1 May 2019 14:12
1 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeniliklər, müsbət təcrübə, dünyada mövcud olan ən mütərəqqi yanaşma Azərbaycanda tətbiq edilməlidir.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib.

İlham Əliyev bildirib ki, ümumiyyətlə, idarəetmə sahəsində islahatların aparılmasına böyük ehtiyac var: “Mən bunu demişəm, bu gün də, əvvəlki çıxışlarda da. Hər bir sahədə inkişaf üçün böyük meydan var. Hər bir sahədə, əgər o sahəyə rəhbərlik edən insanlar öz işinə vicdanla yanaşarlarsa, mütləq nəticə də olacaq. Bu, ictimaiyyət tərəfindən də mütləq yüksək qiymətləndiriləcək. Ona görə bir daha demək istəyirəm ki, yerli və mərkəzi icra orqanlarının nümayəndələri daim vətəndaşların problemləri ilə məşğul olmalıdırlar.

Görülmüş işlər deməyə əsas verir ki, biz düzgün yoldayıq. Buna heç bir şübhəmiz yoxdur. İqtisadi, sosial sahələrdə və bütün başqa sahələrdə islahatlar bundan sonra da aparılacaq. Bildiyiniz kimi, bu yaxınlarda məhkəmə-hüquq sahəsində islahatlarla bağlı müvafiq Fərman imzalanmışdır. Hesab edirəm ki, onun icrası bu sahədə də ciddi dönüşə səbəb olacaq. Yəni, biz gərək hər bir sahədə irəli gedək. Yeniliklər, müsbət təcrübə, dünyada mövcud olan ən mütərəqqi yanaşma Azərbaycanda tətbiq edilməlidir. Nəzərə almalıyıq ki, bizim neft-qaz sektorumuz da iqtisadiyyata böyük dəstəkdir. Nəzərə almalıyıq ki, biz indi nəqliyyat mərkəzlərindən birinə çevrilirik. Bu yaxınlarda Çində keçirilmiş “Bir kəmər, bir yol” Forumunda Azərbaycanın iştirakı bir daha onu göstərir ki, ölkəmiz bu önəmli layihənin tərkib hissəsidir. Bizim gəlirlərimiz artacaq, maliyyə və iqtisadi imkanlarımız daha da böyüyəcək”.

… Dövlət başçısının dünənki proqram nitqi və ölkə, cəmiyyət və dövlətin önündəki problemlərdən, üzləşdiyimiz çağırışlardan, problemlərin həllindən bəhs etməsi ilə müqayisədə özünü “ana müxalifət” sayan və bu ada iddialı olan AXCP-nin sədri Əli Kərimlinin mövqeyi yenə də qeyri-adekvatdır.

Ə.Kərimli dünən Facebook səhifəsində yazıb: “Qaz limitinin əhali qrupu üçün 30 faiz artırılması xalq olaraq daha bir kiçik uğurumuzdur. Hərçənd ki, biz әhali üçün qaza da, elektrik enerjisinә də limitin tam ləğv olunmasını tələb edirdik. Ancaq bu hakimiyyətdən xalq olaraq nə ala bilsək, qənimətdir. Biz bu tələbləri irəli sürəndə xeyli adam kənardan baxıb, “qeyri- realdır”, “mümkün deyil” deyirdi. Ancaq kiçik də olsa, nəticə var. Hökumət başa düşür ki, mitinqlərin qarşısını uzun müddətə ala bilməyəcək. Xalqımız bundan sonra siyasi prosesin aktiv iştirakçısı olacaq və hakimiyyət də artıq xalq faktoru ilə hesablaşmaq məcburiyyətindədir. Qarşıdan gələn mitinqlərə hazırlaşaq. Mübarizədə nə qədər kütləvi olsaq, cəmiyyət olaraq uğurlarımız da o qədər böyük olacaq”.

Səbəb?

Azərbaycanda qazın güzəştli tariflərlə istehlak limiti artırılıb. Qazın aşağı tariflə illik istehlak həcmi 1700 kubmetr qazdan 2200 kubmetr qaza qədər artırılıb. Yəni bu günədək 1,5 milyon abonent (6 milyon vətəndaş) təbii qazla bağlı güzəştli tarifdən istifadə edirdi. Mövcud qərara əsasən, əlavə olaraq 300 min abonent (1,2 milyondan çox vətəndaş) güzəştlərdən istifadə edəcək.

Əvvəlki rejimdə abonentlərin 70 faizi güzəştli tariflərdən istifadə edirdisə, Tarif Şurasının yeni qərarından sonra bu hədd 85 faizə yüksələcək.

