23 Oktyabr 2014 16:01
1 957
12 Punto 14 Punto 16 Punto 18 Punto

Taleh Şahsuvarlı

Azərbaycanda çox mütərəqqi bir addım atıldı.

Mübahisəli məhbusların işi ilə bağlı hakimiyyətlə vətəndaş cəmiyyəti arasında dialoq bərpa edildi.
2005-2008-ci illərdə eyni profildə fəaliyyət göstərmiş dialoq tərəfdaşları İnsan Hüquqları üzrə Birəşmiş Qrup adı altında yenidən bir araya gəldilər.

Qrupla bağlı yeniliklərdən biri də bu oldu ki, onun fəaliyyətində Avropa Şurasının nümayənsi də iştirak edəcək.

Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərovun açıqlamalarından o da məlum oldu ki, Birəşmiş Qrupun fəaliyyətə başlaması üçün Avropa Şurasının baş katibi Turbyom Yaqlandın prezident İlham Əliyevlə apardığı danışıqlarda razılıq əldə edilib.

Qrupun işə başlaması hərb beynəlxalq təşkilatlar, həm hakimiyyət, həm də vətəndaş cəmiyyətinin əksər nümayəndələri tərəfindən razılıqla qarşılanıb və belə ümidlər yaradıb ki, yaxın zamanlarda çox sayda məhkumu əhatə edən əfv sərəncamı veriləcək, yaxud amnistiya elan olunacaq.

Kim narazılıq edə bilər ki bundan?

Enində-sonunda onlarla, yüzlərlə, bəlkə də minlərlə insan zindandan qurtulacaq, ailəsinə qovuşacaq, cəmiyyətə inteqrasiya edəcək, o cümlədən onların bəzilərinin adından siyasi alət kimi faydalanıb Azərbaycana təzyiq edilməsinə son veriləcək.

Zira, işlərin bu yöndə getməsindən bir narazı var, o narazı da Xədicə İsmayıldır.
Öz açıqlamalarından çıxan nəticəyə görə, Xədicə İsmayılın həmin qrupda təmsil olunması üçün Avropa Şurasının rəhbərliyi Azərbaycan iqtidarına təvəqqe edilib və xahiş nəzərə alınıb. Hətta toplantının keçirilməsindən bir gün öncə ona telefon açılıb, iclasa qatılması üçün vaxt və yer barədə məlumatlandırılıb.

Elə bu məqamda Xədicə İsmayılova öz “barışmaz mübariz”reputasiyasını qorumaq, aylardır, illərdir hakimiyyətə satıldığını iddia etdiyini hüquq müdafiəçiləri və qatı müxalifi olduğu iqtidarın nümayəndələri ilə danışığa getdiyini, bir masa arxasında oturduğunu sığortalamaq üçün Facebook sosial şəbəkəsindəki hesabından bir bəyanat yayıb.

Həmin bəyanatda Xədicə İsmayılova “işçi qrupun tərkibindən ciddi narahatlıq keçirib, səmimiyyətindən və dürüstlüyündən bədgüman olduğu adamlarla bir masa arxasında əyləşməyin, vaxt, əsəb və enerji itirməyinin” ürəyincə olmadığına açıq işarə vurub.

Məhz bu bəyanatdan sonra 2005-2008-ci illərdə fəaliyyət göstərmiş qrupda təmsil olunan hüquq müdafiəçiləri müvafiq rəsmi şəxslərə müraciət edərək Xədicə İsmayılova ilə bir masa arxasında oturmayacaqlarını bəyan ediblər. Nəticədə prosesin pozulmaması üçün administrasiya onun adını siyahıdan çıxarıb. Toplantıya qatılmaq üçün Milli Məclisin binasına gələn Xədicə İsmayılovanı qapıdan buraxmayıblar. Elə həmin andan da İsmayılova hüquq müdafiəçilərini qaralamaq, hələ fəaliyyətə başlamamış qrupa kölgə salmaq üçün səylərini artırıb. İşlədiyi, aparıcısı olduğu “Azadlıq” radiosunun “İşdən sonra” proqramına yanına özü kimi bir qəzəbli gənc qızı da alaraq qonaq olub.

