14 Noyabr 2014 12:00
1 655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hərdən düşünürəm ki, Qarabağ münaqişəsi barədə bildiklərimiz, yəni bir cəmiyyət olaraq bildiklərimiz kifayətdirmi? Nə qədər acı da olsa etiraf etməliyəm ki, kifayət deyil.

O zaman sual yaranır ki, biz bu münaqişə barədə bilmiriksə, o zaman cəmiyyət olaraq onu necə həll edə bilərik?

Yəqin bu fikirlər bir qədər anlaşılmaz oldu. Elə isə keçim detallara....

Bir neçə il əvvəl münaqişə ilə bağlı hazırlanmış filmlərin təqdimatı və müzakirəsinə moderatorluq etdiyim zaman maraqlı bir situasiya ilə qarşılaşdım.

Filmlərdən biri girovlar haqda idi. Girovlar mövzusunda danışıb Xocalını diqqətdən kənarda qoymaq olmazdı. Xocalıdan və girovlardan danışan zaman Milli Qəhrəman Allahverdi Bağırovu yada salmamaq günah olardı. Xocalı, girovlar və Allahverdi Bağırov haqda danışıb erməni komandir Vitali Balasanyan haqda məlumat verməmək düz olmazdı...

Xülasə beləcə mövzu uzandı. Açığı deyim ki, tədbirə qatılan gənclər bütün bunları sözün yaxşı mənasında acgözlüklə dinləyirdi. Hiss olunurdu ki, bütün bunlar barədə bilgiləri çox azdır.

Və qəflətən bir nəfər söz demək istədi. Çox böyük həvəslə ona söz verdim. O isə sadəcə bir sual verdi: “Bütün bunları, xüsusilə də Allahverdi Bağırov barədə məlumatları haradan əldə etmək olar”.

Düzü, bu sualı gözləmirdim və bir az duruxan kimi oldum. Mənə məlum olan bütün mənbələri bu gəncin diqqətinə çatdırdım. Amma özüm də hiss etdim ki, kifayət deyil.

Kimin günahkar olduğunu araşdırmaq fikrim yoxdur. Sadəcə bir fakt kimi yada saldım bu əhvalatı.
Beləcə, münaqişədən xəbərsiz bir nəsil yetişir. Bəli, bəli, münaqişədən xəbərsiz. Onlarmı bu barədə oxumaq istəmir, bizmi öyrətmirik, bu, başqa mövzudur. Amma fakt odur ki, belədir.

Və bu hadisədən təxminən il yarım sonra Azərbaycanda əsgər ölümləri mövzusu aktuallaşdı. Həmin ərəfədə etiraz aksiyaları keçirildi. Və sonradan bildim ki, sən demə, Allahverdi Bağırovu tanımayan bu gənc həmin aksiyanın əsas təşkilatçılarından olub. Bu, məni çox təəssüfləndirdi. Allahverdi Bağırovu tanımayan, Xocalı girovları barədə əsl həqiqəti bilməyən bir gəncin əsgər ölümləri ilə bağlı aksiyanın təşkilatçılığında məqsədinin saf olduğuna heç kim məni inandıra bilməz.

Bəli, bu gün Azərbaycanda münaqişədən xəbəri olmayan nəsil yetişir. Bu çox, həm də çox təhlükəlidir.
Əslində münaqişədən xəbəri olmayanlar da iki yerə bölünür:

• Onların bir qismi hesab edir ki, ermənilər də adi insandı və biz onlarla müharibə etməməliyik.
• İkinci qismi isə hesab edir ki, erməniləri müharibə yolu ilə Qarabağdan qovmalıyıq və qanımızı almalıyıq.
Əslində hər iki yanaşmanı ortaya qoyanlardan çox sadə bir suala cavab almaq mümkün olmur: “Axı niyə?”
Əslində bu suala cavab verə bilməyənlərin ən böyük eybi qarşılarında dayananın kimliyini bilməməyidir. Bu gün erməniləri hamımız kimi insan hesab edib sülhlə yaşamaq istəyənlər də, erməniləri Qarabağdan qovmaq kimi bir ideyanı irəli sürənlər də onların kimliyini bilməyənlərdir.

Yetişməkdə olan münaqişədən xəbərsiz nəsil, əslində düşmənin kimliyini bilməyənlərdi.
Sözsüz ki, bu yerdə düşməni tanıtma mexanizmlərimizə nəzər salmağı vacib hesab edəcəm.
Unutmaq olmaz ki, birtərəfli təbliğat həmişə əks effekt yarada bilir. Buna görə də obyektiv informasiya reallıqları ilə silahlanmaq daha düz olardı.

Bu yerdə qeyd olunması vacib bir məqam.
Nədənsə Azərbaycanda belə hesab edirlər ki, kənar müəlliflərin təqdimatı Ermənistan-Azərbaycan münaqişəsinin detallı öyrənilməsində daha mötəbər mənbədir. Yanlış yanaşmadır. Azərbaycan mənbələri və hətta erməni mənbələri bu məsələdə daha aydın təsəvvür yarada bilər, nəinki əcnəbi müəlliflərin araşdırmaları.
Bəli, biz Tomas de Vaalın “QaraBağ”ını oxuyuruq, amma Mir Mövsüm Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası”n, Cəfər Cabbarlının “1905-ci ildə”sini oxumuruq.

Biz əcnəbilərin ermənilərdən aldığı müsahibələrə istinad edirik, amma özümüz onları danışdırmağa həvəs göstərmirik.

Azərbaycan mediası dəfələrlə Şuşanın işğalına rəhbərlik etmiş Ter..... fikirlərinə yer ayırıb. Amma biz bir jurnalist olaraq ondan müsahibə almağa cəhd etmişikmi?

Məncə, yox.


Müəllif: Asəf Quliyev