12 Sentyabr 2021 00:13
5 577
12 Punto 14 Punto 16 Punto 18 Punto

20 il bundan əvvəl Amerikada törədilən terror hadisəsi bugünkü dünyada bir çox şeyin dəyişməsinə səbəb oldu. ABŞ-ın qlobal terrorizmlə mübarizəyə başlaması, Əfqanıstan, İraq müharibələri, müsəlman dünyasındakı xaos, dağıntılar, ölümlər bu iyirmi ildə gözümüzün önündə yaşandı.

Ticarət qüllələrinin partladılması radikal islamçı təşkilatların üzərində qaldı, konspiroloji iddialar uzun illər gündəmi məşğul etdi, əslində, ABŞ-ın Yaxın Şərqi fəthetmə planının bir parçası olduğu deyildi.

Çox şey deyildi, çox şey yazıldı, hərə bir versiyaya inandı, amma ortada yeni olan bir şey vardı: Müsəlmanın çöhrəsi.

Bu “çöhrə” çoxdan var idi. Sadəcə texnologiyanın geniş inkişaf etmədiyi 1970-1980-ci illərdə bu çöhrənin geniş şəkildə yayılması mümkün olmurdu. İndi isə əlində silah tutan saqqallı çöhrələr dünyanı hədələyir, növbəti terror aktlarının olacağını müjdələyirdilər.

Onlar həqiqətən terroçu idilərmi? Onlar həqiqətən müsəlman idilərmi?

Bizə təqdim edilənlərə, bizə göstərilənlərə inansaq, bəli.

İnanmamaq şansımız varmı? Var, amma isbat edə bilmərik. Artıq dünyada qəbul etdirilən bir çöhrə vardı: Əlisilahlı, cani müsəlman çöhrəsi.

Bu çöhrəni zaman ötdükcə inkişaf etdirdilər. Bir zaman gəldi ki, səhranın ortasında insan başı kəsən İŞİD cəlladları, qədim abidələri dağıdan, onları bütpərəstlik dövrünün qalıqları hesab edərək məhv edənlər ortaya çıxdılar. Budda heykələri partladıldı, Assuriya dövrü yadigarları sındırıldı, nəticədə xilafət və xəlifə anlayışları da gündəmimizə daşındı.

Artıq dünyada vəhşi müsəlmanlar vardı. Onlar baş kəsir, abidə dağıdır, şəriət rejimi gətirmək istəyir, bunun üçün hər cür yolun mübah olduğunu düşünürlər.

Artıq müsəlman demək qorxulu varlıq demək, müsəlman demək potensial terrorçu demək, müsəlman demək hər an üstünə bomba bağlayıb özünü və ətrafını partladan deməkdi.
Bunlar var idimi? Var idi.

Şübhəsiz ki, bir dini istənilən şəkildə təqdim etmək bugünkü dünya üçün çox asandır. Hər dinin prinsip və yasalarından müxtəlif nəticələr çıxarıb izah etmək mümkündür. Lazım gələndə eyni dinin içindən mülayim qollar, elmi və dünyəvi dəyərləri dəstəkləyən təriqətlər də çıxır, lazım gələndə isə VII əsrdəki kimi yaşamağın doğru olduğunu təbliğ edən dəstələr də çıxır. Onların arasından Xomeyni kimi İranı viran edənlər, Gülən kimi Türkiyədə hərbi çevriliş edənlər də çıxır, XXI əsrdə qadına maşın sürməyə icazə verən ərəb şeyxləri də.
Halbuki bu dünyada milyarddan çox insanın inandığı bir dinin bütününə aid edilə bilərmi?

Məsələn, biz heç bir zaman ermənilərin törətdiyi soyqırımı və cinayətlərdə din amili axtarmadıq. Halbuki bu cinayətlərin erməni kilsələrindən idarə edildiyini bilirdik. Erməni kilsəsinin terror yuvası olduğunu bilirdik. Amma biz həm də İsa Məsihin “bir üzünə sillə vurulduğunda o birini çevir” tələbini də bilirdik.

Bu gün işğaldan azad edilən yurdlarımızdakı mənzərələrə baxaq. Məscidlər, abidələr dağıdılıb, qəbirlər talanıb, sümüklər oğurlanıb, evlər xarabazara çevrilib... Bunları edənlərin İŞİD-dən fərqi varmı? Amma bu fakt bizə “xristian terrorçular” ifadəsini işlətməyə imkan verirmi?

Verməz.

Halbuki məscidlərimiz axura çevriləndə, biz Bakının mərkəzində erməni kilsəsini qoruyurduq. Necə ki indi də qoruyuruq. Bu da müsəlman çöhrəsidir...


Müəllif: Dilqəm Əhməd