26 İyul 2020 21:24
5 418
12 Punto 14 Punto 16 Punto 18 Punto

1918-ci il.

Azərbaycan Milli Şurası ən çətin şərtlər altında özgə dövlətin ərazisində öz müstəqilliyini elan etdi.

Bakı işğaldaydı.

Türkiyə ilə danışıqlar aparıldı, iyunun 4-də Batumda müqavilə imzalandı, ərazi bütövlüyümüzü qorumaq üçün Qafqaz İslam Ordusu çağırıldı. İyunun ortasında hökumətimiz Tiflisdən Gəncəyə köçdü. Əsas hədəf Bakının azad edilməsi idi. Bütün güc, bütün qüvvə, bütün planlar bu istiqamətdə idi.

Ölkəmizin bu ən çətin dövründə ikinci bir problemlə qarşılaşdıq.

Həmin ilin iyulunda ermənilər Şuşada keçirilən birinci qurultaylarında Dağlıq Qarabağı müstəqil elan etdilər. Ardınca Türkiyədən qaçan general Andranikin silahlı quldur dəstələri Qarabağa yeridildi.

Azərbaycan hökuməti Ermənistana bununla bağlı nota verdi. Notamıza Andranikin erməni hökuməti ilə heç bir əlaqəsi olmadığı, “asi” olaraq öz təşəbbüsü ilə hərəkət etdiyi cavabı verildi.

Halbuki belə deyildi. Andranik bilavasitə Ararat hökumətindən dəstək alırdı.

Azərbaycan hökuməti iyulun 15-də iclas keçirdi, xarici işlər naziri Hacınskinin məruzəsi dinlənildi. Hadisələrin baş vermə şəraiti, müqəssirlər barədə təkliflər verildi. Amma hökumət Bakıdan öncə qəti addım ata bilmirdi. Nəhayət, Bakının azadlığından sonra Andraniklə haqq-hesab çəkildi, Əsgəran, Şuşa-Yevlax yolu, Şuşa qəzası, Zəngəzurun bir qismi asilərdən azad edildi. Bütün bunlar türk zabitlərin dəstəyi ilə mümkün oldu.
Mudros müqaviləsindən sonra Türk qoşunları ölkəmizdən getdikləri üçün Andranik yenidən fəallaşdı. 1919-cu ilin əvvəlində hökumət Qarabağda asiləri birdəfəlik susdurmaq üçün mühüm addım atdı. 15 yanvarda Cümhuriyyət daxiliyyə nazirinin Qarabağ haqqındakı məruzəsini dinləyən hökumət qərara aldı:

“Daxiliyyə naziri həzrətləri tərəfindən pişnəhad edilmiş məruzə qəbul edilsin. Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarında müvəqqəti olaraq bir general-qubernatorluq təşkil etməlidir. Təyin ediləcək general-qubernatorun ixtiyaratı Daxiliyyə Nəzarəti məruzəsində göstərildiyi qədər olacaqdır”.
29 yanvarda Xosrov bəy Sultanov Qarabağın müvəqqəti hərbi valisi (general-qubernatoru) təyin edildi.

Xosrov bəy Sultanov Şuşaya gələn kimi Qarabağ torpağını erməni terrorizmindən azad etmək üçün gərgin fəaliyyətə başladı. O, 1919-cu il fevralın 12-də Şuşa, Zəngəzur, Cavanşir və Cəbrayıl qəzalarının əhalisinə müraciət edərək onlara general-qubernatorluğun yaradılması səbəblərini izah etdi.
Xosrov bəy açıq şəkildə bildirdi: general-qubernatorluğun rayonlarında yeganə hökumət - Azərbaycan hökumətinin hakimiyyətidir və hamı məcburi şəkildə ona tabe olmalıdır.

Belə də oldu.

Qarabağ general-qubernatorluğunun fəaliyyəti nəticəsində asilər məhv edildi.

Rəsmi “Azərbaycan” qəzeti iyulun sonunda xoş bir xəbəri əhali ilə bölüşdü:

“Bu günlərdə Qarabağ öz torpağında özünün ən əziz və sevimli qonaqlarını Gəncənin qubernatoru Rəfibəyovun müşayiəti ilə Azərbaycan Cümhuriyyətinin baş naziri N.Yusifbəylini və hərbi nazir Mehmandarovu qarşılayırdı. 29 iyulda qonaqlar Xankəndinə gəldi. 30 iyulda hörmətli qonaqlar Şuşaya gəldilər. Şəhər əhalisi qonaqları duz-çörəklə qarşıladı. Bundan sonra hörmətli qonaqlar məsciddə azərbaycanlılar qarşısında çıxış etdilər. Sonra isə onlar erməni kilsəsinə getdilər. Erməni ruhaniləri onları duz-çörəklə qarşıladılar. Yepiskop Azərbaycan dilində çıxış edərək iki millətin dinc yanaşı yaşamasının zəruriliyini göstərdi”.

Nəhayət, Qarabağ erməniləri 1919-cu ilin avqustunda fövqəladə qurultay çağıraraq Azərbaycan hökumətinə tabe olmaq haqqında qərar qəbul etdilər.
Qarabağ ermənilərinin 15 avqustda baş tutan 7-ci qurultayında qəbul etdikləri qərarlar bu şəkildə idi:

- İndiki müvəqqəti müqavilə tərəflər tərəfindən bu məsələ Sülh konfransında həll edilənə qədər qəbul edilir. Onun qərarları hər iki tərəf üçün məcburidir.

- Qarabağın dağlıq hissəsində Şuşada, Cavanşir və Cəbrayıl qəzalarında yaşayan ermənilər özlərini müvəqqəti olaraq Azərbaycan Cümhuriyyətinin sərhədləri daxilində hesab edirlər.

Ermənilər qısa zamanda bu müqaviləni yenidən pozdular, ilin sonunda Zəngəzurda və digər ərazilərdə üsyan qaldırdılar. Azərbaycan hökuməti qüvvələri asiləri növbəti dəfə məğlub etdi. Lakin 1920-ci ilin martında Rusiyanın göstərişi ilə yenidən üsyan qaldırdılar.

Onlar Moskvanın istəyinə tam uyğun olaraq 1920-ci il martın 22-də – Novruz bayramı gecəsi Xankəndindəki Azərbaycan ordusu hissələrinə hücum etdilər. Bundan sonra eyni zamanda Dağlıq Qarabağ, Naxçıvan və Ordubadda da Azərbaycan əleyhinə qiyam qaldırdılar. Azərbaycan Ordusunun başlıca qüvvələri erməni qiyamını yatırmağa göndərildi.

Buna görə də Bakı müdafiəsiz qaldı və Cümhuriyyət işğal edildi.

Beləliklə, ermənilər Azərbaycan Cümhuriyyətinin qurulduğu ən çətin günlərdə üsyan qaldırmışdılar.

Eyni halı həmin əsrin sonunda da etdilər.

Tarixin isə bir daha təkrar olunacağına inanırıq.

Azərbaycan rəhbəri və hərbi naziri 100 il öncə olduğu kimi yenidən Şuşaya, Xankəndinə ayaq basacaqdır.


Müəllif: Dilqəm Əhməd