Yurdunda baş verən təbii fəlakətdən xilas olaraq Bakıya sığınan gənc Lavrentini tale bəşəriyyətin qanlı imperiyalarından olan SSRİ-nin ikinci adamı mərtəbəsinədək çıxarmışdı.
Qısa müddət Azərbaycan Cümhuriyyətinin kəşfiyyatında çalışan bu gəncin həyatı hələ də müəmmalarla doludur.
Ömrünün böyük hissəsini rus imperiyasına xidmət edən Lavrentini Stalinin ölümündən sonra ingilis və Müsavat agenti yarlığı ilə ittiham edərək aradan götürüblər...
Beriya öldürüldüyü günə qədər digər “ittifaq” ölkələrində olduğu kimi Azərbaycanda da şəxsiyyətinə pərəstiş edilib, kitabları, məruzələri çap olunub, qəzetlərdə böyük şəkilləri verilib. İmperiyada əsas söz sahiblərindən olduğu üçün məruzələrindən Azərbaycanla bağlı da məsələlərə toxunub.
Məsələn, 1934-cü ildə Zaqafqaziya firqə təşkilatlarının VII qurultayına haqq-hesab məruzəsində Beriya Azərbaycan neftinin önəmindən bəhs edib:
“Azərbaycan neft sənayesi Şuralar İttifaqında hasil edilən ümumneftin 70%-dən artığını verərək, bütün Şuralar İttifaqının əsas duru yanacaq bazasıdır”.
13 iyul 1935-ci ildə Azərneftlə bağlı məruzəsində isə konkret rəqəmlər göstərib: “Son 3-4 il müddətində Azərneft 10.521.000 ton neft istehsal etmişdisə, 1934-cü ildə onun hasilatı 19.150.000 tonadək artmışdır. 1935-ci ildə isə bu, 22.000.000 tonadək artmalıdır...
Əgər 1930-cu ildə Azərneft tərəfindən 430.500 metr qazılmışdırsa, 1935-ci ildə 919.000 metr qazılmalıdır. Əgər 1930-cu ildə istismarda 3.819 quyu vardısa, 1935-ci ildə bunların miqdarı 4.413 quyuya qədər artmışdır”.
Beriyanın məruzələrinə baxanda, Azərbaycanda məktəblərlə bağlı maraqlı bir qeyd diqqətimizi çəkdi. Bu, türk (azərbaycanlı) qızlarının məktəblərə cəlb edilməsi ilə bağlıdır: “Qızların, bilxassə türk qızlarının məktəbə cəlb edilməsi məsələsi ZSFŞC-də böyük əhəmiyyətə malikdir. 1928-ci ildən 1933-cü ilə qədər müddətdə məktəbli qızların sayı 191.158 nəfərdən 451.470 nəfərə çatmışdır”.
Beriyanın məruzələrinin birində Azərbaycanda sovxozların necə idarə edilməsi ilə bağlı maraqlı bir fakt var. Qaraçala sovxozunun bərbad fəaliyyəti ilə bağlı nitqində Beriya deyib: “Bu sovxoza kim rəhbərlik edir? Bu da rəhbər kadrların siyahısı. Sovxoz direktoru Qurbaqov – rus, firqə komitə katibi Vartapetov – erməni, işçi komitəsi sədri Xramov – rus, direktorun təchizat işləri müavini Aslamazov – erməni və i.a. 13 adamdan bir nəfəri belə türk deyildir. Halbuki Qaraçala məhz türk rayonudur. Türk kəndlərindən işçi qüvvəsi toplamaq işindəki çətinlik də bundandır.
Əlbəttə, bu, əsla o demək deyildir ki, ruslar və ermənilər burada işləyə bilməzlər. Lakin rayonu tanıyan və türklər arasında işi apara bilən türk kadrları da tapmaq olmazdımı?”
Beriyanın Bakı ilə bağlı digər bir tədqiqatı bolşevik Lado Ketsxoveli haqqında yazdığı kitabçadır.
Bu kitabçada o, Ketsxovelinin Bakı həyatı haqqında da məlumat verib. Bu qeydlər bolşeviklərin Bakıdakı fəaliyyətinin öyrənilməsi baxımından maraq doğurur.
