30 Dekabr 2014 10:29
2 443
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elə deyil. O zoğal məsələsi qaldı keçmişdə indi zoğalın axtası da var, kompotu da, no-frost soyuducuda saxlanan təzə-təri də, turşusu da, mürəbbəsi də. Axtaran olsa, əksər evlərdə var. Olmayan bu məmləkət əhlinin gözütoxluğudu. Bax bu yoxdu, gerçəkdən yoxdu, bayram gəlsə də, gəlməsə də, adamların gözü acdı ki ac.

***


Amma bizim məmləkətin aclarına da şükür, ac olsalar da, gic deyillər. Dünyanın elə qəribə yerlərində elə mənasız adamlar var ki, özlərilə bir işim yox - vəzifə-mənsəb sahibidirlər, amma verdikləri qərarlar, sözün əsl mənasında, gic qərarlardır. Belə nəql eləyirlər ki, Şimali Koreyada artıq adamların adına da nəzarət etməyə başlayıblar. Dekabrın əvvəllərində yayılan məlumat bu idi ki, ölkənin lideri öz məmləkətində Vahid və Yeganə olmaq niyyətindədir. Adam istəmir ki, adaşı olsun - bu qədər. Dünyada bir mən olum deyir, bir də kor xəlifə. Rəsmi qərara görə, yeni doğulan uşaqların valideynlərinə övladlarına Çen İn adı qoymaq qadağan edilib. Və tək bu yox. İndiyədək Şimali Koreyada nə ki "Əhmədlər" vardı, yəni ölkə başçısının bütün adaşları adlarını dəyişsin gərək. Şimali Koreyada bircə nəfər Kim Çen İn olmalıdı, vəssalam. Yeri gəlmişkən, məmləkət başçısının adı da, soyadı da çox populyardır. Yəni bu hesabla ölkədəki kişilərin üçdə biri adını dəyişəcək, taleləri, bəxtləri də dəyişəcəkmi, onu bir Allah bilir.

O sirli ölkədə baş verənlərin xəbəri - misqal-misqal, qram-qram çıxır - bunu bilirsiniz. Ən son sızan informasiya bu ki, Kim Çen İn qəttəzə bir fərman da imzalayıb. Son xəbərə görə, 9 ay 9 gün 9 gecə gözü yolda intizarla uşaq gözləyən valideynlər körpələrinə yalnız can verə biləcəklər, təzə doğulan bütün balacaların adını isə hökumət üzvləri qoyacaqlar. Hünərin var istəmə, görüm necə istəmirsən. Və daha bir məqam - "orijinal" dövlət başçısı bu qərara elə-belə, lapdan gəlməyib. Hələ Qədim Çində də dövlət başçısının adını kiməsə qoymaq qadağan edilibmiş. O - tək olmalıdır, yeganə və təkrarolunmaz.

***

Dünyanın gic işlərindən danışdıq, indi də keçək acların söhbətinə. Ac kimdi? Bizim bayram fürsətindən faydalanmaq istəyən nuvorişlər. Bu, həmin nuvorişlərdir ki, fürsət tapan kimi yumurtadan da yun qırxmaq fikrinə düşürlər. Bir qayda olaraq bayram gələn kimi qiyməti qaldırırlar kəllə-çarxa. O da ola Yeni il bayramı. Ki bu ərəfədə varlı-kasıblığından asılı olmayaraq hər kəs istəyir ki, məclis qurub şadlansın. Bəlkə bir gecənin ovqatı bütün ilə də yansıya, bəlkə uğur gətirə, xeyirli-düşərli ola. Və başqa bir məqam. İndi böyük əksəriyyət bir-birilə bəhsə girir. "Qonşudan qalma dala" prinsipi hamının kələyini kəsib. Elə bahalı restoranlara, "bərk gedən" istirahət mərkəzlərinə axının olması da məhz bununla bağlıdır. Əslində, bəhsə-bəhs edənlərin də əksər çoxluğu elə nuvorişdir. Amma təsirə düşən, dəstədən fərqlənmək istəməyən də çox olur, yəni qurunun oduna yaş da yanır. Həm də necə! Ən gülməli vəziyyət məhz bölgələrdəki istirahət mərkəzlərilə bağlıdır. Kiçik bir araşdırma mənzərəni dəqiqliyilə göstərir. Mən deyim, siz təəccüblənin. Demək yeni il gecəsini restoranda keçirmək istəyənlər adambaşına 100 manat ödəməli olacaqlar. Üstəlik iki nəfərdən ibarət ailə ikicə gecə istirahət mərkəzində qalmaq istəsə, gərək düz 900 manat ödəsin. Özü də uzaq Qax rayonunda. Bu vəsaitə nə yemək daxildi, nə başqa bir əyləncə. Sadəcə, gecələmək üçün. Necədi sizinçün? Xırda bir xatırlatma. Elə həmin vəsaitə düz İstanbulun özünə gedib-gəlmək mümkündü, aviabilet və ucuz bir oteldə səhər yeməyi də daxil. Qonşu Tiflisdə isə nə 900, lap elə 500 AZN xərcləməklə rahat dincələ bilərsiniz. Yetər ki, gözünüz açıq olsun. Və tur seçərkən də bizim şirkətlərlə yox, birbaşa xaricdəki konkret məkanlarla əlaqə qurun. Bu zaman xərciniz daha az çıxacaq.

***

Ağıllı müştəri hər zaman nə istədiyini və nə elədiyini yaxşı bilir. Və əslində, ağıllı ticarətçi qiyməti qaldırmaqdansa, cüzi olaraq salsa, bununla da müştərilərin diqqətini çəksə, həmin məkanın qonaq-qarası da çox olacaq, real gəlirləri də. Təəssüf ki, bunu düşünmürlər. Qazanı dolduracaq, süfrəni bəzəyəcək qədər çox şeyimiz var. Nuvorişlərin acgözlüyü imkan versə, bayramı da hərə özünə uyğun qeyd edər - yorğanına müqabil.


Müəllif: Afaq Vasifqızı