İyulun 15-də Təhsil Nazirliyinin dəvətilə müəllimlərin işə qəbulu üzrə imtahanı müşahidə etdik. Texniki Universitetin idman zalında təşkil edilmiş imtahana 600-dən çox iddialı qatılmışdı. Onların imtahanı necə verməsini müşahidə etməzdən öncə Təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın da iştirakilə ictimai fəallar və media nümayəndələri üçün sual-cavab sessiyası keçirildi.
Məhəbbət Vəliyeva ümumilikdə proses haqqında bilgi verdi, ayrı-ayrı sualları cavablandırdı. Şəxsən məni narahat edən əsas suallardan biri orta məktəblərdə gender balansının kişilərin zərərinə pozulması idi ki, xanım Vəliyeva buna aydınlıq gətirdi. O, qeyd etdi ki, heç də ölkənin hər yerində kişilər azlıq təşkil etmir. Elə kənd məktəbləri var ki, orada kişi müəllimlərin faizi 80-90-nın üzərindədir. Lakin əsasən də Bakı məktəblərinin müəllim heyəti xanımlardan ibarətdir. Məni narahat edən məqam odur ki, əsasən qadın müəllimlərdən dərs alan oğlan uşaqlarının kişi kimi yetişməsi bir az problemli məsələdir. Təsadüfi deyil ki, son illər ərzində yetişməkdə olan oğlan uşaqları arasında “incə” deyə biləcəklərimizin sayı artıb. Bunun əsas səbəbi elə oğlanların orta məktəblərdə daha çox xanım müəllimlərdən dərs almasıdır.
Məsələnin həlli üçün təklifimizi də səsləndirdik. Kişilərin müəllimliyi seçməsi üçün motivasiyanın genişləndirilməsinin vacibliyini qeyd etdik. Bəlli oldu ki, (öncədən də elə düşünür və bilirdim) əslində, müəllimlərin əməkhaqqı heç də ölkə ortalamasından aşağı deyil. yuvarlaq desək, tam dərs yükü (18 saat) olan gənc – yeni müəllim belə hardasa 400 manatdan başlayan maaş alır. Əgər o gənc iş yeri olaraq ucqar bir kəndi seçibsə, əlavə 160 manat da alır. Stajlı müəllimlərin maaşı isə 600 manatın üzərindədir. Bundan başqa, sinif rəhbəri, dərnək rəhbəri və bu tip əlavə işi olan müəllimlərin maaşı daha artıq olur. Yəni ümumi götürəndə müəllimlərin əməkhaqqı məsələsi digər sahələrlə müqayisədə daha sabit və dayanıqlıdır. Ona görə də Təhsil nazirliyi müəllim seçimində şəffaflığı təmin edib daha keyfiyyətli kadrları sahəyə cəlb etmək üçün öz gücünə MİQ imtahanları təşkil edir ki, ən bacarıqlılar uşaqlarımızın təhsilini öz üzərinə götürsün.
Lakin bu durumdan narahat və narazı olanlar da az deyil. Hətta iddia edirlər ki, imtahanda kimlərəsə görüm-baxım edilir, əlavə imkanlar yaradılır və s. Elə bu iddiaları öz gözümüzlə görüb yoxlamaq üçün Məhəbbət Vəliyeva ilə birlikdə imtahan zalına yollandıq.
Bizə deyilənləri, izahları bir kənara qoyub öz gördüyümüzü qələmə alır və dəyərli oxucularımıza təqdim edirik.
