Bir neçə gün öncə “Amerikanın Səsi’ 9 yaşında Azərbaycandan köçən və bu il litseyi yüksək başarı ilə bitirib Harvard, Yel, Stanford, Prinston, Kolumbiya kimi dünyanın ən aparıcı universitetlərdə təhsil haqqı qazanan İbrahim Məmmədov haqqında reportaj yaydı. Təxminən 10 ildir ABŞ-da yaşamasına baxmayaraq ana dilində bülbül kimi ötən İbrahimi dinlədikcə qürurdan qəhərlənirdim. Ali təhsilini etnoqrafiya və dil kültürü üzrə almaq istəyən gənc deyirdi ki, çevrəsindəkilərin çoxu Azərbaycanı tanımır və o, yaşadığı ölkədə vətənini tanıtmaq üçün bu ixtisası seçir: “Mən olduğum yerdə Azərbaycanı təmsil etmək məsuliyyəti daşıyıram. Burda, Amerikada mən hər gün anlayıram ki, insan öz kökləri və dəyərləri ilə qiymətlidir”.
İbrahimi dinlədikcə 100 il öncə Azərbaycan Xalq Cümhuriyyətini quran o qızıl nəsil gözümün önündə canlanırdı. Avropa təhsilli o gənc aydınlar bu gün uzaq Amerikada İbrahimi vətənə kökləyən milli kimlik məsuliyyətini dərk etdikləri üçün millətə cümhuriyyət kimi əvəzsiz pay verdilər, tarix yazdılar.
Əgər saytların, sosial medianın İP və layk yarışından başları ayılsaydı, İbrahim Məmmədov mövzusu manşetlərdən düşməzdi. Amma indi səhifələr hansısa əxlaq və mədəniyyət yoxsullarının əyləncə məclislərindən, bayağı mahnılardan düzəldilən videolarla dolub daşır. Düşüncə əngəllilərinin qaldırdığı toz-dumanda bu günə zar-zor daşıdığımız dəyərlər görünməz olur.
Bu məsələyə hansı yöndən baxsaq, yenə problemin kökündə təhsilin dayandığını görəcəyik. Normal təhsil alan, dünyanı elmlə tanıyan, bilgisi mədəni səviyyəsini, əxlaqını yüksəldən şəxs belə istirahət etməz, adını media qoyduğu çoxalt-yapışdır elektron ünvanlarda belə aşağılıqları tirajlamaz. Bu qədər primitiv əyləncə və xəbərçiliyin kökü təhsilsizlikdən doğan mədəniyyətsizlikdir. Bu tərbiyəsizliyi tirajlayanlar eyni əxlaqın sahibləridirlər. Həmin adamı əyləncəsini çəkib yaymaqda suçlayan saytların mövzuya dönə-dönə qayıdıb, "xəbər"i dəfələrlə manşetə yükləmələrinin adı ədəbsizlikdir.
Əlində kitab görmədiyiniz, vurma cədvəlini bildiyinə şübhə etdiyiniz insanı estetika daşıyıcısı və yaradıcısı kimi təsəvvür edirsinizmi? İnanın, beləsinin süfrə mədəniyyəti, geyim-keçimi, danışığı, bütünlükdə ictimai şüuru yerlərdə sürünür. Zibili liftdə qoyan, çəkdiyi siqareti eyvandan vızıldadan, ictimai tualetdə sifonu çəkməyi unudan, onu mədəniyyətə dəvət edənə sallaqxana danası tonunda qarşılıq verən belələridir.
Ən dəhşətlisi odur ki, onlar yeni sosial media alətlərinin sayəsində ictimai rəyə yön vermək gücündədirlər. Başqa sözlə, kimin necə istəməsindən asılı olmayaraq təbliğat maşınının bir hissəsi bu mədəniyyət yoxsullarının əlindədir. İllərdir toplumun düşüncəsini onların ötürdüyü informasiya şəkilləndirir. Mikayılların bir çırtmasına ortaya düşüb əl-qol atanlar, təbii, hallananın başına dolanacaqlar, o 3 qızın göydən gəldiyini düşünəcəklər.
