Ən çox gedənlər gözləyir, qayıdacaq yerləri olmur deyə. Qalanlarınsa gedəcək yerləri olmur deyə gözləyir...
Nə işi var bu qədər adamın dünyada, nə etmək istəyirlər, məqsədləri nədir? Nə olmaq, kim olmaq istəyirlər ölümün bir ucunda tələ qurduğu bu dünyada?
Bu küçə boyu hara tələsirlər, kimə çatmaq istəyirlər, çatıb nə edəcəklər? Çatıb yenə harasa tələsəcəklər, harasa getmək istəyəcəklər, getmək üçün bir bəhanə tapacaqlar.
Heç vaxt dayanmağa vaxtı olmayacaq adamların...
Yeyəcəklər səhər, günorta, axşam - biri yemək yeyəcək, biri ürəyini yeyəcək, bir ümidlərini yeyəcək, biri digərini yeyəcək, yeyə-yeyə qurtarmayacaq adamlar. Sonra hərəsi bir tərəfə səpələnib yaşacaqlar bir-bir. Bitməyəcək - nə bu zülmət, nə bu gecə, nə bu səhər, nə bu ay, nə bu günəş bitəcək.
Adamlar dünyanın yaxasından əl çəkmədikcə, davam edəcək sağ qalmaq lənəti, insanı düşkünə çevirən, mənəviyyatını yerlə-yeksan edən, ləyaqətini təhqir edən, alçaldan həyat eşqi. Heç vaxt kimsə ölməyəcək, həmişə kimsə tapılacaq bu dünyada yaşamağa, bu quru torpaq üstündə, heç vaxt boş qalmayacaq yer üzü.
Nə istəyir bu küçədəki qablardan zibil maşınına tör-töküntü boşaldan adamlar, ya bayaq bu qutudakı zibilliyin içində eşələnən qoca? Nə istəyirlər bu adamlar özlərindən, niyə nəfəslərinə heyifləri gəlir, imtina edə bilmirlər havadan, niyə yaşamaqdan belə qorxurlar, ölmək istəmirlər?
Elə bil krallığının xəzinəsini oğurlayırlar zibilyığan qocanın. Necə qorxa-qorxa, ümidsizcə yola salır baxışları ilə zibil qutularını maşına.
Bu necə yaşamaqdır, nə əcəb indiyədək Əzrayılın zəhərli qısqacına verməmisən boğazını, nə əcəb ürəyindən bir dəfə də ölmək istəyi keçməyib? Niyə axı? Nə əcəb indiyədək bir dəfə içində ürəyini bulandıran burulğana qarışıb özünü zibil maşınının təkərlərinə ilişdirib getməmisən buralardan? Nə əcəb, səndən çıxmayan iş?
Amma sən hər gün bu zibil maşınının təkərlərindən əvvəl qaçırsan bu qutulara, onlardan qabaq çökürsən bu üfunətin dibinə. Ayaqların nə yaman yüyrəkdir sənin, nədir səni belə yaşamaq üçün həvəsə gətirən şey?
Heç olmasa, bir gözləyənin varmı xarabanda? Kim gözləyəcək axı səni, innən belə kimin nəyinə lazımsan sən? Bəs sənin nəyinə lazımdır, harana yaraşır yaşamaq? Yoxsulluğun zülmətinin hopduğu ayaq dırnaqlarının arasına, ipə sərilmiş mələfə kimi damaqlarında sallanan dişlərinə yaraşmır.
Nə bilim, sən də insansan, mütləq sən də haranasa yaraşdırmısan yaşamağı, harasındansa tutub sallanırsan həyatdan. Amma o dörd əllə tapışdığın yerə sənin boynun keçməli idi, özü də çoxdan. Son nəfəsin ordan yellənərkən ayaq barmaqlarının ucundan çıxmalı idi.
Sən özün bilmirsən, mən hardan bilim...
Hara tələsir bu qadın gecənin bir aləmində belə bir təlaşla – xoşbəxt yaşamaq istəyərcəsinə? Kir-pasaq qaralığında bir tifili də sürüyür arxasınca. Səsi başına düşüb, telefonun o biri tərəfindəkini dirəyib dalana, lərzəyə gətirir bu qadının səsi susqun küçəni. Özünü kimin qabağında təmizə çıxarmaq, ya sübut etmək istəyir belə, bu qaraca tifilin dörd buğda boyda qara kölgəsinin qabağına düşərək?
Bu hansı həyat eşqidir, hansı yaşamaq istəyidir belə, baş qaldırmış hansı arzudur bu bədbəxtlik içində?
Nə qışqırırsan, nə istəyirsən, nə gözləyirdin sən, ay qadın? Nədir səni qışqırdan, arxanca sürünən o quş yüngüllüyündə tifilin ağırlığımı, ya muğayat ola bilmədiyin canının qorxusumu? Hamı belədir axı, hamı belədir, hamı belə yaşayır. Bəs sən nədən qorxursan, niyə belə həyəcanlısan? Nöqtə boyda bir tifili də kölgənə qoşub qaçırsan harasa - yaşamağa tələsirsən. Hara qədər qaçacaqsan? Hara getsən dünyadır, hara çatsan eyni adamlar gözləyir.
Çıxa bilməyəcəksən ölənədək bu zülmətin içindən, belə yaşayıb, belə də öləcəksən, heç vaxt xoşbəxt olmayacaqsan, həmişə bədbəxt olmaq üçün bir səbəb, bir bəhanə tapacaqsan.
Arzuları, qorxuları kimsəyə xoşbəxt olmaq şansı vermir, heç kəs xoşbəxt olmur bu dünyada, sən də olmayacaqsan. Buna görə də tələsmək lazım deyil. Bir gün arxanca sürünən o nöqtdə boyda tifil qabağına keçib bir cümlə kimi bitirəcək səni də.
Bilmirəm, sənin də yerinə heç nə bilmirəm, bax ordakı qocanın yerinə bilmədiyim kimi...
Bilmirəm, yenə də tələsirlər. Hara tələsirlər bu adamlar, hara qədər gedəcək yerləri ola bilər? Harasa çatıb gözləyəcəklər axı, gözləyən varlıqdır insan, istədiyi yerə çatanda belə gözləyir. Bəs niyə tələsirlər, sanki önəmliylərmiş kimi, sanki çatıb başqa həyata başlacaqlarmış kimi, hara tələsirlər belə? Axı hara getsə də, harasa çatsa da insan həmişə gözləyir, tələsən ayaqları insanın ürəyini aldada bilməz, sakitləşdirə bilməz.
Hamı eyni yerdə gözləyir, kiminsə çıxıb getdiyi yolun əvvəlində - həmin o köhnə yerdə...