Ötən gün Türkiyə ermənilərinin çap etdiyi “Agos” qəzetinə nəzər yetirdim. Bəzi dünya mətbuatındakı və qurumlarındakı saxta ittihamları və məğlubiyyətin yaratdığı əziklikdən doğan yazıları gördüm.
Bir zamanlar alov saçan, yeri gələndə isə özlərini sülpərvər adlandıraraq, hətta Azərbaycan türkcəsində manşet verən qəzet indi sönmüş ulduz kimiydi. Çünki ölkəli-diasporalı 30 ildir qurduqları bütün mifləri məhv edilmiş, bağırtıları eşidilməz olmuşdu. Bunu edən isə Azərbaycan ordusudur.
44 gün ərzində əksəriyyətimizin mühüm dünya dövlətlərinin xarici siyasətinə təsir gücü olduğunu düşündüyümüz erməni lobbisinin, əslində şişirdilmiş şar olduğunu gördük. Bir neçə həyasız mitinqdən və dünya məşhurlarının ələ alınması hadisəsindən başqa real bir gücün olmadığına şahid olduq.
44 gün ərzində ermənilərin bəzi dövlətlər tərəfindən yüksək səviyyədə silahlandırıldığı, iri istehkamlar, səngərlər qurduqları ilə bağlı təsəvvürlərimiz darmadağın oldu. Həmin silah-sursatın yarısı məhv oldu, yarısı qənimət götürüldü, Zəfər paradında sərgiləndi. Məhv edilən və ələ keçirilən silahların qiyməti isə milyard dolları keçməkdədir.
44 gün ərzində ermənilər xristian amilindən tutmuş qondarma etnik təmizləmə aktına qədər dünya dövlətlərinə hər cür yalan bəyanatlar verdilər, amma nəticədə sülhməramlıların nəzarətindən başqa heç bir dəstəklə qarşılaşmadılar.
Çünki məğlub olmuşdular.
Dünya politikasında isə sərf etmədiyi təqdirdə məğlubların yiyəsi olmur. Ən yaxşı halda qətnamə imzalayıb bəyanat verilir.
Son 30 il göstərdi ki, dünya birliyi anlayışı öz maraqları çərçivəsində olmayanda ədalətin təmini kağızını imzalayır, amma həyata keçməsində əsla maraqlı olmur. Həyata keçirmə prosesi sənin öhdənə qalır. Necə ki BMT-nin təzyiqi əvəzinə ordumuzun təzyiqi ilə məsələni həll etdik. Artıq keçmiş münaqişənin həlli üçün çalışan Minsk qrupunun həmsədrlərinə də ehtiyac yoxdur. Hazırda onlar Bakıya gəlsələr də, biz çağırmamışıq. Keçmiş xoş günlərinin bərpası arzusuyla yaşamaqdadırlar.
Məğlubların yiyəsi olmasa da, qaliblərin yeni düşmənləri həmişə olur.
İllərdir qonşuluğundakı münaqişənin həlli üçün heç bir cəhd etməyən, dondurulmuş vəziyyətin keyfini çıxaran, müsəlman məscidlərini donuzxanaya çevirənlərlə üz-üzə oturan dövlətin bir bayatından qəzəblənməsi təsadüfi məsələ deyil.
Xudafərindən verilən mesaj, müharibə dövründə Arazın o tayından qələbəmizi canlı şəkildə izləyən və buna görə də dövlət başçısı tərəfindən təbrik edilən İran xalqının nümayəndələri məsələsi təsadüfi deyil.
Bakıda verilən türklük mesajı, geniş heyətlə təmsil olunan Türkiyə rəsmiləri və Zəfər paradından əsgərlərimizlə birgə addımlayan türk əsgərləri məsələsi təsadüfi deyil.
Ənvər və Nuri paşaların xatırlanması, Azərbaycan prezidentinin Türkiyəli həmkarına olan münasibəti təsadüfi deyil.
Bunlar illərdir hər iki ölkə daxilindəki yad ünsürlərin təmizlənməsi prosesinin nəticəsində həyata keçdi.
Zəfər paradı ərəfəsində prezident yeni iqtisadi hədəflərin mesajını verdi. Bölgə yenidən dizayn edilir və Ermənistanın hələ ki şansı qalıb. Paşinyanın Ermənistanın gələcəyi üçün edəcəyi növbəti xidmətlər nəticəsində bu ölkə də yeni sistemdə yer alacaq. Əks halda bölgənin ən məğlub dövləti və xalqı olaraq zamanla yox olacaq.
O zaman isə onlara heç kim sahib çıxmayacaq.
Çünki məğlubların yiyəsi olmur!