Necə edək? Onlar bura aiddir, biz onları kəsib ata, yox saya bilmərik. Bu insanları cəmiyyətə yenidən qazandırmaq üçün nəyi necə edək? “Mahnı” oxuyanı, “əylənəni” polisə aparmaq, məhkəmə qarşısına çıxarıb cəza kəsmək dediyim primitivizmin kulminasiyası - rəsmiyyətə, idarəetməyə daşınan hissəsidir. Buna qəti yol vermək olmaz. Qadağan olunana marağın artdığını milyonuncu dəfə sübut etməyə nə ehtiyac?
Qadağa yalnız bu tip aşağılıqları tirajlayanlara qarşı ola bilər. Bir neçə il öncə Azərbaycanda kəmər taxan sürücü görəndə bilirdik ki, əcnəbidir. İndi? Düz tapdız... cərimələr. ictimai dəyərlərə şıllaq atanları ipə-sapa yatırmağın yeganə yolu cərimələrdir. Mətbuat Şurası bu prosesdə ictimai nəzarət funksiyasını yerinə yetirə bilər və əslində bu, həmin qurumun öhdəliklərindən biridir. Ən yaxın tariximizdə ipə-sapa yatmayan saytların bloklanması da olmuşdu və məncə yenə də təkrarlanmalıdır.
Yazının əvvəlində cümhurriyyət qurucusu ziyalıları xatırlatdım. Haqlı olaraq qeyd edilir ki, Azərbaycan və Cümhuriyyət ideyası həmin ziyalıların ozamankı media vasitəsilə xalqa türdüyü dəyərlər olub. Yəni biz, qələm əhli xalqa nə veririksə, xalq onunla qidalanır, qidalandığı canına hopur, düşüncəsini şəkilləndirir. Demək, media ictimai məsuliyyətini dərk edərək yaxşı nümunələri tirajlamalıdır.
Bilirsiz, nə qədər yaxşımız var? Özü də təkcə İbrahim kimi ölkədən kənarda yox. Yalnız Azərbaycana deyil, yaxın coğrafiyaya nümunə ola biləcək gəncimiz də var, iş adamımız da, müəllimimiz də, həkimimiz də, sənətçimiz də...
Sənətçi demiş, 3 həftə öncə Azərbaycan teatrı Tallində böyük uğur qazanıb. Rejissor Əbdülqəni Əliyevin quruluşunda “Köhnə telefon” tamaşası Tallin Dövlət Dram Teatrının səhnəsində göstərilib. Azərbaycanın fədakar təbliğatçısı, Estoniyada professional tərcüməçiliklə məşğul olan Sənəm Əliyevanın təşəbbüsü ilə baş tutan bu mədəniyyət hadisəsində eston ictimaiyyəti bizim sənətçiləri ayaq üstə alqışlayıb. Estoniya Dövlət Dram Teatrının direktoru “bizim teatrda hər şəraitimiz var, hər imkana sahibik, amma Hikmət kimi aktyorumuz yoxdur” deyib. Tanıyırsız Hikməti? Hikmət Rəhimov. “Yuğ” teatrının aktyoru… Tanımadız?.. Babək Şirinsifətin Qarabağ mövzusunda çəkdiyi, çox təsirli və səviyyəli “Üçüncü günün adamı” filmində baş rolun ifaçısı... Yenə bilmədiz?.. Emil Quliyevin bir neçə beynəlxalq film festivalına dəvət olunmuş “Ikinci sifət” filmində baş qəhrəmanı oynayan aktyor... Tanımırsız... Amma Elməddini hamınız tanıyırsız... Mədəniyyəti əngəllilərin efirə, mediaya yol tapması sayəsində...
Mən getdim Hikmətin tamaşasına baxmağa. Siz özünüz bilərsiniz...