Beriya yazıb: “Lado Ketsxoveli Bakıda işləyən zaman V.İ.Leninlə əlaqə düzəltmişdi və Vladimir İliçin tapşırığı ilə Bakı mətbəəsi leninçi “İskra”nı yenidən çap edib çoxaltmağa başlamışdı... 1902-ci il sentyabrın 2-də Lado Ketsxoveli Bakıda həbsə alınıb Bakı həbsxanasına salındı, buradan o, 1902-ci il sentyabrın axırında Tbilisi Metex həbsxanasına keçirilir”.
Azərbaycan Kənd Təsərrüfatı İnstitutu L.P.Beriyanın adını daşıyıb. 1941-ci ildə institutla bağlı çap olunan kitabda yazılıb: “L.P.Beriya adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutu 1929-cu ildə Politexnik İnstitutu yanındakı təsərrüfat fakültəsi əsasında təşkil olunub”.
Beriyanın öldürülməsindən sonra isə mətbuatda ona münasibət dəyişdirilib. Şəxsiyyətə pərəstiş lənətə çevrilib.
“Kommunist” qəzetinin 20 dekabr 1953-cü il sayındakı xəbərlərin başlıq və yarımbaşlıqları belə idi: “Azərbaycan zəhmətkeşləri Vətən xainlərinə qəzəblə lənət yağdırırlar”; “Zəhmətkeşlərin yığıncaqları beynəlxalq imperializmin agentləri, xalqımızın qəddar düşmənləri olan Beriyaya və onun əlaltılarına ən ağır cəza verilməsini tələb edirlər”; “Azərbaycan alimlərinin qəzəbi”.
22 dekabr 1953-cü il tarixli “Kommunist” qəzetində “Vətən xainlərinə şiddətli cəza verməli”, “Düşmən məhv edilməlidir”, “Xalq düşmənlərinə ölüm!”, “Vətən xainlərinə aman yoxdur!”, 23 dekabr 1953-cü il tarixli “Kommunist” qəzetində “Azərbaycan zəhmətkeşlərinin qəzəbi”, 24 dekabr 1953-cü il tarixli “Kommunist” qəzetində “Partiya ilə xalqın birliyi möhkəmdir”, “Düşmənlər məhv ediləcəkdir” başlıqlı xəbərlərə yer verilib.
24 dekabr sayında qəzet həmçinin Beriya ilə bağlı SSRİ Ali Məhkəməsinin qərarını dərc edib, hökmün yerinə yetirildiyini bildirib. 25 dekabr tarixli “Kommunist”də isə “Məhkəmənin hökmü xalqın hökmüdür”, “Azərbaycan zəhmətkeşləri SSRİ Ali Məhkəməsi Xüsusi Məhkəmə Heyətinin hökmünü yekdilliklə bəyənirlər”, “Xalqın iradəsi yerinə yetirildi”, 26 dekabr sayında “Xalqın hökmü”, “Sovet məhkəməsi xalqın iradəsini yerinə yetirdi”, “Xainlər cəzalarına çatdılar!”, “Satqınlara və xainlərə sovet torpağında yer yoxdur” kimi yazılar dərc edilib.
Beriyanın öldürülməsindən sonrakı çıxışında Azərbaycan Yazıçılar İttifaqının sədri Mirzə İbrahimov bunları deyib: “Beriya o qədər xain, o qədər cinayətkar bir düşməndir ki, dünya ədəbiyyatının yaratdığı Yaqo, Mefistofel kimi hiylə və fəsad timsalları onun yanında kölgədə qalır...
Beriya 1919-cu ildə ...
Müsavat hökumətinin gizli agenti olaraq qəhrəman Bakı proletariatının inqilabi işinə ziyan vurmuş, ona qarşı alçaqcasına mübarizə aparmışdır”.
Beləliklə, SSRİ-də sürətlə yüksələn adam sürətlə də yerə çırpılmışdı. Bu isə Stalinin yaratdığı sistemin mahiyyəti idi...