Asəf Quliyev
Qarabağ həftəsi başladı. Həftənin birinci günündən başlayaraq iki mühüm hadisə xəbər gündəminin baş xəbəri oldu: Prezidentlərin Paris görüşü və Kəlbəcər girovlarının məhkəməsi.
Hər iki hadisənin anonsu verilmişdi. Artıq biz bu xəbərləri gözləyirdik. Amma...
***
Əvvəlcə prezidentlərin görüşü barədə...
Əvvəldən də xəbər verilmişdi ki, Parisdə görüş olacaq. Bu görüş barədə müxtəlif xəbərlər dolaşırdı. Bəziləri diplomatik mənbələrə istinadən bildirirdi ki, böyük saziş üzərində dəqiqləşdirmələr aparılacaq. Bəzilərinin mənbələri isə hətta sazişin və yaxud da hansısa buna bənzər sənədin imzalanacağını söyləyirdi. Əlbəttə ki, bütün bunlar yumşaq desək, təxəyyül yaradıcılığı idi.
Bu həftə baş tutan görüş sübut elədi ki, situasiyanın tezliklə dəyişəcəyi gözlənilmir. Sözsüz ki, bunun müxtəlif səbəbləri var. Və bu səbəblər ayrı-ayrılıqda inandırıcı görünməyə bilər.
Görüş ərəfəsində hansısa sənədin imzalanacağı barədə deyilənlər isə tamamən yanlış idi.
Bu gün dünyanın rəsmi Bakıya təklif etdiyi hansısa sənədi imzalamaq Azərbaycanın xeyrinə deyil. Buna görə də Parisdə hansısa sənədin imzalanması gözlənilmirdi. Son illər aparılan danışıqlar barədə əldə olan məlumatlar da onu göstərir ki, Azərbaycanın mənafeyinə uyğun olmayan sənədə imza atmaq təklifi prezident İlham Əliyev tərəfindən qətiyyətlə rədd edilir.
Məhz bunun nəticəsidir ki, danışıqlar xatirinə danışıqlar aparmaqdan imtina məsələsi gündəliyə gəldi. Əslində bu deyimin arxasında gizlənən məqam ondan ibarətdir ki, Azərbaycanın mənafeyinə toxunan sülh danışıqları nəticə verməyəcək.
Rəsmi Bakının belə sərt mövqeyinin nəticəsidir ki, Qarabağda vəziyyətin gərginləşməsi ilə Azərbaycanda söz azadlığı və demokratiyanın olmaması barədə Qərbdən gələn bəyanatlar həmişə eyni vaxta düşür. Bu dəfə də belə oldu.
Bəs nə baş verir?
Əslində Paris görüşü Qərbin Rusiya qarşısında revanşı idi. Və bu, danışıqlar barədə verilən ilk rəsmi məlumatlardan da görsənir. Parisdə əldə olunan razılaşmaya görə, bundan sonra prezidentlər Nyu-Yorkda görüşəcək. İlk baxışda görüş yeri və vaxtı dəqiqləşib. Amma yada salaq ki, Paris görüşü barədə söhbətlər ortaya atılandan sonra gözlənilmədən Soçidə bir araya gəlmək təşəbbüsü ortaya çıxdı. İndi də Nyu-York görüşünə qədər Moskvadan hansı xəbərin gələcəyi maraqlıdır. Bəli, Moskva görüşün yerini və vaxtını dəyişə bilər.
Daha bir maraqlı məqam var. Fransa prezidenti təklif edib ki, tərəflər böyük sülh sazişi üzərində işə başlasınlar. Və çox güman ki, Olland bu sazişin Qərbin maraqlarına uyğun gələn konturlarını da tərəflərin diqqətinə çatdırıb. İndi Moskva bu konturların nədən ibarət olduğunu öyrənməyə və öz konturlarının daha önəmli olduğunu sübut etməyə çalışacaq. Bax, elə bu amil də növbəti görüşün yerini və vaxtını dəyişə bilər. Nyu-York görüşü isə növbətidən sonra da keçirilə bilər.
