28 Sentyabr 2022 13:58
13 205
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabr ayı erməni ictimai-siyasi xadimlərinin etirafları ilə yadda qaldı.

Sabiq prezident, Azərbaycan torpaqlarını işğal edən Petrosyan açıq şəkildə bunları ifadə etdi: “Ermənistan çətin və ağrılı qərarlar qarşısındadır, həm Azərbaycan, həm də Türkiyə ilə müqavilələr imzalamalı olacaq. Dünyada elə bir qonşu ölkə yoxdur ki, onlar arasında sülh sazişləri imzalanmasın. Bəli, bu, Ermənistanın kapitulyasiyasıdır".

Türkiyədən qaçaq düşən, bir müddət Yunanıstanda qalan, daha sonra oradan da qovulan yazıçı-publisist, filoloq Sevan Nişanyan isə yutub kanalında daha dəqiq şəkildə vəziyyətlərini ifadə edib. O, ölkəsində kriz olduğunu etiraf edib: "Ermənistan siyasi, hərbi, idari və ruhi böhran içindədir. Qarabağda pis şəkildə məğlub oldu. İndən belə Ermənistan papağını önünə qoyub düşünməlidir ki, biz harada yanlış etdik. Bu bariz həqiqətlə üzləşmək gərəkdir ki, Ermənistan kiçik və gücsüz bir dövlətdir. Təbii qaynaqları və zənginlikləri olmayan dövlətdir. Heç kimlə yaxşı münasibətləri olmayan bir coğrafiyaya həbs olunmuş bir dövlətdir. Sərhədlərinin 80 faizi iki böyük türk dövləti - Türkiyə və Azərbaycanla qonşudur. Şimal sərhədlərinin də 15-20 faizi Gürcüstanla qonşudur, lakin onunla da arası yaxşı deyil, hətta düşmən münasibətdədir".

Nişanyan belə vəziyyətdə Ermənistanın tək bir yolunun qaldığını bildirib: "Ermənistan Türkiyə və Azərbaycanla barışmaq məcburiyyətindədir. Barış üçün güzəştlər veriləcəksə, vermək zorundadır. Paşinyan bu vədlərlə başa keçdi. Mən Paşinyanın doğru yanaşmalar sərgilədiyini düşünürəm. Lakin bunu həyata keçirəcək gücə sahib olmadığı görünür. Bu, onun qəbahətidirmi bilmirəm. Amma önəmli addımlar atmalıdır, ata bilmir".

Nişanyan sentyabrda baş verən hadisələri bu şəkildə dəyərləndirib: "Azərbaycanın son hücumu diplomatik həmlə idi. Ermənistana "çarən yoxdur, məsələni uzatsan, bədəli ağır olacaq" demək istədi. Şillə vurdular və erməni toplumunu qorxutdular. Ermənistan kiçik ölkədir, yüz nəfər öləndə toplumun hər kəsiminin itkisi olur".

Sentyabr hadisələrindən sonra Ermənistanın Rusiyadan üz döndərib, ABŞ-a yaxınlaşmasını isə belə izah edib: "Ermənistanın sürətli şəkildə Amerikaya yaxınlaşması bəhs mövzusu deyil. Pelosi adlanan (söyüş söyür) ...- ın İrəvana gəlməsi heç nəyi dəyişməz. Mənim bildiyim Pelosi mənfəəti, rüşvəti olmadan bir addım da atmaz. Ermənistanın 1991-ci ildən bəri xəyalı həm mədəni bağlarla əlaqədə olduğu Qərblə, həm də Rusiya ilə yaxşı münasibətlər qurub hər iki türk dövlətinə qarşı arxasını sağlam yerə söykəmək olub. İki il əvvəlki savaş göstərdi ki, Qərb dünyasının zərrə qədər Ermənistanı dəstəkləmək fikri yoxdur. Rusiyadan başqa Ermənistanın söykənəcəyi heç bir dövlət yoxdur. Varlığını və müstəqilliyini qorumaq üçün Rusiyaya məhkumdur".

Göründüyü kimi erməni toplumu arasında artıq həqiqətləri qəbul etməyin ən doğru addım olacağını düşünənlər var. Buna görə də Ermənistan nə ABŞ-dakı seçkilərə görə öz mənfəətini güdən pelosilərə, nə də qədim dostu Rusiyaya arxalanmadan Qafqazda sülh üçün Azərbaycanın tələblərini yerinə yetirməli, yekun müqaviləyə imza atmalıdır. Əks halda bu savaş hələ bir neçə il də davam edəcək.


Müəllif: Dilqəm Əhməd