Birincisi, bir aparıcının öz proqramına qonaq olması ayıbdır, media praktikasında özünə hörmət edən hər hansı jurnalistin belə bir addım atmasına dünyada rastlanmayıb.

İkincisi, həm İnsan Hüquqları üzrə Birəşmiş Qrupun elan edildiyi toplantıda iştirak etmək həvəsi, həm də öz proqramında qonaq kimi iştirak etməsi Xədicə İsmayılova statusu ilə bağlı sual yaradıb: O, kimdir?
Əgər Xədicə İsmayılova hüquq müdafiəçisidirsə, bir hüquq müdafiəçisi kimi siyasi hakimiyyətlə dialoq masasında oturmaq istəyirsə, o zaman jurnalistikadan getməlidir. Çünki bir jurnalistin funksiyalarına siyasi hakimiyyətlə haqlı və ya haqsız həbs edilməsindən asılı olmayaraq hər hansı məhbusun azadlığa çıxması üçün danışıqlar aparmaq yox, həmin şəxsin işini araşdırmaq, əgər varsa, istintaqda və məhkəmədə yol verilmiş nöqsanları aşkarlamaq, bu yöndə fəaiyyət göstərən hüquq müdafiəçilərindən məlumat almaq və yaymaq, qovluğun danışıqlar masasına qoyulduğu toplantıdan bütün tərəflərin rəy və təkliflərini obyektiv bir şəkildə cəmiyyətə çatdırmaqdır.

Əgər Xədicə İsmayılova jurnalistdirsə, onda niyə qısaca olaraq yuxarıda sadaladığım işi ilə məşğul olmaq əvəzinə, siyasi hakimiyyət və hüquq müdafiəçilərinin danışıqlarında tərəf kimi iştirak etmək istəyir?
Bu məqamda ortaya çıxan bir sual isə ondan ibarətdir ki, Xədicə İsmayıl “tərəf olaraq” o toplantıda hansı fəaliyyətinə, hansı xidmətlərinə, hansı qurumun, hansı məhbusun təmsilçisi kimi iştirak etmək üçün dəridən-qabıqdan çıxırdı?

Özünün dediyinə görə, o, bu toplantıya “vətəndaş cəmiyyətinin nümayəndəsi” kimi qatılmaq istəyirmiş.
“İşdən sonra” proqramında tez-tez "bizim və digər hüquq müdafiəçilərinin müraciətini nəzərə alaraq" kimi cümlələr qurduğuna görə isə, o özünü həm də hüquq müdafiəçisi zənn edirmiş. Əks halda, Xədicə İsmayıl aydınlıq gətirməlidir ki, “bizim” deyərkən hansı qeydiyyatdan keçmiş, yaxud keçməmiş qurumu, dərnəyi, birliyi nəzərdə tutur.

Əgər vətəndaş cəmiyyətinin spesifikası, mexanizmləri və maraqları baxımından yanaşsaq, İnsan Hüquqları üzrə Birəşmiş Qrupun yaranması bir advokasiya planıdır.

Görünür, Xədicə İsmayılova ya advokasiya ilə bağlı bilik sahibi olmadığından, ya da qərəzindən və hakimiyyət nümayəndələri ilə bir masa arxasında oturmaq həvəsinin şiddətindən bu planın mahiyyətini, aktyorlarını, elementlərini, prosedurlanı anlamaqdan uzaqdır. Əks halda, sabiq deputat Əliməmməd Nuriyevin, yaxud hazırda Milli Məclisin üzvü olan Çingiz Qənizadənin iştirakında problem görməzdi.