***
Həftənin ikinci mühüm hadisəsi təbii ki, Kəlbəcər girovlarının mühakiməsi ilə bağlı oldu.
Hər birimiz üçün ağır olan kadrları gördük. Şahbaz Quliyev və Dilqəm Əsgərovun tanınmaz hala düşdüyünü müşahidə etmək doğurdan da ağır idi. Bu absurd tamaşanın arxasında təbii ki, ermənilərin təbliğat maşınının iyrənc oyunu dayanır. Amma Dağlıq Qarabağda qurulan bu tamaşada diqqət çəkən bir mühüm məqam var.
Məsələ ondadır ki, erməni təbliğat maşını əksər hallarda beynəlxalq auditoriyaya yönəlir və haqlı olduğunu sübut etmək, Azərbaycandan ayrılmasının vacib olduğunu göstərmək maraqları güdür. Amma bu dəfə qurulan məhkəmə prosesi sırf daxili auditoriyaya hesablanıb. Ermənistanın hakim elitası bu tamaşanı qurmaqla daxili auditoriyanın diqqətini daxili problemlərdən yayındırmaq marağını güdür.
Təqdim olunan kadrlardan aydındır ki, bununla beynəlxalq auditoriyanın rəğbətini qazanmaq olmaz. Tanınmaz hala salınmış girovlarla anti-insani rəftarı sübut etmək üçün eynək taxmaq lazım deyil. Bu, ancaq Azərbaycana qarşı köklənmiş cəmiyyətdə müəyyən effekt verə bilər. Sirr deyil ki, bu gün Ermənistanda hakimiyyətdə olan qüvvələr və eləcə də Dağlıq Qarabağı idarə edən qondarma qurum da siyasətini məhz bunun üzərində qurur.
Belə olan halda sual yaranır ki, erməni hakimiyyəti beynəlxalq divident gətirməyən bir məsələni niyə bu qədər şişirdir. Məsələ ondadır ki, hazırda Ermənistanda və ələlxüsus da işğal altında olan ərazilərdə vəziyyət çox acınacaqlıdır. İstər Ermənistan vətəndaşları, istərsə də Dağlıq Qarabağ sakinləri düşdükləri ağır durumda hakim elitanın nə qədər günahkar olduğunu dərk etməkdədir. Hakim elita isə yaranmış acınacaqlı durumun günahkarının Azərbaycan olduğunu sübut etmək üçün Kəlbəcər girovlarını qalxan kimi istifadə edir.
Son iki gündə Kəlbəcər girovları ilə bağlı Azərbaycan ictimaiyyəti tərəfindən müxtəlif təkliflər səslənməkdədir. Lakin sirr deyil ki, bu məsələ ən yüksək səviyyədə həll olunmalılar siyahısındadır. Doğrudur, hazırda Şahbaz Quliyev və Dilqəm Əsgərovun durumu çox ağırdır. Amma ümidsiz deyil. Ramil Səfərovla bağlı məsələdə heç kimin gözləmədiyi halda problemin ani çözümü rəsmi Bakının iradəsini əyani göstərdi. Və ümid edək ki, bu məsələdə də məhz belə olacaq.
***
Sonda bir məqama diqqətinizi cəlb etmək istərdim.
Paris görüşü barədə rəsmi məlumatlarda deyilir ki, tərəflər Beynəlxalq Qırmızı Xaç Komitəsinin himayəsi altında münaqişədə itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsi aparmaq qərarına gəliblər. Son illər baş tutan heç bir görüşdə istər yazılı, istərsə də şifahi razılaşmalarda Beynəlxalq Qırmızı Xaç Komitəsinin himayəsi altında hansısa bir fəaliyyət nəzərdə tutulmamışdı. Amma Fransada baş tutan görüşdə, Şahbaz Quliyev və Dilqəm Əsgərovun mühakiməsi başlayan gün belə bir razılaşma əldə olunub. Məncə, bu, təsadüf deyil. Və ilin sonuna qədər Şahbaz Quliyev və Dilqəm Əsgərovla görüş yeri və vaxtı dəqiqləşə bilər.
İlin sonuna qədər gözləyək...