Həmişəki kimi, mitinq və aksiya sevdalısı olan AXCP sədrinin ritorikasına görə, sən demə, qərarın səbəbi mitinqlərmiş. Ol mitinqlər keçirilməsəydi, daha dəqiq olsaq, yanvarın 19-da “Məhsul” stadionunda AXCP və “Milli Şura”nın möhtəşəm, qalaktik miqyaslı liderləri tribunaya qalxıb bəşəriyyətin və o cümlədən Azərbaycanın nicat yolunu göstərməsəydilər, cəmiyyətimiz orta çağlara yuvarlanacaqmış.

Əli Kərimli məntiqidir bu və belə məntiqə, sadəcə, təəssüflənmək olar.


… İstehlak qiymətlərinə daim nəzarət olmalıdır, süni qiymət artımına qətiyyən yol verilməməlidir.

Dövlət başçısı belə dedi.

Ölkəmizdə makroiqtisadi vəziyyət sabitdir. İnflyasiya aşağı səviyyədədir – 2 faizdən bir qədər çoxdur. Manatın məzənnəsi sabitdir. Belə olan halda, əlbəttə ki, süni qiymət artımına yol vermək qətiyyən olmaz. Bəzi hallarda bəzi məhsulların qiymətlərində artım olur. Bunun heç bir əsası yoxdur. Bəzi hallarda mövsümi xarakter daşıyır. Amma bəzi hallarda qiymətlər süni şəkildə artırılır.

İndi ölkə iqtisadiyyatında canlanma var. İnsanların alıcılıq qabiliyyəti artır.

Biz bunu indi statistik göstəricilərdən görürük. İndi istehlak bazarına nəzarət edən qurumlar bunu görür. Maaşlar, müavinətlər artır, problemli kreditlərlə bağlı ödənişlər başlamışdır.

Ancaq biz imkan verə bilmərik ki, bundan hansısa natəmiz adamlar, möhtəkirlər istifadə etsinlər, qiymətləri süni şəkildə qaldırsınlar, yaxud da ki, hansısa bir inhisarçılıqla məşğul olsunlar. Ona görə istehlak qiymətlərinə daim nəzarət olmalıdır. Süni qiymət artımına qətiyyən yol verilməməlidir. Müvafiq qurumlar bu işlərlə çox ciddi məşğul olmalıdırlar.

… Sosial infrastrukturla bağlı, – bu da daim diqqət mərkəzində olan məsələdir. Bu il 100-ə yaxın məktəb tikiləcək və ya əsaslı təmir ediləcək, o cümlədən modul tipli məktəblər. Bunun da çox böyük faydası var, xüsusilə ucqar kəndlərdə. Bu məktəblər həm tez bir zamanda ərsəyə gəlir, həm də keyfiyyət baxımından çox yüksək standartlara cavab verir.

Şübhə yoxdur ki, qəzalı məktəblər problemini bu il, uzaqbaşı gələn il həll edəcəyik. Yəni, Azərbaycanda bir dənə də olsun qəzalı məktəb olmamalıdır. Bu istiqamətdə böyük işlər görülüb və görüləcək.

Bu il il şəhid ailələrinə dövlət tərəfindən ən azı 800 mənzil veriləcək. Xatırladım ki, bütövlükdə, 6500-dən çox şəhid ailəsi dövlət tərəfindən mənzillə təmin olunub. Qarabağ müharibəsi əlillərinə bu il ən azı 600 minik avtomobil veriləcək.

Bu günə qədər 6200 avtomobil verilibdir.

Bu təcrübə ancaq Azərbaycanda mövcuddur. Biz bu işləri ardıcıl şəkildə görürük və görməliyik.

Ölkə uğurla inkişaf edir. Ölkəmizdə sabitlik təmin olunur. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Siyasətimizə göstərilən dəstək hakimiyyəti də gücləndirir.

Azərbaycan daha inamla irəliyə, nikbinliklə gələcəyə baxırıq. Çünki vətəndaşın qarşısındakı öhdəlikləri, vəzifələrini hakimiyyət icra edir.

İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Ağır, çətin vəziyyətdə yaşayan insanlara mütləq kömək olunmalıdır və edilir də.

Dövlət orqanları, mərkəzi və yerli icra orqanlarının nümayəndələri daim vətəndaşlara qayğı, diqqət göstərməlidirlər, daim vətəndaşların yanında olmalıdırlar.

Azərbaycan vətəndaşları əmin ola bilərlər ki, ən ağır məqamlarda dövlət onların yanındadır.


Müəllif: Elçin Alıoğlu