17 Noyabr 2014 16:39
1 812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Asəf Quliyev

Bir-iki gün əvvəl şəxsən tanıdığım beynəlxalq ekspertlərdən birinin mənim üçün maraqlı, əslində absurd olaraq maraqlı görünən fikirlərinə rast gəldim. Mənə maraqlı görünən fikirlər Böyük Britaniyanın Barışıq Resursları təşkilatının əməkdaşı Laurence Broers tərəfindən söylənilmişdi.

Yaxşı tanıdığım Laurence Broers hesab edir ki, Dağlıq Qarabağ məsələsində Azərbaycanın strateji baxışı yoxdur.

Sitatat: “Bir çox azərbaycanlıların bu insidenti kiçik qələbə anı kimi dəyərləndirməsinə baxmayaraq, o, həm də Azərbaycanın strateji baxışının olmadığını göstərən taktiki insidentdir”.

“Azərbaycanın strateji baxışının olmadığı” birmənalı yanlışdır.

Azərbaycanın strateji baxışları barədə danışmazdan əvvəl bir məqamı qeyd etmək istərdim. Bu gün Azərbaycanda da Dağlıq Qarabağ məsələsində Azərbaycanın strateji baxışlarının olmaması fikrində olanlar var. Və ola bilsin ki, Laurence Broersin də fikirlərinin formalaşmasında bu amil önəmli rol oynayıb.

***

Təxminən bir il əvvəl iştirak etdiyim beynəlxalq tədbirlərin birində Ermənistandan olan nümayəndələrlə yanaşı Dağlıq Qarabağdan olan bir erməni xanım da iştirak edirdi. Bu xanım çıxışında incik formada “bizi icma adlandırmayın, biz müstəqil dövlətik” deyib hönkür hönkür ağladı. Bu qız sakitləşəndə ağlamasının səbəbini soruşdum. Və o yenə kövrəldi, müəyyən iqtisadi çətinlikləri olduğunu bildirdi, amma ən ciddi problem kimi “vətəndaşı” olduğu “Dağlıq Qarabağ Respublikasının tanınmamasını göstərdi: “Bizim gənclər xaricə gedə bilmir, dünyaya çıxa bilmir. Bunun günahı Azərbaycandadır. Azərbaycan bizə mane olur”.

Təbii ki, tədbirin iş günü bitdiyindən olunla polemikaya girmədim. Əslində polemikaya girmək fikrim də yox idi, sadə sözümü demək istəyirdim. Və səhəri gün dövlət anlayışı barədə qısa formada fikirlərimi bölüşdüm. Nə Qarabağdan danışdım, nə də Ermənistanın adını çəkdim. Sadəcə bildirdim ki, insanlar dövləti niyə yaradır. Əgər dövlət adlandırılan mövcudat insanların yox, hansısa siyasi qüvvənin maraqlarının təmin olunmasına istifadə üçündürsə deməli o əslində heç lazım deyil. Və erməni siyasətinin girovu olan bu qız yenə qışqırıb ağlamağa başladı.

***

Bu yaxınlarda yeni bir erməni lətifəsi eşitmişəm. Çox maraqlıdır:

Posta dayanan erməni əsgəri saatı olmadığından onu dəyişməli olan yoldaşının gələcəyi vaxtı bilmir. Saatı soruşmaq üçün qarşı posta sələnir:

-Mamed.

-Nədi, Vartan.

-Saat neşədi.

-Məndən niyə soruşursan?

-Saatım yoxdu ona görə.

-Vartan, Azərbaycanın 20 faizin almısan bir saatın yoxdu?

Ola bilsin ki, bu lətifə kimlər üçünsə xoşagəlməz təəssürat yaradacaq. Amma bu lətifədə bugünkü erməni reallığı var.

Doğrudur bu gün Ermənilər Azərbaycanın 20 faizinə nəzarət edir. Amma bu 20 faiz ermənilər üçün heç bir maddi rifah yaratmır. 20 il mənəvi qida yedizdirilən ermənilərin bir xeyli hissəsi isə bundan bezib artıq. Ancaq Ermənistanın hakim siyasi elitası bu maddi məhrumiyyətlərin səbəbkarının Azərbaycan olduğuna inandırmaqda davam edir. İndi bu informasiyanı “yeməkdən” imtina edənlər də var Ermənistanda. Və Azərbaycan bu məsələdə çevik informasiya siyasəti aparmalıdır ki, ermənilər nə “yediklərinin” fərqinə vara bilsinlər.

***

Azərbaycan sözsüz ki, ərazi bütövlüyü məsələsində güzəştə getməyəcək. Bu dəfələrlə rəsmi Bakı tərəfindən beynəlxalq səviyyədə bəyan olunub.

Bu Azərbaycanın strateji xəttinin əsasını təşkil edən həqiqətidir. Bəs bu həqiqətin reallaşması üçün nələr edilir?

Sözsüz ki, Azərbaycan cəmiyyətində “qanla alınan, qanla da geri qaytarılmalıdır” həqiqətinə tapınanlar az deyil. Ancaq bu gün dünya reallıqları qanla qisas alınması ehtimalını bizim çün minimuma endirir. Deməli hərbi yolla problemin indi həlli aktual deyil. Amma istisna da deyil. Azərbaycanın hərbi potensialının güclənməsini bunun istisna edilmədiyinin göstəricisi kimi qəbul etmək olar.

Amma bütün bunlarla yanaşı Azərbaycanın illərdən bəri yeritdiyi çox uzaqgörən bir strateji xətt var - Ermənistanı iqtisadi təcrid vəziyyətinə salmaq.

***

Ermənistanın iqtisadi təcrid vəziyyətinin detalları barədə danışıb Sizi yormaq istəmirəm. Amma son illərin müşahidələri göstərir ki, Ermənistanın iqtisadi təcrid vəziyyətinin ən ciddi təzahürü ermənilərin daha əsəbi olmasında özünü göstərir.

Həm Dağlıq Qarabağ erməniləri, həm də Ermənistanın sadə vətəndaşları münaqişə mövzusunda çox əsəbi davranış nümayiş etdirir. Əslində qalib tərəf daha sakit və rahat olmalıdır. Lakin bu hiss olunmur.

İndi Ermənistanın siyasi elitası bu əsəbin istiqamətləndiyi ünvan olmaqdan çox qorxur. Məhz bunun nəticəsidir ki, müxtəlif provokasiyalara əl atır.

Məhz vertolyot olayına da bu prizmadan baxmaq lazımdır. Azərbaycanın təhlükə mənbəyi olduğunu erməni cəmiyyətinə sırımaq üçün daha təhlükəli addımlar atılması istisna deyil. Və Azərbaycan cəmiyyəti buna mütləq hazır olmalıdır.

***

Beləliklə söylədiklərimin yekunu olaraq belə bir reallığı diqqətinizə çatdırmaq istərdim.

  • Azərbaycanın strateji siyasəti – Ermənistanı iqtisadi təcrid halına salmaq.
  • Azərbaycanın strateji məqsədi – Ərazi bütövlüyünü bərpa etmək.

Əgər kiminsə bundan xəbəri yoxdursa, bu onun problemidir.


Müəllif: Asəf Quliyev