Xədicə İsmayılın ən böyük etirazı isə onadır ki, niyə Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Sahib Məmmədov bəlli bir məhkum qrupuna siyasi yox, “problemli məhkumlar” deyirlər.
Azərbaycan iqtidarı ölkədə siyasi məhbus olmadığını bildirir və bəyan edir ki, həbs olunanların hər biri konkret cinayət əməlinə görə azadlıqdan məhrum edilib.

Xədicə İsmayılova kimiləri və bəzi qərb təşkilatları isə həmin qrupa daxil olan fərdlərin siyasi motivlərlə həbs olunduğunu düşünür. Nəticədə həmin məhkumlarla bağlı problem, mübahisə yaranır.

Əgər fikir verdinizsə, məhz bu məqamdan çıxış edərək mən yazımda məhz “mübahisəli məhkumlar” ifadəsindən çıxış etdim, çünki bir jurnalist olaraq mübahisənin tərəflərindən hər hansı birini tutmamalıyam.

O cümlədən hüquq müdafiəçiləri də əgər bir advokasiya çalışmalarının nəticəsi olaraq bu və ya digər məhbusun azadlığa çıxmasına nail olmaq istəyirlərsə, o zaman qarşı tərəfin rədd etmədiyi üslubu seçməyə, konsensusu pozmamağa, əksinə onu nəticəyə yönəltməyə borcludur. Hüquq müdafiəçisinin görəvi bir insanın pozulmuş hüquqlarını bərpa etmək, cəmiyyətdə ədalətin mövqeyini barışcıl vasitələrlə gücləndirməkdir, hakimiyyətlə qarşı mübarizə aparmaq deyil.

Məhz öz faliyyətlərinə bu cür dürüst və həssas yanaşdıqları üçün Novella Cəfəroğlunun, Səidə Qocamanlının, Səadət Bənənyarlının, Arzu Abdullayevanın, Sahib Məmmədovun, Əvəz Həsənovun, Əliməmməd Nuriyevin, Çingiz Qənizadənin adını yüzlərlə məhkumun azadlığa qovuşmasında ciddi rol oynamış hüquq müdafiəçiləri kimi çəkmək mümkündür.

Amma “biz və digər hüquq müdafiəçiləri” deyə maralın əhvalatını xatırladan Xədicə İsmaylova bu günə qədər neçə məhkumun adının əfv siyahısına salınmasında təsirli olub?

Verdiyi bütün açıqlamardan aydın sezilir ki, Xədicə İsmayılovanı məhbusların taleyindən başqa məsələlər maraqlandırır.

Nədir bu məsələlər?

İnsan Hüquqları üzrə Birəşmiş Qrupun yaranması mübahisəli məhkumlarla bağlı məsələnin birdəfəlik gündəmdən çıxarılması üçün qəti addımlar atılacağına güman yaradıb.

İlkin informasiyalara və təhlilimə əsasən, Xədicə İsmayılova bəzi Norveç diplomatlarının, bəlkə də həmin dövlətin başqa strukturlarının əməkdaşlarının verdiyi vəd və tövsiyyə ilə işçi qrupunda destruktiv mövqe sərgiləmək, oradakı hüquq müdafiəçilərini daha uca səslə GONGO elan edərək missiyanı dağıtmaq, nəhayətdə Azərbaycana qarşı istifadə olunan bir alətin sıradan çıxmasına mane olmaq üçün bu prosesə qoşulmaq istəyib.

Bu işin sonunda Xədicə İsmayılova “dünyaca ünlü bir hüquq müdafiəçisi”nə çevrilməli və 1,5 milyonluq bir ödüllə mükafatlandırılaraq Azərbaycanın başının bəlasına döndərilməli idi.


Bu, Xədicənin çapını aşan böyük və iyrənc bir oyundur. Ancaq qapı dalında qoyulmaqla bu oyun elə ilk etapda pozuldu və Xədicə öz proqramında müsahib olaraq, cavanların jarqonu ilə desək, təkərə düşdü.


Müəllif: