28 Yanvar 2020 22:57
1 936
12 Punto 14 Punto 16 Punto 18 Punto

1918-ci ilin 7 dekabrında açılan Azərbaycan Cümhuriyyəti Parlamentinin deputatları Zaqafqaziya Seyminin Müsəlman Şurasının seçilmiş üzvləri idilər. Dövlət hələ yeni qurulduğu üçün parlament bu şəkildə fəaliyyətə başladı və seçki qanunu hazırlananadək milli azlıqların da məclisə göndərdiyi deputatlarla birgə iclaslarına davam etdi.

Nəhayət, 1919-cu il iyulun 21-də Azərbaycan Məclisi-Məbusanı “Azərbaycan Cümhuriyyətinin Müəssislər Məclisinə seçkilər haqqında” Əsasnaməni təsdiq etdi. Bu, Cümhuriyyətin ali seçkili orqanının səlahiyyətlərini tənzimləyən sənəd idi. Həmin iclasda Əsasnamənin 10-cu maddəsinə uyğun olaraq, 21 nəfərdən ibarət Mərkəzi Seçki Komissiyası yaradıldı.

Əsasnamə 10 fəsil (ümumi müddəalar; seçki hüququ haqqında; Müəssislər Məclisinə seçkiləri həyata keçirən təşkilatlar haqqında; seçici siyahıları; namizədlərin siyahıları haqqında; seçki bülletenlərinin verilməsi və sayılması haqqında; seçkilərin nəticələrinin müəyyən edilməsi haqqında; Müəssislər Məclisinə nümayəndəlikdən imtina etmiş və ya çıxmış üzvlərin yerinə yeni seçkilərin keçirilməsi haqqında; seçkilərin azad və düzgün keçirilməsi haqqında; Müəssislər Məclisinə seçkilər üçün xərclər haqqında) və 116 maddədən ibarət idi.

Əsasnamənin əsas müddəalarında göstərilirdi ki, Müəssislər Məclisi cinsindən asılı olmayaraq ümumi, bərabər və gizli səsvermə yolu ilə seçilmiş üzvlərdən təşkil olunur. Müəssislər Məclisinə 120 nəfər nümayəndənin seçilməsi nəzərdə tutulurdu. Seçkilərdə hər nümayəndə üçün bir seçki dairəsi və səsləri hesablamaq üçün seçki məntəqəsi yaradılmalı idi.

Əsasnaməyə görə, cinsindən, irqindən, milliyyətindən, dini mənsubiyyətindən asılı olmayaraq, 20 yaşına çatmış və səsvermə hüququ olan bütün Azərbaycan vətəndaşlarının səsvermə hüququ vardı. Bu Əsasnamə o dövrdə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində ən demokratik seçki hüququ müəyyən edən tarixi sənəddi. Göründüyü kimi, burada qadınlara da səsvermə hüququ nəzərdə tutulmuşdu.

12 fevral 1920-ci ildə Məclisi-Məbusan Mərkəzi Seçki Komissiyasının sərəncamına 20 milyon 547 min 450 manat vəsait buraxılması haqqında qanun çıxardı.

Müəssislər Məclisinə seçkilərə hazırlıq işləri 1920-ci il aprelin 20-dək aparıldı. Seçkilərin həmin gün keçirilməsi planlaşdırılmışdı.

Ancaq Cümhuriyyətin işğalı ərəfəsində bolşeviklərin ölkədə yaratdığı gərgin siyasi-ictimai durum həmin seçkilərin keçirilməsinə imkan vermədi və 28 aprel işğalı bunun qarşısını aldı.


Müəllif: Dilqəm Əhməd