“Media haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasında birinci oxunuşda qəbul olundu. Amma müzakirələr davam edir.
Müzakirələrin olması çox yaxşıdır. Bəzən çox vacib və gərəkli təkliflər səsləndirilir. Məncə, təkliflər Media Agentliyi tərəfindən toplanmalı və Milli Məclisin müvafiq komitələrinə təqdim edilməlidir.
Bir maraqlı məqam diqqəti çəkir: bu prosesdə xeyli həvəslə iştirak edənlərin böyük bir qisminin - bura yalnız jurnalistlər, media rəhbərləri və ekspertləri deyil, deputatlat da daxildir - qanun layihəsi ilə tanış olmadıqları sezilir, açıq-aydın görünür ki, oxumayıblar, amma cidd-cəhdlə müqavimət göstərirlər, bu qanunun qəbul olunmasını medianın inkişafına ciddi əngəl olacağını iddia edirlər, hətta radikal tənqidi fikirlər səsləndirirlər...
Əziz həmkarlar, əvvəla, zərərli hesab edilən müddəalar konkret göstərilməli, təhlil edilməli və ziyanlı tərəfləri əsaslandırılmalıdır. Təəssüf ki, bunu müşahidə etmirik. Bir daha deyirəm, müzakirələr prosesin xeyrinədir. Amma sağlam müstəvidə getsə, qərəzli olmasa. Qərəz isə təəssüf ki, ortadadır.
Qanunun mühüm müddəalarına, xüsusən, Media Reyestrinin yaradılmasına qarşı çıxanlar, eyni zamanda, reklam bazarının inkişafının, mediaya vergi güzəştlərinin və digər bu kimi məsələlərin tərəfdarı olduqlarını bəyan edirlər. Elə isə sual yaranır – media ilə bağlı sistemli şəkildə statistik məlumatlar (yəni reyestr) olmadan bütün bunların şamil olunacağı media və jurnalistlərin sayı, əhatəsi necə müəyyən edilə bilər? Axı Data bazanın mövcudluğu jurnalistlərin özünə lazımdır. Üstəlik, bunun könüllülük əsasında həyata keçiriləcəyini niyə gözardı edirsiniz?
Və yaxud vahid jurnalist vəsiqələrinin verilməsi. Bu gün ölkədə neçə min insan jurnalist vəsiqəsi daşıyır və ya jurnalist olduğunu iddia edir? Əlimizdə bu məlumatların olması işimizi daha da asanlaşdırmazmı? Bunun çox gözəl örnəyi Türkiyədə var. Vahid jurnalist vəsiqələrinin türkiyəli həmkarlarımıza verdiyi üstünlükləri çoxumuz bilirik. Bizdə niyə olmasın? Dövlətin bu təbəqəyə verdiyi, verəcəyi üstünlüklərdən, güzəştlərdən niyə kənarda qalaq?
Qaralamaq, gözdən salmaq çox asandır. Amma bir həqiqəti unutmayaq: biz uzun illərdir ki, fəaliyyətimizi tənzimləyəcək normal bir qanunun olmadığı şəraitdə işləyirik. Xüsusən onlayn media. İnternet media Azərbaycan media məkanında xüsusi bir ağırlığa malik olsa da, 1999-cu ildə qəbul olunmuş və hazırda qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” qanunda saytlar, xəbər portalları haqqında bircə müddəa belə yoxdur və biz faktiki olaraq MMC-lər şəklində fəaliyyət göstəririk. Yəni faktiki olaraq bazarda kartof satanla hansısa bir sayt, xəbər portalı eyni hüquqlarla işləyir və mövcud şəraitdə medianın spesifikliyi qətiyyən nəzərə alınmır. Həmin o köhnə qanun yalnız çap mediasını ehtiva edir, bu günə kimi 79 dəfə dəyişdirilib, amma yenə də müasir çağırışlarla uzlaşmır. Belə çıxır ki, müasir tələblərə cavab verməyən, daha çox print medianın fəaliyyətini tənzimləyən bir qanunun və deməli, mediada özbaşınalıq mühitinin bundan sonra da hökm sürməsi kiminsə, kimlərinsə maraqlarına cavab verir?
Əgər biz konkret qanunun olmadığı - onlayn medianın fəaliyyətini tənzimləməli olan qanundan bəhs edirəm - bir şəraitdə işləmişiksə, işləyiriksə, hətta inkişaf ediriksə, uğurlarımızdan danışırıqsa, belə bir qanunun qəbul olmasından niyə narahat oluruq? Əksinə, sevinməliyik ki, nəhayət, belə bir qanunumuz olacaq. Qane etməyə bilər, hansısa müddəalar maraqlarımıza yetərincə cavab verməyə bilər, amma yeri gəldikcə, qanunlar da dəyişir, əlavələrə, düzəlişlərə məruz qalır və mükəmməlləşir. O baxımdan düşünürəm ki, indiki halda qanunun qəbul edilməsi ilk növbədə bizim marağımızda olmalı, növbəti mərhələlərdə bizi qane etməyən maddələri yenə də müzakirəyə çıxara bilərik.
Bir daha qeyd edirəm, Azərbaycanın sağlam jurnalistikasının təmsilçiləri olaraq media fəaliyyəti sahəsində nizam-intizam yaradılmasına, qanunçuluğun bərpa olunmasına, peşəkar jurnalistikanın inkişafına, bu sahəyə soxularaq jurnalistikanı nüfuzdan salanların fəaliyyət imkanlarının məhdudlaşdırılmasına özümüz maraqlı olmalı, bunun üçün var gücümüzlə çalışmalıyıq.