9 Mart 2020 17:45
1 947
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya OPEK-in neft hasilatını ilin ikinci rübündə sutkada əlavə olaraq 1,5 milyon barel azaltmaq təşəbbüsü ilə razılaşmadı.

“Rosneft”in mətbuat katibi Mixail Leonteyev OPEK+ çərçivəsində hasilatın azaldılmasının ölkəsi üçün əlverişli olmadığını bəyan edib. Onun qənaətinə görə, hasilatın azaldılması nəticəsində bazarda yaranan tələbat ABŞ-ın şist neftinin hesabına ödənilir. Rusiyada hesab edirlər ki, OPEK+ ölkələri gündəlik hasilatı azaldalarsa, o zaman OPEK+ razılaşmasından kənarda qalan ölkələr hasilatı artıracaqlar və bu, Moskva üçün daha da əlverişsiz bir mənzərənin yaranmasına səbəb olacaq.
Rusiyanın kütləvi informasiya vasitələri və bir sıra ekspertləri hesab edirlər ki, Moskvanın gündəlik hasilatın azaldılmasına qarşı çıxması ABŞ-ın şist nefti sənayesinə zərbə vurmaq niyyətindən qaynaqlanır.


İqtisadçı olmasam da, hasilatla bağlı rəqəmlərin müqayisəsi Rusiya KİV-lərinin və ekspertlərinin iddialarının əsassız olduğunu ortaya çıxarır. Məsələ burasındadır ki, şist netinin hasilatı ABŞ-a 30-32 dollara başa gəlir. Rusiyanın köhnə yataqlardan hasil etdiyi neftin 1 barellinin maya dəyəri 28 ABŞ dolları, yeni yataqlardan hasil etdiyi neftin 1 barellinin maya dəyəri isə 16-18 dollar təşkil edir. Bununla yanaşı, Rusiya hasilatın həcmini qoruyub saxlamaq üçün nəhəng sərmayə tələb edən perspektiv yataqlarda işə başlamalıdır. Yalnız bu halda Rusiyada hasil edilən 1 barell neftin maya dəyəri Moskvanın Səudiyyə Ərəbistanı kimi nəhəng neft ixracatçıları ilə dünya bazarında rəqabət aparmasına imkan verə bilər. Amma Rusiya iqtisadiyyatı mövcud vəziyyəti perspektiv yataqların işlənməsi üçün gərəkli olan sərmayə imkanlarını minimuma endirir. Moskvanın müxtəlif geosiyasi və sadəcə siyasi manevrlər yolu ilə neft sektoruna sərmayə cəlb etmək kimi ənənəvi manipulyativ davranışları da hazırda perspektivsiz görünür. Çünki qiymətlərin aşağı düşməsi bir tərəfdən bu sektorun cazibədarlığını azaldır, digər tərəfdən isə Rusiyanın ənənəvi hədəflərinin bu ölkənin neft sektoruna sərmayə yatırmaq imkanlarını minimuma endirir.
Rusiya Maliyyə nazirliyinin açıqladığı rəsmi statistikaya görə, 2019-cu ildə bu ölkənin gəlirlərinin 46%-i neft-qaz sektorundan əldə olunub. Xarici ekspertlər isə bu göstəricinin 56-62% civarında olduğunu bildirirlər. Hətta Rusiya Maliyyə naziliyinin açıqladığı rəqəmin özü belə əsas götürülərsə, bu ölkədə mövcud olan sosial problemlər, həmçinin Moskvanın geosiyasi iddialarından qaynaqlanan və bu ölkənin maliyyə imkanlarını tükədən amillər neft-qaz sektorunun daxili sərmayələr hesabına inkişaf etdirilməsi perspektivini şübhə altına alır.


Səudiyyə Ərəbistanı da öz növbəsində OPEK+ ölkələrinin Venada keçirilən son toplantısında Rusiyanın razılaşmanı pozmasını sükutla qarşılamaq niyyətində deyil. “Blomberg” agentliyinin yaydığı məlumata görə, Səudiyyə Ərəbistanı aprel atında neft hasilatını gündəlik 9,7 milyon barelldən 10-11 milyon barellə qədər artırmaq niyyətindədir.


Bununla yanaşı, Səudiyyə Ərəbistanının Milli Energetika Şirkəti “Saudi Aramco” bütün sifarişçilər üçün neftin bütün növləri üzrə qiymətləri aşağı salacağını bəyan edib. “Reuters” Agetliyinin dəqiqləşdirdiyi məlumata görə, Şərqi və Qərbi Avropadan olan sifarişçilər üçün neftin 1 barelli üçün satış qiyməti 8 ABŞ dolları civarında aşağı salınacaq.


Xatırladım ki, Rusiyanın “Lukoyl” şirkətinin vitse-prezidenti Leonid Fedun bir müddət öncə bəyan etmişdi ki, Vena görüşünün iflasa uğraması Rusiyanın gündəlik 100-150 milyon ABŞ dolları itirməsinə səbəb ola bilər.


Mövcud vəziyyət ölkəmizi də bir sıra çağırışlar qarşısında qoya bilər. Bəs iqtisadçılarımız və enerji məsələləri üzrə ekspertlərimiz, analitiklərimiz bu barədə nə düşünürlər? Nə etməliyik?


Müəllif: Elçin Mirzəbəyli