16 Sentyabr 2022 14:39
14 430
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yazmamaq olmur. Heç yazmaq da olmur. Səbəbi az-çox siz də bilirsiz...

Nə zamansa ictimai şüurumuza belə sarsaq tezis yeridilib: "Düz adam yalnız tənqid edər", "Ziyalı müxalifətdə olar". Bunun əksi də qüvvədədi: Tərifləyirsənsə pis adamsan, şübhəli birisən, umacaqlısan.

Hərçənd mən şəxsən tərifin, xüsusən, aşırı tərifin həmişə əleyhinə olmuşam, ədəbiyyatda da, ictimai həyatda da, yaradıcılıqda da. İndi də fikrimdə qalıram, hətta hərdən düşünürəm ki, cəmiyyətimizdə tərifi bir müddət bəzi sahələr istisna (məsələn, ad günü mərasimləri...) tamam yasaqlamaq pis olmazdı, çünki ondan ən çox saxtakarlar bəhrələnir.

...bəli, ən çox saxtakarlar bəhrələnir – elə bəzən təniqddən də...

Ədalətli olmaqsa, zənnimcə, çox vaxt mümkündü.

Son günlərin tənqidlərində mənə acı yaşadan bəzi fikirlər, motivlər var. Az qala Azərbaycanı təcavüzdə günahlandırırlar. Bircə adam demir ki, nə 44 günlük müharibədə, nə də son 3 günün döyüşlərində bircə erməni mülki şəxs (təsadüfləri saymasaq) öldürülməyib, əsir alınmayıb, işgəncəyə məruz qoyulmayıb. 90-cı illərdə azərbaycanlıların - qadın, uçaq, qoca - demədən başına gətirilənləri ən azı statistika hesabına təsəvvür eləmək olar. O günləri yaşayanların travması isə heç vaxt sağalmayacaq.

Şəhid sayı açıqlanan kimi təzə dəlil-sübut qazanmış sayaq tez status yazanlar yəqin torpaqların geri alınmasında İo-Kio babanın sehrli çubuğuna ümid bəsləyirmiş.

Lütfən, heç olmasa himnimizi xatırlayın:

Səndən ötrü can verməyə cümlə hazırız!

Səndən ötrü qan tökməyə cümlə qadiriz!

Üçrəngli bayrağınla məsud yaşa!

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların fotolarını seyr eləmək belə, ağırdı. Təkcə bir müşahidə bizi daha amansız olmağa sövq eləyir: Düşmən gülləsi yenə ən yaxşılarını, ən məsumlarını seçib...


Müəllif: Qurban Yaquboğlu