "Eurovision" beynəlxalq musiqi yarışmasında azərbaycanlı sənətçilərin uğurlarına necə sevinməsində də şahid olmuşuq. O, Azərbaycanı bütün yarışlarda birinci yerdə görmək istəyir!!! Onun qələbə yanğısı, qələbə arzusu bir həqiqətin də üstünü açır: Qarabağı məhz O qaytaracaq!!! Kim Qarabağ müharibəsində Azərbaycanı zəif, uduzmuş sayırsa, yanılır. Uduzmaq odur ki, məğlubiyyətlə barışasan. İnsan ürəyində yenilmədikcə məğlub sayılmır. Çünki qəlbində təslim olmayan insan hər zaman yeni bir həmlə edər, dirəniş göstərər və inadlı, israrlı mübarizə ilə qalib gələr...
Azərbaycan yeni bir QƏLƏBƏnin astanasındadır. O Qələbənin adı Qarabağdır... O qələbənin bir adı da İrəvandır. Çağdaş tariximizdə hələ heç bir siyasi xadim İrəvana - indi Ermənistan ərazisi sayılan qədim Azərbaycan torpaqlarına iddia etməyib. Bu qələbə naminə - Qələbələrimiz naminə DUA edək! Tanrı bizi eşidir...