İmtahan zalı geniş və işıqlıdır. Hər iddiaçının qarşısında bir kompyuter qoyulub. Bizim orda olduğumuz müddətdə imtahan verənlərin böyük çoxluğu gənclər idi. Texniki olaraq hər hansı problem nəzərə çarpmırdı. Eyni zamanda nəzarətçilər və mühafizə də işinin başında idi. Yəni müəllimliyə iddia edənlərin tək işi qarşısındakı monitordakı suallara cavab vermək idi. Özü də verilən cavabların doğru-yanlışlığı dərhal bilinir. Şəxsən özüm bir sıranı boya-boy gəzdim, monitorlara kənardan baxdım və yaşılla qırmızının (yanlış cavablar) nisbətini müşahidə etdim. Mənim gördüyüm sıradakı iddialıların böyük çoxluğu kobud müşahidəmə görə, ən azı 80 faiz doğru cavablar verə bilmişdi. Yeri gəlmişkən onu da deyim ki, 90 dəqiqə sürən imtahanda 60 suala cavab verilir ki, onun da 40-ı birbaşa ixtisasa aiddir. Yəni müəllim olacaq kəs təbii ki, öz ixtisasını bilməyə borcludur və bu imtahandan qorxmamalıdır. Bir önəmli məqam da odur ki, imtahanın bitməsilə – dərhal, iddiaçı topladığı balı ekranda görə bilir. Yəni nə gedişatda, nə də sonucların hesablanmasında hər hansı fərdin iştirakı mümkün deyil!
Lakin bəzi iddiaçılar imtahandan sonra iddia edir ki, kompyuter donurmuş. Yaxud da guya sualların cavabları elə anındaca monitorda dəyişirmiş filan. Açığı, belə bir durum texniki cəhətdən mümkün olsa da inandırıcı gəlmədi. Lakin yenə də Məhəbbət xanımın izahını dinləmək maraqlı olardı. O isə izah etdi ki, belə hallar mümkündür. Texnikadır, hər şey baş verə bilər. Lakin bu günə kimi heç bir iddiaçı rəsmi şəkildə, örnək üçün, kompyuterin donmasıyla bağlı müraciət etməyib. Halbuki belə hal baş verdiyi an nəzarətçiyə müraciət edilməli, olay protokollaşdırılmalıdır. Bunu isə heç bir iddiaçı etməyib. Yalnız imtahandan sonra mediaya açıqlama verənlər, sosial mediada yazanlar var ki, bu da rəsmi sayıla bilməz.
Söhbətimiz zamanı onu da öyrəndik ki, 50 minədək iddiaçıdan 2300 nəfəri (təxminən 5 faiz) rus bölməsi üzrə imtahan verir. Maraqlıdır ki, hər keçən il ərzində rusdilli müəllimlərin sayı azalır və yaxın gələcəkdə rus dilində dərs keçmək üçün müəllim tapmaq çətinləşəcək. Bu isə təbiidir. Çünki Azərbaycan müstəqil dövlətdir, rusca daha dövlət dilimiz deyil və insanlarımızın da özünə hörməti – təəssübkeşliyi yerində olduğu üçün milliləşmə sürətlə gedir. Yəni, əslində, rus dilinə Azərbaycanda geniş anlamda ehtiyac da yoxdur.
Ümumi söhbətlər zamanı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz imtahandan sonra istifadə edilmiş suallar və onların cavablarının ictimailəşdirilməsinin vacibliyini qeyd etdi. Cavabsa bu oldu ki, əgər bir iddiaçı öz ixtisasına aid suallara cavab verirsə, bunu ictimailəşdirməyə ehtiyac yoxdur. Ola bilər ki, qazandığı qiymətdən şübhələnsin. Bu zaman tutuşdurmaq üçün zərurət yaranır. Belə halda da apelyasiya şikayəti verib məsələni araşdırmaq üçün mexanizm var.
İmtahanda apardığım müşahidədən gəldiyim qənaət budur ki, nə qədər tənqid etsək də Təhsil Nazirliyi mövcud şərtlər daxilində sahədə şəffaflaşdırma və keyfiyyətin yüksəldilməsi üçün ciddi işlər görür. Bu isə sabahımızla bağlı nikbin olmağa yetərlidir. İndi bizə düşən də odur ki, dövlətin belə təşəbbüslərinin daha da dayanıqlı olması üçün öz dəstəyimizi əsirgəməyək. Təbii ki, qüsur görəndə tənqid edəcəyik, lakin yaxşıya yaxşı deməkdən də çəkinməməliyik.