11 Sentyabr 2014 12:20
1 696
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əvvəla, ürəyimizin ən dərin guşələrindən gələn bahar ətirli salamı sizə çatdırmaq istəyirəm." Bir zamanlar bu qəlib sözlərlə başlayan məktubdan ömründə bir dəfə də olsun yazmamış az adam tapılardı.

Lakin nə qədər qəribə olsa da, məktubun tarixi sözdən başlamırdı. Ən qədim dövrlərdə ilk namə rolunu tonqal tüstüsü, nağara zərbələri və zınqırov səsləri oynayırdı. İlk poçtalyonlar isə atlı qasidlər olub. Lakin onların çatdırdığı məktublar yazılı deyildi. Bu qasidlər naməni göndərənin sözlərini əzbərləyib onu olduğu kimi ünvana ötürürdülər. Elə "məktubda yazılır" yox, məhz "məktubda deyilir" ifadəsi də dilimizdə bax o hadisənin tarixi nişanəsi kimi qalıb. Qasidlərin şifahi müjdələri tədricən papirus və perqament namələrlə əvəzləndi. Yazılı namələrin ən romantik qasidləri isə göyərçinlər oldu. Bu sülh rəmzi, sülh elçilərinin gətirdiyi xoş müjdələr, hərbi sirlər, sevgi etirafları neçə-neçə insanın həyatını dəyişdi.


Adi qələmin kağız üzərinə aram-aram hopdurduğu izlər hisslərimizin, düşüncələrimizin, sevinc və həyəcanlarımızın ifadəsi idi. Onun cavabı olan bir parça kağız isə həmin an əlimizdə tutduğumuz ən əziz, ən qiymətli bir şey olurdu. İndi yazdıqlarımıza həftələr, hətta aylarla həsrət içərisində cavab gözlədiyimiz vaxtlar çox-çox gerilərdə qalıb. Bu gün məktubunun lazım olan ünvana nə vaxt çatacağı, bizim monitorun bu tayında "Göndər" düyməsini basacağımız andan asılıdır. Lakin İnternetin sürəti artdıqca, məktubu göndərməklə cavab almağımız arasındakı zaman kəsiyi minimuma yaxınlaşdıqca, insanlar sanki bir-birindən uzaqlaşırlar. İsti məktublaşma soyuq elektron söhbətləşmə ilə, əlində qələm, ürəyində hisslər burulğanı qaynayan insanlar isə yazdıqları, klaviatura dillərinin monoton taktı ilə ahəngdar olan yuzerlərlə əvəzlənir. İndi nəinki ürəyimizin dərinliklərindən gələn, hətta dilimizin ucundan çıxan salamı belə yazmağı özümüzə əziyyət bilirik.


Amma bir xatırlayın, qapımızdakı poçt qutusundan uzaqlardan gəlmiş zərf çıxarmaq necə də xoş idi. Bu gün elektron poçtumuzda yanıb-sönən "yeni məktub var" işarəsi, telefonumuza gələn qısa mesaj siqnalı heç bir vəhclə o xoş həyəcanlarımıza rəqib olacaq deyil. Hərçənd hər iki halda mahiyyət eynidir. Yəni bizə yazırlarsa, demək, bizi axtarırlar. Demək, xatırlanırıq, kiməsə lazımıq, adımız anılır, hörmətimiz uca tutulur. Əsas olan da elə budur.


Müəllif: Leyla