27 İyun 2018 14:38
5 531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Süleyman Rəhimov ədəbiyyatımızın azman fiqurlarından biridir.

Bu gün isə onun iki əhvalatını yazacam.

Tarixə işıq salmaq üçün…

Heç nəyin göründüyü kimi olmadığını göstərmək üçün.

Başlayaq onun həbsindən…

Teymur Salahov xalq rəssamı Tahir Salahovun atasıdır.

Bir çox istintaq materialları da akademik Ziya Bünyadovun 1993-cü ildə çap edilmiş “Qırmızı terror” kitabında nəşr olunub.

Bu kitabda Azərbaycan Meyvə Tərəvəz Ticarəti Təşkilatının direktoru Teymur Salahovun da istintaq materialları var.

Xalq rəssamının atası bu vəzifədən əvvəl Laçın rayon partiya komitəsinin rəhbəri, yazıçı Süleyman Rəhimov isə onun müavini olmuşdur.

İstintaq materialında yazılanlara görə, Teymur Salahov Heydər Vəzirov (xalq torpaq komissarı) və Həsən Səfərovun (MK-nin kənd təsərrüfatı şöbəsinin rəisi) ifadələri əsasında həbs olunmuşdu.

1937-ci ilin 7 və 8 oktyabrında keçirilən ilk istintaqda Teymur Salahov əksinqilabi millətçi təşkilatın üzvü olduğunu və Xalq Komissarları Komitəsinin sədri Dadaş Bünyadzadə tərəfindən təşkilata cəlb olunduğunu bildirir.

Elə həmin istintaqda Teymur Salahov şəxsən əksinqilabi təşkilata cəlb etdiyi beş nəfərin də adını verir.

Siyahıda ilk şəxs Süleyman Rəhimovdur.

Buna görə Süleyman Rəhimov həbs edilir.

İstintaqın başa çatması haqqında protokol 1937-ci il noyabrın 6-da tərtib olunsa da, növbəti ilin aprel ayının 25-ində istintaqa çağrılmasını xahiş etmiş və xahişi qəbul olunmuşdur.

Bu istintaq zamanı Teymur Salahov bütün əvvəlki ifadələrini təkzib edərək Süleyman Rəhimovun əksinqilabi təşkilatın üzvü olmadığını vurğulamışdır.

Bu ifadədən sonra Süleyman Rəhimov azad edilsə də, 1938-ci ilin iyul ayının 3-də hərbi kollegiya Teymur Salahovu ölüm cəzasına məhkum etmiş, hökm də dərhal icra olunmuşdur.

Süleyman Rəhimov məhbus həyatının ağrılarını bir neçə aylığına olsa belə dadmışdı.

İkinci hadisə isə bir neçə il sonar baş verir.

Aşağıda sitat gətirdiyim hissə Anarın Ənvər Məmmədxanlı haqda yazdığı “Həyatım ağrıyır” essesindəndi.

Adı çəkilən Faruq haqda ayrıca məqalə yazacağaç, hələlik onu deyim ki, o gənc şair idi.

“Bağırov Faruqu tutdurmadı, halbuki, tutdura bilərdi (səbəb, məncə, Bağırovun rəhmdilliyi deyil, 37- ci il qırğınından sonra tutulma, sürgün və qətl planlarının doldurulması və 39-cu ildə bu repressiyalar kampaniyasının butün ölkədə dayandırılması idi – A.).

Amma başladı ki, yox, səni öyrədiblər. Yazıçılar İttifaqında öyrədiblər.

Elə Rəsul Rzanın da sənə qohumluğu çatır.

Bütün Yazıçılar İttifaqını darmadağın elədi.

Bir-bir adamları çağırırdı. O vaxt mən o adamların içində, düzdü, olmamışam.

Səməd Vurğunu, Rəsul Rzanı, başqalarını, hamısını...

İçəri girən kimi də soruşarmış ki: "Kakoy on poet? " (Yəni Faruq – A.)

Məsələn, Səməd nə bilsin ki, hadisədən xəbəri yoxdu. Deyib ki, "tovariş Baqirov, rastuşiy, xoroşiy poet".

– A... rastuşiy, xoroşiy poet?! Otur!


Bir nəfər, adını demirəm kimdir, nə təhər olubsa, hiss eləyib ki, bu nə məsələdi. İçəri girən kimi bundan da

soruşub ki, rusca soruşub yenə: "po tvoemu, kakoy poet Faruk?" O da deyib ki, "eto provokator, ne poet". Bağırov deyib: "Vot bolşevik!"

Ənvərin bu xatirəsinə mən ancaq onu əlavə edə bilərəm ki, Faruqu provokator adlandıran adamı atamın yerinə Yazıçılar İttifaqına sədr göndərdilər...”

Rəsul Rza istefaya göndəriləndən sonra Yazıçılar İttifaqının sədri vəzifəsinə Süleyman Rəhimov təyin olundu.

Belə…


Müəllif: Qan Turalı