26 Avqust 2014 10:55
1 286
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günlərdə Azərbaycan nəsrinin 60-70-ci illər dövrünə aid bir neçə dəyərli povesti - bəzilərini təkrar, bəzilərini ilk dəfə - oxudum. Anarın “Ağ liman”, “Dantenin yubileyi”, Yusif Səmədoğlunun “Astana”, Məmməd Orucun “Oyun havası”, İsi Məlikzadənin “Quyu” əsəri... Doğrusu, “Oyun havası” ilə “Quyu”nu ilk dəfə oxuyurdum, “Ağ liman”ı, “Dantenin yubuileyi” mənə çoxdan tanışdı. “Astana” ilə ikinci görüşümdü.

Həyatının bir hissəsi sovet dövrünə düşmüş insan kimi o zamanın ab-havasına qayıtmaq, ədəbi nəbzini hiss eləmək bir yandan nostalji duyğuları yaradırdı, digər yandan çağdaş nəsrin hazırkı axtarışlarına, sosial-ictimai həyata mənim mütaliəm dairəsində münasibətinə baxış imkanı verirdi.

Düzü, bir qədər paradoksal görünsə də, 60-70-ci illər nəsri mənə kifayət qədər cəsarətli, baş verən hadisələrə, ətrafa, cəmiyyətə diaqnoz qoymaq baxımından daha dəqiq, işlək, ən əsası, ayıq göründü; altdan-altdan, usta-usta, ustufca-ustufca prosesləri bədii müstəviyə gətirib model vermək, oxucunu huşyar eləmək cəhdləri yüzdə-yüz uğurlu alınıb. Məmməd Orucun “Oyun havası”na qulaq verin. Həyətə ölü gəlib, ona yiyə duran yoxdu! Bir yandan da axşam qonşuda toy olasıdı. Özünün ata yurduna, həm də keçmiş arvadının qaldığı evə təcili yardımda ölüsü qayıtmış Əlizamanı - bütün kəndə qan uddurmuş, adicə bir qəssablıqdan böyüyə-böyüyə insanlığını itirib əcaib məxluqa çevrilmiş bu zülmkarın, diktatın nəinki dəfninə gələn tapılmır, onun nəşini qəbristanlığa da buraxmırlar.

Təkcə qəhrəmanın adı nəyə desən dəyər: Əlizaman...

İsi Məlikzadənin “Quyu”sunda da hadisələr bir həyətdə cərəyan edir - kolxoz sədri, kənd rəhbəri olan Xalıqın mülkündə. Allah sənə rəhmət eləsin, yazıçı! Yəqin Xalıq adı təsadüfi seçilməyib. Bir kəndin nəüzimbillah xaliqi... Allah, sən saxla. Sədrin quyusunu qazan dədə-bala Məcidlə Umud qaza-qaza haralara gedib çıxmırlar.

Əsgərlikdən təzə gəlmiş Umud sədrin arvadı Əslini öz evindəcə sürücü Piriylə tutur, sirri faş olmuş Piri Umuda sədrin qızını vəd eləyir... Daha nələr, nələr. Çox sirlər açılır; məlum olur ki, ümumiyyətlə, Xalıqı bir rəhbər və insan kimi hər mənada onun sürücüsü idarə edir, bütün qərarlar Porsuq Piridən gəlir, hər xırda, incə, intim detalların açarı Pirinin əlindədi - belə aydın olur.

Çox sirlər açılır, təkcə bir şey məlum olmur, hər halda hekayənin təfərrüatında bu suala açıq cavab verilmir: Quyu nə üçün qazılır?! Sədrin qocalıb-qarıyıb, varlığını hər an o dünyaya təhvil verməyə hazırlaşan anasına, doğrudanmı, quyu suyu gərəkdi? Dünyanın bic-bicəngəsi olan Porsuq Pirinin bu həyətdə quyu qazdırmaqdan ibarət fənd-felində məqsədi nədi?
Povest 1976-cı ildə yazılıb.

***

Yusif Səmədoğlunun “Astana” adlı kiçik bir povesti var. O qədər də diqqətə çıxarılmamış bu povestdən “Qətl günü”nün qoxusu gəlir. 1978-ci ildə yazılıb.

“Yəqin ki, bu dəqiqədən başlayaraq onu daha heç bir şey təəccübləndirməyəcəkdi. Cəmi bir saat bundan qabaq günəş qübbənin kəlləçarxında dayanıb aləmi yandırıb yaxırdı. Bir saatmı? İki saatmı?”
“Qətl günü”nün ritmi, axarı, ifadə tərzi... Elə deyilmi?

Az qala hər cümləni aforizm siqlətiylə yazan Yusifin bu povestində də iki ayrı-ayrı zaman qarşılaşdırılır; ən qədim dövrlə indinin hadisələri bir-biriylə çulğaşır, “iyləşir”, rabitəyə girir, “telefonlaşır”. Günahlar törətmiş, harama qurşanmış, anasının öyüd-nəsihətindən çıxmış bir vəzifəli kəs alnına güllə sıxıb intihar eləməkçün başqa yeri yox, məhz ibtidai insan məskənini, nəhəng bir heyvanın qarşısında əli nizəli dayanan əcaib adamın rəsmi həkk edilmiş Qobustan qayalarını seçir...

***

Qəribədi, Anarın “Dantenin yubileyi” əsərində bu dəfə mən “yazıçı qəddarlığı” duydum. Həyatın bütün künc-bucağından qovulmuş Feyzulla Kəbirlinskinin artıq sığınmağa heç bir ünvanı qalmır, hətta arvadı Həcər də onu sanki sonuncu kərə, bu dəfə xəlvətcə dolayır - iki aydı gedib-gəldiyi metroya ilk dəfə mindiyini deyir və onun bu səmimiyyəti saxta, yalançı, baş tovlamaqdan o yana getməyən müvəqqəti bir əhval yaradır.

Məsələn, “Ağ liman”da bu cür sərt, amansız cizgilər gözə dəymir... “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ndə isə amansız xətlər daha da tündləşir, şaxələnir və kosmik koordinatlar qazanır - altıncı mərtəbəyə, Təhminənin yanına Zaur heç vaxt, heç bir halda qalxa bilməyəcək!

Anar nəsrinin dərin kədərində həm də amansız bir hökm var.


Müəllif: Qurban Yaquboğlu