12 Yanvar 2021 13:24
5 301
12 Punto 14 Punto 16 Punto 18 Punto

2021-ci ilin ilk günlərini yaşayırıq. Uzun illərdən sonra Şuşalı yeni ilimizdir bu il. Azərbaycanın tarixi zəfəri əməli fəaliyyət sahələrinə, demək olar, bütün parametrlər üzrə təsir edib, yeni çağırışlar, yeni imkanlar öz xoşməramlı diqtəsi ilə çıxış edir. Etməlidir də. Necə deyərlər, Azərbaycan öncəki Azərbaycan deyil! Üfüqümüz genişlənib. Bəlkə indiyədək daha çox günün çağırışlarından, günün gerçəkliklərindən danışır, o gerçəkiklərə alışırdıqsa, indi Azərbaycan Dəmir Yumruğu ilə yaradılmış gerçəkliklər gündəm olur, çağırışlarımız gündəlik yaradır. Və bütün bunlar harada inkas olur? – Mediada. Yeni Mediada. Bəs bizdə “Kütləvi informasiya vasitələri haqqında” Qanun nə zaman qəbul edilib? – 07.12.1999-cu ildə (№ 769-IQ). Doğrudur, 23.11.2001-ci il, 28.12.2001-ci il və 30.04.2002-ci ildə Qanun əlavə və dəyişikliklərlə yenilənib, lakin Qanun illa da köhnə qanundur.

Bəlkə də ən sürətlə, dinamik inkişaf edən sahə olmasına görədir ki KİV haqqında Qanunun günün tələblərinə cavab vermir, milli xəlqi tələblərimiz, çıxarlarımız medianın gündəmi olmur…

Əlbəttə, İngiltərədən, başqa ölkələrdən hansısa sahə üzrə misallar gətirib, həmin sahələr üzrə qanunların nəinki 20 il, hətta 200 il öncəyə dayandığını söyləmək olar; lakin həmən də əlavə etmək lazım gəlir: hər ölkənin öz gerçəkliyi, hər gerçəkliyin öz ölkəsi; başqa sözlə, hər qanunun öz zamanı, hər zamanın öz qanunu var. Bizim gerçəkliklərimiz, gerçəkliklərimizin doğurduğu gündəm və s. daha çox keçmiş SSRİ coğrafiyasındakı, bir qədər geniş götürsək, sosialist sistemi ölkələri və ya yaxın qonşularla müqayisə olunsa daha düzgün sonuclara varmaq olar. Amma mən hətta bu müqayisəni də deyil, məhz “bizə nə lazımdır?” sualını önplana çıxarmaq istərdim.

Gün boyu yaxın dostlarımın KİV haqqında qanunun çağdaş tələblərə uyğunsuzluğu haqqında yazdıqlarını da görüncə, düşündüm, daşındım, öz fikirlərimi bölüşməyi uyğun bildim. İşin içində yeni ilin havası, 44 günlük Vətən Müharibəsinin üzə çıxardığı gerçəkliklər, qalib ölkə vətəndaşı olmanın ovqatı da var hər halda. Beləliklə, qalaq-qalaq qəzet oxudğumuz dövrlərdə qəbul edilmiş qanunumu qüvvədə olsa da, öz-özündən (sövq-təbii) formalaşmış günün, inkişafın təbii qanunauyğunluğu da öz diqtəsini edir, öz varlığını hiss etdirir. Nə zamandır hamımızın bir barmağı telefonun, bilgisayarın düymələrində, gözümüz göyişıqlı ekrandadır. Televizor ekranını telefon, bilgisayar ekranı əvəz edir desək yanılmarıq. Bu yalnız bizdəmi belədir? – Xeyr! Bu yaxşıdımı, pisdimi? – Məsələ, sual bu deyil.

İş ondadır ki, indi istənilən adam informasiya istehlakçısı olmaqdan çıxıb, informasiyanın istehsalçısına çevrilə bilər. İnformasiya məkanı yetərincə interaktivləşib. İndi “canlı bağlantı” yalnız 5 dəqiqə gecikməli TV ekranından yaxud radio efirindən yayımlanmır, portallar, sosial şəbəkələr günümüzdə-güzəranımızdadır. Qabaqlar “evə icazəsiz girən mavi ekran”dan “şikayətçi” olanlar, indi öz şikayətlərini əllərində telefonun kamerasını çevirib söyləyir, sosial şəbəklərlərdə tirajlayır və gündəm ola (yarada) bilir. Artıq klassik qəzetçilik, redaksiya heyəti, məsul katib və b. “institut”lar arxaikləşib sanki. Zatən o “Redaksiya heyəti”nin çoxu onsuz da formal xarakter daşıyırdı, indliksə, formallığı da qalmamış kimi görünür…

Nədir məslə? –

Məsələ ondadır ki:

-“KİV haqqında qanun” qanunumuz çağdaş tələblərə cavab vermir; qanun öz sahəsini tam əhatə etmir, artıq vurğuladığımız kimi sosial media, internet jurnalistikası ümumiyyətlə tənzimlənmir;

- Azərbaycan dilinin qaydalarına riayət olunmur, jurnalistikanın nüfuzu arzuolunan səviyədən aşağıdır, hətta qeyri-peşəkarlıq problem ilə üz-üzəyik;

- Çağdaş İKT-dən gərəyincə yararlanıldığını demək çətindir;

- KİV sahəsindəki mövcud durum ölkəmizin – qalib ölkəmizin informasiya təhlükə­sizliyinə nəinki cavab vermir, bəlkə ona təhdid təşkil edir.

Məsələn, mənəvi dəyərlərdən uzaq, hüquqtanımazlığa yaxın Ermənistanın ortaya atdığı istənilən yalan xəbər və dezinformasiyanın bizim yerli media tərəfindən tirajlandığı hallar bir deyil, beş deyil; deməli, informasiya təxribatları ilə üz-üzə qaldığımız danılmaz faktlar sırasındadır;

- KİVDDF də indiki forması ilə tələblərə tam cavab vermir, başqa sözlə, daha geniş yetkilərə malik, prosesləri tənzimləyə biləcək yeni bir quruma ehtiyac yaranıb;

- “Çap mediası”nda durum daha acınacaqlıdır – qəzetlər oxunmur, satış bazarı bərbaddır, yayım sahəsi üzüntülüdür;

- Sözügedən sahədə sistmetləşməyə, KİV haqqında yeni Qanuna, bu sahəni çağdaş tələblərə uyğun tənzimləyəcək yaxud tələbləri çağdaşlaşdırmağa qadir yeni quruma ehtiyac var və s…

Bəli, jurnalistlərin, özəlliklə, TV və radio sahəsindəki jurnalistlərinin peşəkarlığı tənqiddən ən çox nəsibini alan, ancaq hələ də arzuolunan səviyyə nümayiş etdirməyən sahədir;

Sosial media, internet mediası başlı-başına bir sahədir – kiminə görə, bu sahədə özbaşınalıqdır, kiminə görə “bütün yeniliklər sancılı olur – bu da keçər” arxayınçılığı var… Reket “jurnalistikası” isə ac canavar kimi dişini qıcayıb – sanki onlar üçün üsul-vasitələrin dəyişməsinin bir o qədər də önəmi yoxdur, buqələmun kimi hər ortama uyğunlaşıb, öz “varlıq”larinı sürdürəcək…

Uzun sözün qısası, Azərbaycan jurnalistikası yeni dönəmə gəbədir. Söz səhiyyəmiz, hüquq həkimliyimiz, qanun sağlamlığmız bu yeni doğuşun ən yaxşı şəkildə yerinə yetirilməsini təmin etməlidir.

Söz bayrağımız da, dövlət bayrağımız da uca olsun!

Dövlətimiz zaval görməsin!


Müəllif: Əkbər Qoşalı