Böyük Mustafa Kamal Atatürkün milli mücadiləni başlatmaq üçün Samsuna gəlməsindən 20 il sonra həmin gün Əhməd bəy Ağaoğlu dünyaya gözlərini qapadı.
İki gün sonra, mayın 21-də Feriköy İslam məzarlığında dəfn mərasimi keçirildi. Mərasimdə ailəsi ilə yanaşı dövrün ictimai-siyasi xadimləri, millət vəkilləri, jurnalistlər, universitet müəllimləri iştirak etdilər. Onlardan biri tanınmış yazıçı Peyami Safa idi. O, mərhum haqqında belə deyib: “Əhməd bəy, böyük mürşid, səni daim arzu etdiyin sərbəst insanlar ölkəsindən idealın olan Tanrı dağına əmanət edirik”.
Ardınca yazıçı İsmayıl Həbib çıxış edib, Ağaoğlunun bir çox tələbə yetişdirdiyini, inqilabçı, yenilikçi olduğunu bildirib.
Daha sonra Ağaoğlunun həmyerlisi Əhməd Cəfəroğlu danışıb, onun Azərbaycandakı fəaliyyətindən bəhs edib, Azərbaycanla Türkiyənin həqiqi şəkildə birləşməsinin mərhumun ən böyük qayəsi olduğunu bildirib. Malta adasındakı sürgün yoldaşı B.Camal çıxışında adada əsirlikdə qaldıqları müddətdə ən ümidsiz vaxtlarda belə onun qorxmadığını deyib.
Dəfndə Ağaoğlunun partiya yoldaşlarından Dr. Fethi Okyar da iştirak edib.
Ağaoğlunun vəfatından sonra Türkiyə mətbuatında çoxlu yazılar dərc olunub, oğlu onların bir qismini kitab şəklində də çap edib.
Dəfnlə bağlı mətbuata baxdığımız zaman Azərbaycandan yalnız Əhməd Cəfəroğlunun adını görürük. Halbuki Türkiyə xeyli nüfuzlu azərbaycanlı mühacirin yaşadığı şəhər idi. Bəs onlar harada idilər? Dəfnə niyə qatıla bilməmişdilər?
Məhəmmədəmin Rəsulzadə - Avropada idi. Dəfn zamanı ya Varşavada, ya da Rumıniyada yaşamaqdaydı. Acı xəbəri almış, “Hak” jurnalında geniş bir yazı yazmışdı.
Mirzəbala Məhəmmədzadə - O da Avropada idi. Eyni jurnalda onun da maraqlı yazısı dərc olunmuşdu.
Xəlil bəy Xasməhəmmədov – Cümhuriyyətin Ədliyyə naziri Əhməd bəyi ta Difai dövründən tanıyırdı. Təəssüf ki, 1938-ci ildə türk dünyasından olan bir çox mühacirlər kimi ölkədən çıxarılmışdı.
Mustafa Vəkiloğlu – 1938-ci ildə Xosrov bəylə birgə Atatürkün dəfnində iştirak etmişdi. Görünür, həmin tarixdə yaşadığı Amasya şəhərində idi.
Miryaqub bəy Avropada idi. Digər Paris heyətinin üzvləri də. Xosrov bəy Sultanzadə, Əbdüləli bəy Əmircan, Məhəmmədsadıq Aran, Şəfi bəy Rüstəmbəyli və başqaları isə İstanbulda idilər. Onlar dəfnə qatılmışdılarmı? Bilmirik. Əlimizdəki dəfn xəbərləri Türkiyə mətbuatındandır. Türk jurnalistlərinin isə bu şəxsləri tanımamaları mümkündü. Ola bilsin ki, dəfndə iştirak edib, amma nitq söyləməyiblər.
1939-da Azərbaycan siyasi mühacirətinin mətbu orqanı “Qurtuluş” idi. Avropada çıxırdı, Türkiyəyə girişi qadağan idi. Amma Rəsulzadə bu jurnalı fərqli adlarla Türkiyəyə göndərə bilirdi. Təəssüf ki, həmin fərqli nüsxələrin hamısı əlimizdə deyil. Ola bilsin ki, dəfnlə bağlı həmin jurnalların birində geniş yazı dərc edilib.
Təbii ki, Əhməd bəy Azərbaycan çərçivəsindən çıxmış, Türkiyə kimi böyük dövlətin quruluşunda iştirak etmiş şəxsdi. Mühacirətdə Azərbaycan istiqlal mübarizəsində aktiv iştirak etməsə də, mühacirlərin maddi-mənəvi ehtiyaclarını hər zaman qarşılamışdı. Türkiyə mətbuatında Azərbaycanla bağlı xatirələrindən ara-sıra yazmışdı...